Siyasət

Qarabağa görə Avropadan diplomatik həmlə - Brüssel tələsir, Moskva isə...

24-10-2016, 21:27

MQ vasitəçiləri ilə eyni vaxtda Avropa Birliyinin xüsusi elçisinin Bakı və İrəvana başlayan səfərinin pərdəarxası; gələn il işə düşəcək Cənub Qaz Dəhlizi konfliktin həllində real irəliləyiş və müharibə riskinin sıfırlanmasını diktə edir - həm də tezliklə... 

 

Sabah - oktyabrın 25-də Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Zalber 3 günlük səfərlə Azərbaycana gələcək. Bakıda onun ölkə rəhbərliyi ilə görüşləri planlaşdırılır. Məlumatlara görə, görüşlərdə əsas müzakirə mövzusu AB-Azərbaycan əlaqələri və Dağlıq Qarabağ problemi olacaq.


AB rəsmisi Bakıya İrəvandan gələcək. Zalber ötən həftəsonu artıq İrəvanda Ermənistan prezidenti Serj Sərkisyanla bir araya gəlib. Sərkisyanın mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə əsasən Qarabağ problemi ətrafında fikir mübadiləsi aparılıb. "Prezident Sərkisyan Zalberi əmin edib ki, erməni tərəfi regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi naminə konstruktiv addımlara hazırdır. 

Ermənistan prezidenti həmçinin Qarabağ konfliktinin dinc nizamlanması məqsədi ilə AB-nin etimad atmosferi yaratmağa yönəlik səylərini yüksək qiymətləndirib”, - deyə Sərkisyanın mətbuat xidməti bildirib.

Qeyd edək ki, AB-nin xüsusi nümayəndəsi Ermənistanda vətəndaş cəmiyyəti nümayəndələri ilə, o cümlədən sərhədyanı rayonların sakinləri və Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçisi ilə də görüşüb. Bu da sözsüz ki, qurumun Qarabağ məsələsinə artan həssasiyyətindən xəbər verir.

Image result for European union karabagh

*** 
Diplomatın ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri ilə eyni vaxtda bölgəyə təşrif buyurması diqqət çəkməyə bilməz. O da diqqətçəkicidir ki, AB-nin rəsmi elçisi Qarabağdakı separatçı rejimin nümayəndəsi ilə - qondarma qurumun "xarici işlər naziri” Karen Mirzəyanla Xankəndində yox, İrəvanda görüşüb. Bu da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təşkilatın sayğı jesti sayıla bilər. 

Image result for European union

Bütövlükdə, Avropa Birliyi münaqişənin həllində Rusiya və ABŞ qədər söz sahibi olmasa da, vasitəçiliyə qatılmasa da, məsələdə kifayət qədər obyektiv mövqeyi ilə seçilir. Bunun özü Azərbaycan üçün böyük və prinsipial həmiyyət daşıyır - həm də o səbəbə ki, Qərbin ən ciddi iqtisadi-maliyyə və siyasi qurumu sayılan AB eyni zamanda dünyanın güclü maliyyə imkanlarına malik mötəbər təşkilatlarındandır. Qurumun dünya siyasətindəki söz sahibliyi də öz yerində.

Yada salaq ki, AB-nin əsas orqanı - Avropa Parlamenti bir neçə il öncə Ermənistanı işğalçı ölkə kimi tanıyan sənəd- qətnamə qəbul edib. Bu ilin əvvəllərində Bakıda olan AB-nin xarici siyasət məsələləri üzrə ali komissarı Federiko Moqerini isə analoji mövqeyi növbəti dəfə təsdiqləmişdi - ölkəmizin ərazi bütövlüyünə təşkilatın dəstək verdiyini bəyan eləməklə. 

Bu xüsusda Zalberin Azərbaycan və Ermənistan səfərləri Dağlıq Qarabağ probleminin həllində AB-nin mühüm subyekt kimi iştirakının nə dərəcədə vacib olduğunun nümayişi sayıla bilər. Unutmaq lazım deyil ki, Avropa Bitliyi konfliktin həllində anlaşma əldə olunacağı təqdirdə münaqişə zonasının reabilitasiyası və iqtisadi dirçəlişi üçün tərəflərə böyük maliyyə yardımı göstərməyə hazır olduğunu da bəyan edib.

Image result for European union karabagh

İstisna deyil ki, Brüssel həmçinin Avroatlantik məkanın ən qaynar məntəqələrindən olan və AB ilə birbaşa sərhəddə yerləşən və son günlər daha da gərginləşən Ukrayna böhranın fonunda postsovet məkanında ikinci potensial müharibə ocağı - Dağlıq Qarabağ ətrafında durumu özü üçün dəqiqləşdirmək istəyir. Sülh və müharibə şanslarının nə dərəcədə ciddi olduğuna əmin olmaq niyyətindədir. Bunun ardınca Avropa Birliyi səviyyəsində Qarabağ mövzusunun təzədən gündəmə gələcəyini istisna etmək olmaz.  

***
Hər necə olmasa, Azərbaycan özünün bənzərsiz geosiyasi mövqeyi, energetik potensialı, multikultural özəlliyi ilə AB üçün Ermənistandan qat-qat böyük dəyər daşıyır. Söhbət xüsusən də ölkəmizin "köhnə qitə” üçün energetik əhəmiyyətindən, o sırada Avropanın qaz təchizatında Rusiya asılılığını azaltmaq üçün Azərbaycan qazını Avropa bazarlarına çatdıracaq yeni qaz kəmərlərindən, Cənub Qaz Dəhlizi layihəsindən (TANAP, TAP) gedir. Qarabağ münaqişəsinin qızışması isə gələn il işə düşməyə başlayacaq bu kəmərlərə ciddi təhlükə yaradardı. 

Image result for Herbert Zalber

Məsələ də ondadır ki, münaqişənin tezliklə və dinc həlli, müharibə riskinin aradan qalxması AB üçün olduqca mühüm önəm daşıyır. Bu üzdən qurumun xüsusi nümayəndəsinin Bakı və İrəvan səfərlərini Avropanın Qarabağla bağlı növbəti diplomatik həmləsi də adlandırmaq olar...

Bu yerdə yada salaq ki, az öncə ABŞ-ın nüfuzlu nəşrlərindən biri Kremlin postsovet məkanında 6 mümkün ssenarilərindən biri kimi Güney Qafqazdan keçib Avropaya ünvanlanan neft-qaz kəmərlərinə təhlükə yaratmaq planını qeyd etmişdi. Bu da məntiqlidir, çünki Moskva yaxşı fərqindədir ki, bölgə ölkələrini Avropa ilə, Avropa Birliyi ilə nə qədər çox iqtisadi-ticari tellər, neft-qaz kəmərləri bağlasa, bir o qədər onlar Rusiyanın asılılığından uzaqlaşmış olacaq. 

Kremlin potensial müharibə ocağı kimi Dağlıq Qarabağ ixtilafının həllinə xüsusi maraq göstərməməsinin bir səbəbi budur. Necə deyərlər, Brüssel tələssə də, Moskva əksinə - Qarabağ problemindən maksimum divident götürməyincə, vaxtı uzatmağa çalışır. Bakı isə əlbəttə ki, konfliktin həllinə real kömək edənlərin yanındadır.       

Administratorla əlaqə

077 611-55-22

[email protected]