Ölkə

Sumqayıt təhsilində qara kabus: təhsil müdirəsinin sabotaşı və ya müəllimlərin üsyan hazırlığı

25-10-2016, 01:47
Məlum olduğu kimi, Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun bu posta təyinatından sonra ilk qəzəbə tuş gələn təhsil sahəsi oldu. Uzun müddət təhsil sistemində çalışan və böyük nüfuza malik Vaqif müəllim bu vəzifədən kənarlaşdırıldıqdan sonra çoxları "Gənclər şəhəri”nin təhsilində inqilabi dəyişikliklər olacağını düşünürdü. Amma… Maraqlıdır ki, Sumqayıt şəhər təhsil şöbəsinin müdiri vəzifəsini daşıyanlar ancaq "qonaq” qismində möhtəşəm kresloda əyləşməli olurdular. Yəni Vidadi Bağırovdan sonra bu kabinetə qədəm basanların heç biri adını çəkdiyimiz keçmiş müdir qədər uzun müddət burada qərarlaşa bilmədilər. Bir sözlə, gəldilər, getdilər… Nəhayət bu ilin aprel ayında Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin olundu. Belə ki, Ruhiyyə İsabala qızı Tağıyeva şəhər təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olundu. Məlumat üçün bildirək ki, bu təyinata qədər R. Tağıyeva Sumqayıt şəhər 24 saylı orta məktəbin direktoru vəzifəsində çalışıb. Əvvəllər isə 15 saylı məktəbdə direktor müavini olub. Yeri gəlmişkən cumhuriyyet.az olaraq onu da qeyd edək ki, Sumqayıt təhsilinə Ofelya Babayevadan sonra ilk dəfədir ki, xanım müdir təyin olunur. Belə ki, son 20 ildə ilk dəfə olaraq Sumqayıt təhsilinə xanım müdir rəhbərlik edəcək.
Qalmaqallı pedaqoq, müəmmalı təyinat…
Sumqayıtın yeni təhsil şefi R.Tağıyevanın bu posta təyinatına qədərki proses və bu şəxsin vəzifə sahibi olması da maraqlı prosesdi. Belə ki, Qərbi Azərbaycanın Krasnoselo rayonun Gölkənd kəndindən olan əməkdar müəllim Vaqif Ələkbərovu Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsindən ləkələyərək çıxardıqdan sonra bu posta təyinat alan hazırda Sumqayıt təhsilinə rəhbərlik edən Ruhiyyə Tağıyevanın da pedaqoji tərcümeyi halı qüsursuz deyil. Belə ki, Sumqayıt şəhərindəki mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumata görə, xanım pedaqoq bir müddət əvvəl rüşvətlə "ilişib” amma onun prokurorluq orqanlarında çalışan yaxınları hesabına bu olay ört basdır edilib. Cumhuriyyet.az olaraq bu istiqamətdə araşdırmalarımızı davam etdirəcəyik
Xanım müdirə sələflərinin bəhrəsindən qidalanır…
Sumqayıt pedoqoji kollektivində xüsusi nüfuza və çəkiyə malik olmayan R.Tağıyeva nə qədər maraqlı olsa da ilk uğurunu özündən əvvəlkilərin, özü də ciddi tənqid olunan .əxslərin fəaliyyəti üzərində qurdu. Belə ki, bu dərs ilinin əvvəlində, sentyabrın 8-də Sumqayıt şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Ruhiyyə Tağıyeva "2015-2016-cı dərs ilinin yekunları və qarşıda duran əsas vəzifələr” mövzusunda geniş məruzə edib. Cəmi bir il əvvəl icra başçısının sərt tənqid etdiyi dövrə istinadən təhsil şefi ötən dərs ilinin şəhərin təhsil işçiləri üçün əlamətdar olduğunu bildirib: "İbtidai təhsil səviyyəsinin son pilləsi olan IV sinif şagirdləri üçün 3 mərhələdən ibarət monitorinq keçirilmiş, şəhər üzrə riyaziyyat fənnindən xüsusi istedadı ilə seçilən və ən yüksək nəticə göstərmiş 10 şagird "Qızıl onluq”a daxil edilmiş, həmin şagirdlərə və onların müəllimlərinə fəxri fərman və qiymətli hədiyyələr verilmişdir. Ötən dərs ilində IX siniflər üzrə keçirilən buraxılış imtahanında şəhər üzrə müvəffəqiyyət göstəricisi təxminən 2 faiz artaraq 83,4 faiz olmuşdur. 2015-ci il 16-20 dekabr tarixində Sumqayıt şəhəri üzrə diaqnostik qiymətləndirmədə 4002 müəllim iştirak etmiş, onlardan 3979-u (99,4%) müvəffəq nəticələr göstərmişdir. 2016-cı il ali məktəblərə tələbə qəbulu nəticələrinə əsasən şəhər üzrə məzunların 61%-i tələbə adını qazanıb ki, bu da ötən illə müqayisədə çoxdur. 500-dən çox bal toplayan məzunların xüsusi çəkisinin 13,4%-dən 15,9%-ə, 600-dən çox bal toplayanların isə 5,1%-dən 6%-dək yüksəlməsi Sumqayıt təhsilinin uğurudur” Məruzədə R.Tağıyeva bildirməsə də bütün bu uğurların onun fəaliiyətinə heç bir aidiyyatı olmadığı hər kəsə bəllidir. Bu uğurlarda daha çox pay bu gün R.Tağıyevanın postuna görə minnətdar olduğu şəxsin qərəzli tənqidlərinə tuş gələrək vəzifədən alınan əməkdar müəllim Vaqif Ələkbərovun xidmətləri danılmazdır.
Rüşvət ayaq da tutur, yeriyir də…
Sumqayıt şəhər Təhsil şöbəsinin müdirinin fəaliyyəti ilə bağlı da ilginc iddialar var. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda rastlaşdığımız məlumatları diqqətinizə çatdırırıq: "Ən dəhşətlisi isə şöbə müdiri şəhərin təhsil sahəsində çalışanların "dərisini soyması”dır. Şöbə müdiri son zamanlar məktəb direktorları vasitəsilə rayon təhsil işçilərindən kütləvi pul yığımına başlayıb. Bunun qarşılığında isə səlahiyyət sahibi özbaşınalıqlarına don geyindirərək təhsil naziri Mikayıl Cabbarovun adından istifadə edir. Məlumatlara görə, Ruhiyyə Tağıyeva məktəb direktorlarına bildirib ki, rayonun təhsil sahəsindən və məktəblərdən əldə edilən gəlirlər hesabına nazirliyin aylıq "taksasın” ödəməklə istədikləri özbaşınalıqları həyata keçirə bilərlər. Şəhər məktəblərinin birində çalışan müəllimin verdiyi məlumata görə, əslində bu gün təhsildə köklü islahatların aparıldığı görüntüsü yaradılsa, təhsil ocaqlarında kosmetik təmir işləri aparılsa da, mövcud problemlər nəinki azalıb, hətta şöbə müdiri Ruhiyyə Tağıyevanın səyi nəticəsində rüşvət tarifləri bir qədər də artıb: "Adi uşağını orta məktəbə qoymaq üçün vətəndaşlardan 800-1500 manat civarında pul tələb olunur. Əgər övladını məktəbə qoymaq üçün həmin məbləğin düzəldilməsində zəruri ehtiyyac yaranarsa, qiymətlər kasıbın imkanları daxilindən çıxılır və ondan cəmi 500 manat alınır”. Bundan əlavə Sumqayıtda bütün bu baş verənlərdən Təhsil Nazirliyinin xəbəri olmadığını iddia edən mənbə bildirir ki, rüşvət yığımını nazirliyin müvafiq strukturu tənzimləyir və tarifləri müəyyənləşdirir. Bu isə yığılan vəsaitin bir hissəsinin məhz nazirliyə getdiyini söyləməyə əsas verir: "Burda il ərzində dövr edən vəsaitin miqdarı isə milyonlarla manatla ölçülür. Bu vəsaitin nə qədərinin şöbə müdirinə qaldığı, nə qədərinin "yuxarı” ötürüldüyü məlum olmasa da, şəhər Təhsil şöbəsinin fəaliyyəti araşdırılsa müəyyən nəticələr çıxarmaq olar. Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Ruhiyyə Tağıyeva təhsil sitemində bir çox üsullara əl atıb. Şöbə müdiri ixtisası olmayan şəxsləri də aidiyyatı olmayan sahələrə yönəltdirir. Əlbətki bu elə-belə başa gəlmir. Təbii ki, şöbə müdirinin "yuxarı”ya verdiyi pulları çıxarmaqdan ötrü qanunsuzluqlara yol verir”.
Sabotaj, yoxsa…
Bu günlərdə redaksiyamıza Sumqayıt təhsili ilə bağlı yeni məlumat daxil olub. Həmin məlumatda Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Ruhiyyə Tağıyevanın məktəb direktorlarına qeyri rəsmi göstəriş verib ki, həmin göstərişdə xeyli sayda müəllimin ixtisarı nəzərdə tutulur. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə həttə elə məktəb var ki, burdan 20-dən artıq müəllimin ixtisarı nəzərdə tutulub. Maraqlıdır ki, təhsil şöbəsinin xanım müdirəsi bütün bu ixtisarları büdcədən təhsil üçün ayrılan vəsaitin azlığı ilə əlaqələndirir və bütün məsuliyyəti məktəb direktorlarının üstünə buraxır…
Mövzunu diqqətdə saxlayacağıq…
Elçin Əmirov, Cumhuriyyet.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]