Ölkə

GDU-da hicablı tələbələrə girişi Elmar Vəliyev qadağan edib? -ARAŞDIRMA

24-10-2016, 23:04
Əfsanə Quliyeva: "Təhsil Nazirliyinə dəfələrlə müraciət eləsəm də, hələ bir reaksiya yoxdur” 
Azərbaycanın ikinci ən böyük şəhəri, "Avropanın gənclər paytaxtı” Gəncədə hicablı tələbələr ali məktəbə, daha dəqiq desək, Gəncə Dövlət Universitetinə buraxılmır. 
Dünyanın bir çox qabaqcıl universitetlərində hicablı tələbələrə qarşı diskriminasiya olmadığı halda, Gəncə Dövlət Universitetinin (GDU) rəhbərliyi tərəfindən atılan bu addım oxucularda və cəmiyyətdə də təəccüb doğura bilər. 
Oktyabrın 20-də Qafqaz Xəbər Agentliyinə müraciət edən GDU Riyaziyyat-İnformatika fakültəsinin 4-cü kurs tələbəsi, Laçın rayonundan məcburi köçkün Əfsanə Quliyeva bildirib ki, o və bir neçə hicablı tələbə universitetə buraxılmır. 
Onun sözlərinə görə, bəzi hicablı tələbələr hicabı açmağa məcbur olub, bəziləri də tanışlıq əlaqələrinin hesabına  dərsə gəlib-getməyə davam edirlər. 
Ə.Quliyeva 2-ci kursdan hicab bağladığını bildirdi: "Bu, mənim öz seçimimdir, mənə ailəm tərəfindən də hər hansı təzyiq olmayıb. Əvvəl qarışmırdılar, lakin keçən dərs ilinin sonlarından başlayaraq, bizə təzyiq edirlər. Bu ilin əvvəlindən etibarən isə münasibət daha da sərtləşdirilib və qapının qarşısında duran mühafizəçi içəri buraxmır. Hətta mühafizəçi gəlib məni auditoriyanın qarşısından geri qaytarır ki, sənə dərsdə oturmaq olmaz. Gah deyirlər ki, Gəncə ŞİH başçısı Elmar Vəliyevin göstərişidir, gah da təlim-tərbiyə işləri üzrə prorektor Gülsüm xanımın göstərişi olduğunu deyirlər”. 
Əfsanə Quliyeva bizə video da təqdim edib və həmin videoda mühafizəçi açıq-aşkar şəkildə deyir: "Başçının göstərişidir”. 
Prorektor Gülsüm Fətəliyeva isə Qafqaz Xəbər Agentliyinin rusdilli Kavkaznews.az saytına bildirib ki, hicab taxan tələbələr artıq hicabı çıxarıblar. O, hər hansı qadağanın olmadığını və bu təşəbbüsün özündən gəldiyini bildirib. Lakin G.Fətəliyevanın bu sözləri də diqqəti çəkməyə bilməz: "Əgər bu, onların öz seçimidirsə, onda mollaxanada oxusunlar”. 
GDU Riyaziyyat-İnformatika Fakültəsinin dekan müavini Sona Əsgərova bildirib ki, "hicab daşımağa qadağa GDU-nun rektorluğundan gəlib”. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə vurğulayıb ki, Azərbaycan Konstitusiyasında hicabla bağlı heç nə deyilmir, bu və ya digər geyim tərzinə isə qadağa yoxdur. 
Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Sədi bildirdib ki, hər kəs geyimində azaddır: "Mənə GDU-nun daxili qaydaları məlum deyil, amma qeyd etmək istəyirəm ki,insana nəyi geyinib-geyinməməyi barədə göstəriş vermək olmaz”. 
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə məsələni şərh etmək istəməyib: "Qoy Əfsanə Quliyeva nazirliyə müraciət etsin”. 
Lakin Əfsanə Quliyeva Qafqaz Xəbər Agentliyinə bildirdi ki, artıq nazirliyə müraciət edib: "Təhsil Nazirliyinə dəfələrlə müraciət eləsəm də, hələ bir reaksiya yoxdur”. Biz GDU-nun rektoru Yusif Yusifova iki gün ərzində dəfələrlə zəng etsək də, zənglərimizə cavab verən olmadı. 
Biz Ə.Quliyevanın təqdim etdiyi videoda "başçının göstərişidir” sözlərinin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını araşdırmaq üçün, Gəncə ŞİH başçısının müavini –İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevda Qurbanəliyeva ilə əlaqə saxladıq. "Siz niyə rektordan soruşmadınız bu haqda?”, – deyə S.Qurbanəliyeva bizdən soruşdu. 
"Əməkdaşlarımız Gülsüm Fətəliyeva ilə danışıb. Amma Yusif Yusifov zənglərimizə cavab vermir”, – deyə qeyd etdik. 
"Gəncə Şəhər İcra Hakimiyyətinin belə bir qərarı və ya tapşırığı yoxdur. Mən özüm rektorla danışaram. Bu yalnış söhbətdir”, – deyə S.Qurbanəliyeva bildirdi. 
"Ümumiyyətlə, sizin bu məsələyə münasibətiniz necədir? Hicablı xanımların ali təhsil müəssisəsinə buraxılmaması düzgündür?” – deyə Qafqaznews.az dəqiqləşdirmək istədi.

"Orda elə qərar yoxdur. Gəncə "Avropa gənclər paytaxtı”dır və bu şəhərdə hər bir kəsin hüquqları qorunur. Mən məsələni araşdırıb sizinlə əlaqə saxlayaram”, – deyə Gəncə ŞİH başçısının müavini cavab verdi. Biz bu danışıqdan sonra, yenə də Sevda Qurbanəliyeva ilə əlaqə saxlamağa çalışdıq, lakin bizim zənglərimizə cavab verən olmadı. 
Sözardı: sözügedən videonu saytımızda yayımlamırıq, amma müvafiq qurumlara təqdim etməyə hazırıq. 
Rüfət Əhmədzadə 

Administratorla əlaqə

077 611-55-22

[email protected]