İdman

Gözlər bu gecə Bakıda və Salonikidə olacaq – "Qarabağ" və "Qəbələ" - davam-tamam matçı

3-11-2016, 17:24
Bu gecə futbol üzrə Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək. 

Avropanın əksər ölkələrində saatların əqrəbi 1 saat geriyə çəkildiyindən, matçlar Bakı vaxtı ilə bir saat gec başlayacaq. Bu turun daha bir özəlliyi isə odur ki, bir sıra komandalar 1/16 finala vəsiqəni rəsmiləşdirmək şanslarına malikdir. 

Musavat.com xəbər verir ki, onlardan Rusiya "Zenit"i evdə uduzmayacağı halda, istəyinə nail olacaq. Hollandiya "Ayaks"ı ilə Almaniya "Şalke"si isə "pley-off"a vəsiqəni rəsmiləşdirmək üçün mütləq qalib gəlməlidir. Ukrayna "Şaxtyor"una isə heç-heçə də sərf edir. Donetsk klubu qalib gələcəyi halda qrupda 1-ci yeri də təmin edəcək.

Bəzi komandalar isə artıq bu tur qrupdan çıxmaq şanslarını itirə bilərlər ki, onlar arasında "Qəbələ"nin də olması mümkündür. Bunun baş verməməsi üçün Roman Qriqorçukun baş məşqçi olduğu komanda Fransa "Sent-Etyen"i ilə Bakıdakı görüşdə uduzmamalıdır. Bu gün eyni zamanda digər təmsilçimiz "Qarabağ" səfərdə "PAOK"-la qarşılaşacaq.

Klublarımızın matç öncəsi şanslarını dəyərləndirmək üçün idman jurnalistləri arasında sorğu keçirdik. 

İlkin Sultanlı: "Hər iki komandamız xal qazanmaq iqtidarındadır. "Qəbələ" doğma meydanda oynayacaq. Buna görə də qalib gəlmə şansı var. Ötən matç göstərdi ki, rəqib o qədər də güclü deyil. Şimal təmsilçisi daha güclü "Lill"i mübarizədən kənarlaşdıra bilibsə, "Sent-Etyen"i də uda bilər. Qrupdan çıxmağı hədəfləyən "Qarabağ" isə mütləq xal qazanmalıdır. Əks halda işini çətinə salacaq. Ağdam təmsilçisinin səfərdən qələbə ilə dönəcəyinə ümid edirəm". 

"Azarkeş dəstəyi öz sözünü deyə bilər"

Elsevər Məmmədov: "Başlayaq "Qarabağ"dan. Hamımız bilirik ki, Ağdam klubunun şansları daha çoxdur. Qrup mərhələsini aşmaq üçün imkan var. Bunun üçün "PAOK"-a məğlub olmamaq lazımdır. Qurban Qurbanovun komandasının səfərdə xal qazanmaq şansı çoxdur. Ən azından məğlub olmayacaqlarını düşünürəm. "PAOK"-u elə də güclü rəqib saymaq olmaz. Bakıdakı oyunda "Qarabağ" göstərdi ki, bu komandadan rahat xal ala bilər. Təmsilçimizə yalnız Salonikidəki atmosfer mane ola bilər. Yunan azarkeşlərin dəstəyi hər zaman digər ölkələrdən fərqlənir. Buna görə, "PAOK" daha çox istəkli olacaq. Azarkeş dəstəyi öz sözünü deyə bilər. Amma Qurban Qurbanov da gözəl bilir ki, bu qrupdan çıxmaq üçün bu oyunda mütləq xal qazanmaq lazımdır.

"Qəbələ"yə gəlincə, Avropanın top ölkələrinin komandaları ilə oynayarkən biz həmişə matçlara 1:0 geridə başlayırıq. Çünki hamı dərk edir ki, bu ölkələrin klublarına qalib gəlmək möcüzəyə bərabər bir şeydir. Amma zədəli futbolçuların heyətə qayıtması və "Sent-Etyen"in məğlubedilməz komanda olmamasını nəzərə alaraq xal gözləmək olar. Yəni "Qarabağ" bu komandada səfərdə belə xal alıbsa, eyni sistemlə oynayan komandadan ən azı 1 xal qoparmaq mümkündür".

"İlk 15-20 dəqiqədə təzyiqə tab gətirib, qol buraxmasa"

Zaur Xudiyev: ""Qarabağ"ın PAOK-la çətin səfər oyunundan heç olmasa, bir xalla dönməsini çox arzulasam da, reallıq bunu çox çətin olacağını göstərir. Belə ki, ağdamlıların artıq ardıcıl 7 oyundur davam edən səfərdə qələbəsizlik sindromu, əsas heyət oyunçularının zədəli olması, hətta oynayacaq olsalar belə, yetəri qədər oyun praktikalarının olmaması, "PAOK" kimi öz meydanında ikiqat əzmlə, olduqca aqressiv oynayan bir komanda ilə qarşılaşmalarını və yerli azarkeşlərin istənilən rəqibə təsir etmək gücündə olduğunu nəzərə alsaq, bu reallığı anlamaq olar. Ancaq bu, o demək deyil ki, Qurban Qurbanovun yetirmələri səfərdə məğlubiyyətə məhkumdur. Aydın məsələdir ki, bu matça son şans kimi baxan yunanlar nəyin bahasına olursa-olsun qalib gəlməyə çalışacaqlar. Ehtimal etmək olar ki, hakimin start fiti ilə bərabər rəqibin axınları da başlasın. İlk 15-20 dəqiqədə təzyiqə tab gətirib, qol buraxmasa, sonradan daha da əsəbiləşən rəqibi əks-hücumda tutub qol da vurmaq, ən pis halda heç-heçə ilə dönmək olar. Yox, əgər ilk qolu bizimkilər buraxsa, cavab vermək çox çətin olacaq. 
"Qəbələ" haqqında isə birmənalı şəkildə danışmaq çətindir. "Qırmızı-qaralar"ın qrupda heç bir qələbəsi olmasa da, doğma meydan amili insanın beynində "bəlkə", "ola bilərmi?", "niyə də yox?!" kimi suallar yaradır. Üstəlik, zədəli oyunçulardan ikisi artıq heyətə geri dönüb. Həmçinin  Roman Qriqorçukun yetirmələri bu mövsüm evdə keçirdiyi bütün Avrokubok oyunlarında qol vurmağı bacarıblar. Hətta bura "Lill", "Maynts" kimi böyük beşlik təmsilçiləri də daxildir. "Böyük beşlik" demişkən, "Qəbələ" artıq "Lill"in timsalında bir böyük çempionat təmsilçisinə qalib gəlmək bacarığını göstərib. Deməli, təmsilçimizdən heç olmasa 1 xal gözləməyə dəyər. Daha yaxşısına da yox demərik".

Məhəmməd TÜRKMƏN
Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]