Müsahibə

Hacı Tahir Abbaslı "Vəhabi hərəkətlərinin erməni idealogiyasına oxşarlığı var"...

17-10-2016, 00:25
Hacı Tahir Abbaslı: «Vəhabilərin daşıdığı idealogiyanın məqsədi insanları həqiqi islamdan uzaqlaşdırmaqdır». 

Azərbaycan artıq zaman-zaman qorxulu olan və qorxudulan dönəmlərini yaşamaqdadır. İllərlə nəzarətsizlik və baxımsızlıq şəraitində rişə verib kök atan missionerlərin boygöstərmə yetişib deyəsən. Son həftələrdə vəhabiliklə bağlı baş verən olayları və bu olaylara ictimai münasibəti, yəqin ki, gözləyənlər çox az idi. Lakin artıq olanlar olub və cəmiyyət təlaş içində, bundan sonra ola biləcəklərin həyacanını yaşayır. Bəs, görəsən bu həyacan və təlaşlara ehtiyac varmı və bundan sonra bizi nələr gözləyir? İslam demokrat partiyasının sədri Hacı Tahir Abbaslı ilə söhbətimizdə bu və digər suallara cavab tapmağa çalışdıq.

- Hacı, ölkəmizdə müəyyən kriminal yönlü ictimai-siyasi proseslər gedir və bu prosesləri həm vəhabiliklə, həm də islami fundamentalistliklə bağlamaq cəhdləri var. Sizcə bu iddiaların arxasında hər hansı həqiqət payı varmı və vəhabilik doğrudanmı Azərbaycanda belə təhlükəyə çevrilib?

- Bismilləhir rahmənir-rahim! Əvvəla deyim ki, sizin qoyduğunuz bu məsələ ciddi məsələdi və istər vəhabilik, istərsə də islam fundementalizmi ayrı-ayrılıqda ciddi təhlil olunmalıdır ki, bunların mahiyyətinin nə olduğu ortaya çıxsın. Əslində, cəmiyyətə təqdim olunan bu qaranlıq və nəsnələr, cəmiyyətdə inamsızlıq yaratmaq üçün düşünülmüş bir təməldir. Yəni burada söhbət, həqiqi islamı sevmək və bu məktəbi tanımaq yolunu azdırmaqdan gedir. Başqa sözlə, burada bir çox məsələlər varki, onları özümüz üçün aydınlaşdıra bilməmiz üçün, İslam dininin, bu barədə nələri aşıladığını bilməliyik. Biz bilməliyik ki, din və İslam nə deməkdir, hədəf nədir, vasitə nədir? Bu şeyləri ayırd eləmədikcə, biz vəhabilikdən danışsaq, vəhabiliyin kökünü axtarsaq, bir çox şeylər cəmiyyət üçün yenə qaranlıq qalacaq. Ona görə də əvvəl bəzi vacib məsələrə aydınlıq gətirmək lazımdır. İnsanın dünyaya gəlməsi, onun hədəfi Allaha bağlı bir məsələdir. İnsan isə, təkcə öz əqli, düşüncəsi ilə, mühit və cəmiyyətlə Allaha yetişə bilmək iqtidarında deyil. Ona görə də Allah zaman-zaman yer üzünə səmavi kitablar və peyğəmbərlər göndərib. Sonuncu belə kitab Qurani-Kərim, Peyğəmbər və Həzrəti Məhəmməd Əleyhissalamdır. Və Allah belə buyurub ki, peyğəmbər əxlaqı sizin üçün bir nümunədir və bu yolla, siz, mənə yetişə bilərsiniz. Yəni Peyğəmbərin və onun ailəsinin getdiyi yolu özlərinə örnək götürərək gedənlər Allaha yetişərlər. İslam dininin hədəfi deyəndə, bunu belə başa düşmək gərəkdir ki, İslam təkallahlılıq, din isə yol-yəni insanlara Allahı tanıma yolunu göstərən deməkdir. Beləki, insanın hədəfi Allaha yetişməkdirsə, din də o hədəfə yetişməkdə bir vasitədir. Və insanlar, cəmiyyətlər, o ilahi ədalətə, ilahi qanunlara riayət etdikcə, ixtilaflar, münaqişələr aradan götürülür, ədalət bərpa olunur, cəmiyyət də bir ədalətli idarəetmə sistemi ilə Haqqa-Allaha yetişir. özü də, Allah Peyğəmbəri göndərəndə güclülərin, pulluların yanına göndərmədi və "getməlisən, zəifliyin yanında durmalısan, onların qayğısına qalmalısan, istiqamət verməlisən" - dedi. Quran ayələrindən birində deyilir ki, "Mənim-yəni, Allahın-ipindən möhkəm yapışın ki, ta dağılmayasınız". Soruşanda ki, ya Rəsulallah, Allahın ipi nədir? Dedi ki, biri Qurandır, biri də mənim əhlibeyitimdir. Yəni deyilir ki, bu ikisindən bərk yapışın ki, bir ip yaxşıdırsa, iki ip ondan da yaxışdır. Din gərək qaranlıqlara işıq sala. Bu qaranlıqlar deyəndə, ölüm, ölümdən sonrakı həyat, Bərzəx aləmi, qiyamət günü, mələklər, ruh, şeytan, şeytanla mübarizə, nəfs və bunlar haqqında insanlar üçün qaranqlıq olan məqamlar başa düşülür. Quran da gəlib və insanlara öyrədir ki, bu qaranlıqlara vaqif olmanın yolu Peyğəmbər əhli-beytin yoludur və bu həm də bəşəriyyəti nicata aparan yoldur. Şeytan da kənardan baxıb görəndə ki, insanlar əhlibeyt yolu ilə gedərsə, onları aldatmaq mümkün olmayacaq və yer üzündə fitnə-fəsad yarada bilməyəcək. Ona görə də şeytan gözəgörünməz bir qüvvə kimi, nəfsani hissələri tərbiyə olunmamış insanların bu hissələrinə hakim kəsilərək, cəmiyyətdə anormal vəziyyət yaratmağa nail olur. Başqa sözlə, cəmiyyətdə fərdiləşmə gedir, insanların arasında ixtilaflar düşür, nəfsani istəklər ortalıqlara çıxır və bütün bu anormallıqlar böyüdükcə, qruplaşma, təbəqələşmə gedir ki, bu da digər təbəqələrlə düşmənçilik əmələ gətirir. Ancaq din şeytanla mübarizəni də, nəfsani hisslərin tərbiyyəsi yolunu da göstərir. Eyni zamanda çoxşaxəli, çoxistiqamətli hərəkətlər olur ki, bu da kompleks halında insanın yetişməsinə, kamala çatmasına xidmət edir. İnsan da kamala çatdıqca, vahidləşdikcə Allahı tanımaq asanlaşır, yəni insanın özü Allahdan yaranıb və Allaha doğru saf qəlblə və pak bir əqidə ilə gedir. Belə bir vəziyyətdə şeytan öz işləklərinin keçmədiyini görüb, bir para əməllər ortaya qoydu. Və bu zaman ortaya bir dəstə adam çıxıb söylədi ki, «Allah, Quran, Peyğəmbər və on iki imam». Yəni bunlar oldular şiə-Əli Əleyhissalam tərəfdarları. Başqa bir dəstə də ortaya çıxdı ki, Allah, Quran və Peyğəmbər bəsdir və on iki imam bizə lazım deyil. Yəni onların imamlar barəsində fikirləri belə oldu ki, onlar da bizim kimi insanlar olublar, dünyaya gəlib və gediblər. Başqa sözlə, şeytan dinin müqəddəsliyini başlayan varlıqları bir-bir aradan götürür. İndii də bir dəstə ortaya çıxa bilər ki, Allaha Quran bəsdir, bizə heç Peyğəmbər də lazıım deyil. Yəni bu şeytanın vəzifəsidir ki, mərhələli şəkildə, insanları dinindən, Quranından, həqiqət yolundan uzaqlaşdırsın. Bir sözlə, bu dəstələrin hamısı ayrı-ayrılıqda elə hesab edirlər ki, tutduqları yolun nəticəsi olacaq, Allaha yetişəcəklər və tutduqları istiqamətə doğrudur. 

- Yəni hərənin öz həqiqəti var, eləmi? 

- Bəli. İndidə xeyli zamandır ki, özlərini vəhabi adlandıran dəstələr ortaya çıxıb. Buna qədər islamda sünni-şiə məsələləri var idi və ixtilaflar da buradan o tərəfə keçmirdi. Belə bir vəziyyətdə elə bir dəstə əmələ gəlməli idi ki, həm sünnilərə, həm də şiələrə düşmən olsun. Beləliklə, 300 il bundan qabaq Abdulvahabin oğlu Məhəmməd bu işə başladı və vəhabilik artıq dini cərəyan kimi ortaya qoyuldu. Bunun da davamı olaraq, xirici emmisarlar bu işə pul ödədilər və bunlar özlərində yeni bir bidət gətirirdilər. Bunların hərəkətlərinin bəzi xristian dini cərəyanlarına, məsələn, ermənilərin dini ideologiyasına oxşarlığı var. Maddiyat yönündən baxanda isə, bu ideologiya daha çox kommunist ideologiyasın yaxındır. Məsələn, vəhhabilik ölümdən sonrakı həyatı, daha doğrusu, ölümdən sonrakı həyatda Peyğəmbərin varlığını tanımır. Başqa sözlə, vəhhabilərin daşıdığı ideologiyanın məqsədi insanları həqiqəti islam dinindən uzaqlaşdırmaqdır. Lakin onlar uzun müddətdir ki, Azərbaycanda buna nail ola bilmirlər, çünki burada İmam Hüseyn Əleyhissalamın məktəbi var və insanlar bununla neçə illər yaşayıblar, bir növ bu yaxşı əməlləri özləri üçün adət-ənənəyə çeviriblər. Yəni bu məktəbin ümumi təsirindən vəhhabilik Azərbaycanda inkişaf edə, cücərə, "kamil" bir qüvvəyə çevrilə bilmir. Və Azərbaycanda belə bir qüvvənin formalaşması hər zaman nəticəsiz qalacaq. Əvvəla bu vəhhabiliyin toxumunu o yerdə əkirlər ki, oarada kütləvi savadsızlıq olsun və cəmiyyət dinin, haqqın, batinin nə olduğunu bilməsin. Söhbət öyrətməkdən, yəni sünnilikmi, şiəlikmi yaxşıdır ideyalarını ortaya qoyan məktəblərdən gedir. Daha çox düşündürmək, daha çox insanları Allaha yaxınlaşdırmaq məktəbi olmalıdır. Məsələn, Azərbaycanın müsəlman əhalisinin təxminən 60 faizi şiə, 40 faizi isə sünnüdür. Bunlar da ən çətin vaxtlarda, dövlətçiliyin, ölkənin yaşaması naminə birləşdiriblər. Tarixdə Səfəvilər dövlətindən üzü bəri belə hallar kifayət qədər olub. İndinin özündə məsələ belə qoyulub ki, hər iki məktəbin öz alimləri var və bütün mübahisə və münaqişəli məsələlər də həmin alimlərin aralarında həll olunmalıdır. Hansı məktəbin təlimləri həqiqətə daha yaxındırsa, bunu da həmin alimlər cəmiyyətdə bir yerdə deməlidirlər. Amma indii barəsində danışdığımız qüvvə, yəni vəhhabilik bunların hər ikisinə düşməndir. Hətta ola bilsin ki, başqa dinlərə qulluq edənlər bunların düşməni deyil və yalnız burada düşmənçilik həm sünni, həm də şiələrə yönəldilib. Bir sözlə Azərbaycanda yaradılmasına cəhd olunan vəhhabilik məktəbinin kökü yoxdur. Neçə əsrlərdir ki, ata-anaları və əcdadları sünni və ya şiə olan insanları aldatmaq və öz məktəblərindən ayırmaq elə də asan iş deyil, mümkün də olmayacaq. Sadəcə bir dəstə var ki, say hesabı ilə kimlərinsə marağı ilə, pula və digər madiyatyönlü əməllərlə maraqlandırılaraq bu işə cəlb edilib ki, Azərbaycanda o görkəmi yaratsınlar. Baxın, həmin adamlar geyimlərinə, saqqallarına görə müəyyən məvacib alır, müəyyən marşrutlarla hərəkət edərək cəmiyyətin içərisində görünürlər. Ən başlıcası da, onlar islamda, dində olan müəyyən məsələləri çox əndrabadi şəkildə təqdim etmək missiyasını daşıyırlar. Bunu da ona görə edirlər ki, cəmiyyətdə həqiqi islama və dinə mümkün qədər çox nifrət yaransın. 

-Yəni dolasıyla İslamın adından istifadə edib, müəyyən qüvvələrin maraqlarını təmin edirlər… 

- Bəli, bunların, xarici görkəmlərini fərqli yönə salaraq hər yerdə seçilməklə, həm özlərinin guya çox olduqlarını göstərmək imkanları, həm də cəmiyyətdə hər şeyə aqressiv münasibətlər göstərmək, razılaşmamaq, qulp qoymaq, ittihamlarla çıxış etmək və s. kimi fitrətləri var. Yəni bunların hərəkətlərində nə elm, nə də ağıla söykənən təhlil var. Elm odur ki, yazılmış bir şeyləri əzbərləyirsən, ağıl isə odur ki, o şeyləri həm də təhlil edirsən. Başqa sözlə, bunların təhlil etmək imkanları yoxdur. Belə bir təbəqə artıq yaranıbdır və onlar müəyyən qüvvələrin marağındadır. O qüvvələrin ki, onlar Azərbaycanda dini və milli baxımdan sağlam nümunələr yetişdirəcək qüvvələrin ortalığa gəlməsini istəmirlər. 

- Azərbaycanda, sizin təşkilat da daxil, dini təmayüllü siyasi partiyalar, ictimai qurumlar, az qala bütün Qafqazı əhatə edən Şeyxülislamlıq institutu, ayrıca din məsələlərini tənzimləyən dövlət komitəsi də var. Bəs bunlar niyə bu qədər acizdirlər? 

- Azərbaycanda idarəetmə var, qanunvericilik var və ölkəmiz indi, dünyaya və Avropaya inteqrasiya olunubdur. Azərbaycan həm də istər yerləşdiyi geopolitik məkana, istərsə də özünün yeraltı və yerüstü sərvətlərinə görə çox ölkələrin, həmçinin də supergüclərin diqqət mərkəzində olan bir ölkədir. Üstəgəl də illərdir ki, müharibə vəziyyətindədir və torpaqları işğil olunub. Burada cəmiyyət özünün istədiyi proqramları həyata keçirə bilmir, xeyli iqtisadi problemlər, maarifləndirmə problemləri var. üstəlik də din haqqında məmurlardan tutmuş, ta aşağı səviyyələrə qədər olan əksər insanların məlumatları sıfır səviyyəsindədir. Və təəssüflər olsun ki, məmurların içərisində belələrinin sayı qədərindən çox-çox artıqdır. Yəni onların dinlə bağlı özlərinin nəyisə təhlil edib nəticə çıxarmaq imkanları yoxdur. Bu səbəbdən də, istənilən təriqətin ya məzhəbin təmsilçiləri, belə məmurlara istənilən sənədi də imzalatdıra, onlardan, pul qarşılığnda istənilən icazəni də ala bilərlər. Bəli, bizdə bu problemlər var. Bəzi məmurların isə bu sahədə ayrı siyasi və qeyri-siyasi maraqları da ola bilər və var. Məsələn, bir dəstə adam ifşa edə bilmək üçün, bu biri dəstənin qanunsuz fəaliyyətinə şərait yaradıb, onlardan istifadə edirlər. Bu kimi halların baş verməməsində maraqlı olan qüvvələr Azərbaycandan kənarda da kifayət qədərdilər. Yəni, bayaq obrazlı şəkildə "şeytanın qrupu" adlandırığım bütün dəstələrin və fərdlərin maraqları burada üst-üstə düşür və vəhdət təşkil edir deyə, bütün bu məsələlər bir belə qabarıq nəzərə çarpmır. 

- Bəs, Şeyxülislamlıq bu arada niyə passivdir? ..

- Gəlin birinci ona baxaq ki, Şexülislamın gücü nədir? Bunun ordusu yox, geniş imkanlara sahib olan təbliğat maşını yox, məktəbi yox və s. və ilaxır. Bir belə problemlərin içərisində bütün günahları Şeyxülislamda görə bilmərik ki? 

- Yox, əstafürullah, söhbət təbii ki, Şeyxülislamın özündən deyil, bütövlükdə Şeyxülislamlıq institundan gedir… 

- Bu gün Şeyxülislamdan fəaliyyətinə görə əla qiymətini istəmək bir az da anlaşılmaz fikir ola bilər. Yəni bu gün hamı evində rahat otursun və düşünsün ki, "Şeyxülislam bütün bu işləri görməlidir Prinsipi" ilə yaşamaq lazım deyil. Birincisi, maliyyə imkanları məhdudur, ikincisi də bayaq söylədiyim kimi ölkənin idarəetməsi və qanunvericiliyi var. Dinin dövlətdən ayrı fəaliyyət göstərdiyini də nəzərə almaq lazımdır. Bir də, indii Azərbaycana gəlmiş və ya gətirilmiş dini təriqət və məzhəblərin məqsədi, insanlardan islam dini kimi şəxsiyyət yetişdirmək deyil, sadəcə güclü pul hesabına öz istəklərinə çatmaqdır. Bu mənada kim nə qədər cəhd eləsə də, bir yox on nəfər Şeyxülislam olsa da, hətta bütün məmur körpüsü bu işlərə qoşulsa da onların qoyduğu maliyyənin qabağında heç nədir. Ancaq burada görüləcək və görülməsi vacib olan bircə iş var, bu da cəmiyyətin maarifləndirilməsidir ki, o, yaxşını pisdən seçə bilsin. Düzdür, çətindir, məsuliyyətlidir, amma bunu etməyin nəticəsi də mütləq olacaq. Həm də Azərbaycanda İslam dininin nümunələr var, axı. Əslində bu gün qürurlandığımız Azərbaycan adlı dövlətin təməl daşını da din qoyub. Yəni kim arxasını dinə söykəyib, qabağa düşübsə, o da öz dövlətini qura bilib. Amma bu gün Azərbaycanda başqa maraqları olan qüvvələr istəmir ki, insanlar maariflənsin, istəmirlər ki, insanlarda milli müqavimət formalaşsın. Azərbaycanda indiki vəziyyətdə, onsuz da birlik, bərabərlik anlayışları bir qədər arxa plana keçib və belə bir şəraitdə dağıdıcılıq toxumları səpib, onların cücərməsinə və boy atmasına çalışan həm daxili, həm də xarici qüvvələr var. 

- Siz həm də siyasi bir təşkilatın rəhbərisiniz və bu mənada son vaxtlar cərəyan edən siyasi proseslərə münasibətiniz necədir? Konkret olaraq, artan jurnalist həbslərinə necə baxırsınız? 

- Tutulmaq, həbs olunmaq hər təbəqə üçün var. Sadəcə jurnalistlərin həbsi çox nəzərə çarpır, çünki mətbuatda davamlı işıqlandırılır. Cəmiyyət də əslində formalaşma etibarı ilə insanlara bənzəyir. Və insanların bir yeri ağrıyanda o biri yerləri buna reaksiya verir. Jurnalistlər isə cəmiyyətin danışan dilidir və bu dili kəsmək cəhdi olanda, cəmiyyətin digər üzvlərini buna dərhal reaksiya verməsidir. 

- Yəni demək istəyirsiniz ki, jurnalistlərin indiki həbsləri cəmiyyətin danışan dilini kəsməkdir? 

- Belədir, amma bir də görürsən ki, dilin özü də yaxşı olmur və gərəksiz şeylər də danışır. Amma nə fərqi var ki, reallıq nədirsə, onu da danışan dili kəsmək, istər konkret insanları, istərsə də cəmiyyəti lal etmək, yəni dilsiz qoymaq cəhdidir. Onu da demək lazımdır ki, burada da xarici qüvvələrin maraqları görünür və onlar bir növ "dovşana qaç, tazıya tut" deyillər. Bir sözlə Azərbaycanda qəbul olunan qərardarın bir çoxu öz içindən deyil, kənardan olan diqtələrdən yaranır. Əslində bu gün demokratiya güclülərin əlində bir alətə çevrilib və güclülərə xidmət edən bir şeydir. Və bu demokratiya indiki halda zəiflərə dirçəlmək imkanı vermir, bu imkanı yaratmır. Yəni indiki demokratiya anormal bir demokratiyadır. 

- Demək Azərbaycanda demokratiya anlayından sui istifadə olunur? 

- Bəli, belə demokratiyadan daha çox yararlananlar varlılardır. Əslində bəzi güclər və güclülər demokratiyanı elə bir formaya salıblar ki, əgər hər hansı bir təbəqəni demokratiyayüa meyli olarsa, bu mütləq maddiyatla bağlı olmalıdır. Yəni, bunun da mənəvi bağlılıq, mənəvi hərəkətlər keçərsiz olub. Halbu ki, əsl demokratiya anlamında bu bağlılıq və hərəkətlər daha çox effekt verə və həm indiki, həm də gələcək nəsillərə xidmət edə bilər. Həmçinin də bu şərtlərdə Milli müqavimətin formalaşması və əsl xalq hakimiyyətinin qurulması daha ağrısız başa gələ bilər. Ancaq təəsfüf ki, indiki halda demokratiyaya da, elə mənəviyyatın özü də puldan və maddiyatdan daha çox asılıdır. Yəni kim ki, əsl demokratiya və saf mənəviyyat ortaya qoymaq istəyirsə, müttləq puldan və maddiyatdan korluq çəkməyənlərin qapısına getməlidir. 

- Partiyanız barədə bir az danışın. 

- Biz ruhani deyilik və istəyirik ki, Azərbaycan qütbləşmədən qurtulsun. Yəni Azərbaycanda bir idealoji xəttin formalaşmasına və "dedi mənə, dedi sənə" ideyasının ortadan götürülməsinə çalışırıq. Başqa sözlə, hesab edirik ki, kim hərəkət istəyirsə ona şərait yaradılmalıdır. Bu və ya digər şəkildə indiki mövcud qanunlar da belə hrəkətlərə imkan verir, sadəcə bu qanunların işlək hala gəlməsi təmin olunmalidir. Bu mənada, bəzi cinahlarda müşahidə olunan radikallaşma, bir-birini inkar etmə və sair kimi hallar gələcəkdə istər dinə, istər də dövlətə böyük zərbələr vura bilər. Biz də İslam Demkorat partiyası olaraq, deyirik ki, sünnü, şiə, demokrat, millətçi olmağından asılı olmayaraq, hamının qəbul etdiyi bir ortaq xətt tapılmalı və idarəçlik də kollegial formada həyata keçirilməlidir. Bu da gələcəkdə cəmiyyətin bütün təbəqələrini qane edən idarəçlik formasının yaranmasına qüvvə cəmiyyətin davamlı olaraq maariflənməsi işinə rəvac verməlidir. Bu gün Azərbaycanda ciddi qütbləşmə var, yəni hərə öz dəstəsini himayə edir və yerdə qalanları isə qəbul etmək istəmir. Həmçinin də, varlılar kasıblara nifrət edir, güclülərin zəiflərə münasibəti pisdir, hakimiyyətdə olanların aşağı təbəqələrlə rabitəsi yoxdur, dindar tamam ayrı bir qütbə çevrilib və s. Belə anormal bir təbəqələşmədə çıxış yolu tapılmırsa, cəmiyyətin gələcəyi yoxdur. Hərə özünə bir sahə özəlləşdirib və biz hələ də Azərbaycanda şahlıq xarizmasından, liderlik xarizmasından qurtula bilməmişik. Yəni burada kolleqial münasibətlər və hərəkətlərinə hörmət yoxdur. İslam Demokrat Partiyası da belə hesab edir ki, hər hansı hərəkətin arxasından bir lider ortaya çıxanda, o, səhvlər edir, fərdi iradəsini diqtə edir, bir sözlə şəxsiyyətə pərəstiş ortaya çıxır. Bütün bu şərtlərini və şəraitin olduğu bir zamanda İslam Demokrat Partiyası cəmiyyətin içərisindən çıxıb, İslama müraciət edir və yol istəyir. Biz istəyirik ki, bütün qütbləşmələr aradan çıxsın və eyni masa arxasında millətçilər, demokratlar, islamçılar, ruhanilər və s. otura bilsinlər ki, Azərbaycanın bütün qlobal problemlərinə ortaq baxış sərgilənsin. özü də bu hərəkətlər hakimiyyətə gəlmək hərisliyi ilə yox, məmləkətin və millətin problemlərini çözə bilmək istəyindən doğmalıdır. Əgər bu şeylər zamamnında baş verməsə və indiki proseslər bir müddət də davam etsə, ortaya anormal təfəkkürlə böyüyən bir nəsil çıxacaq ki, onun öhdəsindən heç bir iqtidar gələ bilməyəcək. Bizim ən böyük problemlərimiz ondadır ki, hamı cəmiyyətin xəstəliyini deyir, amma heç kim bu xəstəliyin müalicəsi barədə danışmır, buna cəhd də etmir. Bu xəstəliyin müalicəsi ilə məşğul olan bir dənə də siyasi təşkilat yoxdur. Ən ağır dərd isə odur ki, danışan və güya öndə getdiyini iddia edən isanların əksəriyyəti savadsızdır. Məsələn, bir vaxtlar cəlbediciliyinə görə, Müsavatın adını mənimsəyənlərin çoxunun müsavatçılığın nə olduğundan xəbəri yoxdur. Eləcə də digərləri. Bir iki liderin orda-burda nəsə danışması ilə məktəb olmur. İstənilən siyasi təşkilatın bir məktəbi olmalıdır. Bu mənada İslam dini bir örnəkdir və hamı da öz fəaliyyəti yönündə bu örnəkdən yararlanmağı bacarmalıdır. Son vaxtlar burada da hiss olunan və ümumi problemlərimizlə birgə ortaya çıxan xaos və anlaşılmazlığın nəticəsi olaraq vəhabilik kimi bəlalar meydana gəlib. özü də bayaq dediyim kimi Azərbaycanda vəhabiliyin Azərbaycanda gələcəyi yoxdur. Əslində bu bəla bizə Şimaldan, yəni Azərbaycanın içindəki vəhabilərdən daha çox, yəni, Rusiyanın bilərəkdən öz Cənubunda bəslədiyi vəhabilər tərəfindən ötürülür. Yəni Azərbaycanın içindəki vəhabilərdən daha çox, Şimaldan gələn vəhabiliyin qarşısını almağımız lazımdır. Başqa sözlə, əgər hər hansı təhlükə gözlənilirsə, bu təhlükə Azərbaycana hazırda Rusiya əraziləri olan və vəhabiliyin daha çox kök atdığı ərazilərdən gələ bilər...

23.12.2008

Sərdar Əlibəyli

Administratorla əlaqə

077 611-55-22

[email protected]