Yaşam

Homoseksualların öldürüldüyü ölkələr – bəs Azərbaycanda onlara nə edək?

15-10-2016, 17:25
Homoseksuallar getdikcə "boy verməkdədir”. Əvvəllər mühafizəkarlıqla qarşılaşan cinsi azlıqlar bu gün açıq-aşkarcasına, bər-bəzəkdə ictimai yerlərdə, küçələrdə gəzişə bilirlər. Cəmiyyətimizdə onlara tolerant yanaşmaqla bağlı təbliğat da aparılır. 

Təbii ki, bu əsasən paytaxt Bakıya aiddir. Rayon və bölgələrdə də cinsi azlıqların olması danılmaz faktdır. Lakin bölgələrdə bu məsələ daha çox gizlədilməyə çalışılır və bu cür şəxslərin rayon və ya kənddə yaşaması çox təhlükəli olur, cəmiyyətin qınağı onları başqa yerlərdə yaşamağa məcbur edir. Bir müddət bundan əvvəl bir qrup cinsi azlıq xüsusi bəyanatla çıxış edərək cəmiyyətdə diskriminasiya ilə üzləşdiklərindən şikayətlənmişdilər. Bu günlərdə isə elə paytaxtın özündə homoseksuallara hücum olmuşdu. Bir neçə gün öncə isə bir qrup şəxs metronun "28 May” stansiyasında homoseksuallara hücum etmişdi. Polis belə hirsli gəncləri sakitləşdirə bilməmişdi. Sonradan polisin müşayiəti ilə cinsi azlıqlar metro stansiyasından uzaqlaşdırılmışdı. 

Qeyd edək ki, homoseksualizm əvvəllər xəstəlik kimi qəbul edilirdi. Hətta bu günün özündə belə Azərbaycanda buna xəstəlik kimi yanaşanlar və bir çox hallarda onun müalicəsinə cəhd göstərənlər də var. Belə ki, övladlarının cinsi azlıq olduğunu bilən valideynlərin əksəriyyəti məcburi onları həkim nəzarəti altına salmağa çalışır. Lakin artıq homoseksualizm Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəliklər sırasından çıxarılıb. Beləliklə homoseksualizm xəstəlik sayılmamağa başlayıb. Bildirilir ki, homoseksualizm təbiətin bir hissəsidir və digər canlılar aləmində də mövcuddur.

Bir çox ekspertlər isə bildirir ki, homoseksualizmin təbliği cəmiyyətləri məhv etmək üçün bir Qərb texnologiyasıdır. Bildirilir ki, əslində, Qərbdə homoseksuallara çox sərt təpki var. Sadəcə, həmin ölkələrdə onlara tolerant yanaşıldığı görüntüsü yaradılmaqla, bunu inkişaf etməkdə olan, sağlam insanların çoxluq təşkil etdiyi cəmiyyətlərə sırıyırlar. 

Nəzər alsaq ki, ölkəmizdə də artıq homoseksualların sayı artmaqdadır, ortaya bir sual çıxır. Homoseksuallarla necə rəftar edək? Bəziləri onlara hansısa təzyiqlərin edilməsini, hətta öldürülməsini təklifi irəli sürür. Bəs nə edək? Cinsi azlıqların sayının artmasına səbəb nədir?

ADP sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu mövzuya bu cür şərh bildirdi "Homoseksualların son vaxtlar getdikcə artmasının 3 səbəbi var. Birinci səbəb, internet imkanlarını artmasıdır. İnternetdə homoseksuallar öz həyat tərzlərini, mədəniyyətlərini geniş şəkildə yaya bilirlər. Orta məktəb şagirdi də oturub onlara baxır, tanış olur və istər istəməz o cür həyat tərzi ona maraqlı gəlir. Beləliklə özündə də olan müəyyən hisslərdən irəli gələrək o "yola” düşür. Digər səbəbi, qidalanma ilə bağlıdır. Azərbaycanda həddən artıq  geni dəyişdirilmiş qida məhsulları, hormonal preparatlarla əldə olunan ət, toyuq məhsulları satılır. Üçüncü məsələ ilə qərblilərin ölkəmizə axın etməsidir. Hətta onların diplomatları, iş adamları arasında da homoseksual tipli adamlar çoxdur. Beləliklə qida, informasiya  təhlükəsinin gözlənilməməsi, digər tərəfdən xaricilər ilə kontakta nəzarət olunmaması bu məsələnin geniş şəkildə inkişaf etməsinə səbəb olur. Çində , Avropada geni dəyişdirilmiş məhsulların hamısı qadağan olunub. Azərbaycanda isə girin bazara, hər yerdə geni dəyişdirilmiş məhsuldur.     

Digər tərəfdən bizdə bir çox brend markalı paltarlar satılır ki, onların da böyük əksəriyyəti homoseksual nümayəndələrin əlindədir. Onların istehsal etdiyi məhsullar da özlərinin təbiətinə uyğun olur. Və təbii ki, geyim insanın psixologiyasına təsir edir”.

Sərdar Cəlaloğlu qeyd etdi ki, heç bir təzyiq və digər üsullara artan homoseksualizmin qarşısını almaq mümkün deyil: "Bütün ölkələrdə homoseksualların artması var. Hətta ərəb ölkələrinin birində şeyx fətva vermişdi ki, müsəlman həmcinslər evlənə bilərlər. Buna qarşı mübarizə aparmağın da özü fikrin özü yanlışdır. Homoseksuallıq hətta heyvanlar arasında da var. Yəni, bu o qədər ciddi bir problemdir”.

"Bəs nə etməli?” sualımıza isə Sərdar Cəlaloğlu bu cür cavab verdi: "Hollandiyada homoseksuallar üçün ayrıca barlar, saunalar, otellər, məkanlar var. Yəni, cəmiyyətdən təcrid edilmiş, amma azad şəkildə yaşayırlar. Bizdə bu məsələ düzgün formalaşdırlmadığından müxtəlif mədəniyyətlər bir-birinin içinə girir. Ayrıca onlar üçün şərait yaradılmalıdır ki, başqalarına təsir etməsinlər. Doğrudur, homoseksualizm bizim dinimizə, mədəniyyətimizə çox ziddir. Amma tarixən qədim vaxtlardan belə homoseksuallar olub. Hətta onların arasında məşhurlar da var, məsələn, Çörçil, Çexov, Çaykovski və digərləri. Hazırda da Amerikada senatlar var ki, onlar həmcinsləri ilə evləniblər, Avropada da bu cür baş nazir var. Yəni, bütün dünyada geniş tendensiya aldığından əgər Azərbaycan cinsi azlıqlarla mübarizə aparmaq istəsə ciddi təzyiqlərlə üzləşə bilər. 

Rusiya prezidenti Putin homoseksuallarla bağlı kəskin bir mövqe bildirmişdi, buna görə də Soçi Olimpiya Oyunlarını bütün dünya boykot etmişdi. Sonradan məcbur olub bildirmişdi ki, homoseksuallara xüsusi şərait yaradılacaq, gəlsinlər. 

Ona görə də hesab edirəm ki, hər şeyi mübarizə, zorakılıq ilə həll etmək olmaz. Bu məsələ nə mədəniyyətin yüksədilməsi, nə müalicə, nə də ki, cəza verməklə düzələsi iş deyil”.

Artıq bir çox Avropa ölkəsində, o cümlədən Hollandiyada həmcinslilərin evlənməsi ilə bağlı qərarlar qəbul edilib. Hətta bu günlərdə Roma Papası bu mövzu ilə bağlı çox ilginc açıqlama vermişdi: "Homoseksualları olduğu kimi qəbul edin”. 

Amerika kimi böyük dövlət bu məsələyə artıq 25 ildir ki, tolerant yanaşır. Lakin sonradan məlum olub ki, bu yanaşma Amerikaya baha başa gəlib. Sosioloqların hesablamalarına görə 
ölkənin hər min nəfərdən 11 vətəndaşı homoseksualdır. Bu rəqəm ciddi demoqrafiya təhlükəsini yaradır. Sosioloqlar həmçinin qeyd ediblər ki, homoseksuallar bu sürətlə  çoxalmağı davam edərlərsə ölkəni acınacaqlı nəticələr gözləyir. Onların fikrincə, ABŞ konstitusiyasında LGBT ilə bağlı ciddi qanun dəyişikliyi etməlidir.

Qeyd etdiyimiz kimi, Qərb ölkələri homoseksualizmi tolerant qəbul etdiklərini desələr də, əslində cəmiyyət tərəfindən əksəriyyət tərəfindən qəbul edilmir. Yəni, bu məsələ qanunla qəbul edilsə belə, cəmiyyət özü bu qanunları çox zaman pozur. Məlum olduğu kimi artıq 14 Avropa və Qərb ölkəsində eynicinsli ailələrə eynicinsli ailələrə övlad saxlamaq hüququnu verib. İş o yerə çatmışdı ki, keçən il Fransa prezidenti Fransua Oland Senatın qəbul etdiyi eynicinslilərə övlad saxlamaq hüququnu verən qanunu təsdiq edəndə, Parisdə bunun əleyhinə çıxış edən on minlərlə etirazçının arasında elə həmin cinsi azlıqların nümayəndələrinə rast gəlinmişdi. 

Bir vaxtlar atılmış uşaqları övladlığa götürmüş eynicinsli ailə nümayəndələri həmin nümayişlərə gəlmələrini belə izah edirdi: "Fransa kimi liberal bir cəmiyyətdə belə homoseksual valideynlərin himayəsində böyüyüb tərbiyə alan uşaqlar cəmiyyət içinə çıxanda, psixoloji rahatsızlıqla üzləşirlər. Faktiki olaraq, söhbət elə uşaqların hüquqlarının pozulmasından gedir”. 

"Ən demokratik ölkələrdə belə müəyyən təbəqə insanlar var ki, bu məsələnin təbliğinin əleyhinədir”. Bu sözləri isə Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Yeni Müsavat”a açıqlamasında bildirib. Onun sözlərinə görə  Azərbaycan bu məsələyə daha loyal yanaşır: "Avropada hətta yeri gələndə ayrı seçkilik də edirlər. Bildiyim qədər Azərbaycan cəmiyyəti hətta inkişaf etmiş Avropa ölkələrdən də loyaldır və ayrı seçkilik qoymur. Demək olmaz ki, Avropa onların gözü üstünə qoyur. İstənilən şəxs əgər öz bilik və bacarığı, hərəkəti ilə özünü reallaşdıra bilirsə, bir kimsə onunla pis davrana bilməz. Amma öz seksual davranışları ilə gündəmə gəlirsə, cəmiyyət tərəfindən qıcıq yaranır. 

Cəmiyyətimizdə kifayət qədər elə adamlar var və heç kəs onları asıb-kəsmir, öldürmür. Biz onları ictimai tədbirlərdə də görürük, hətta çıxışlarını da görürük. Amma bununla  bağlı ayrı-seçkilik yoxdur. Azərbaycan cəmiyyəti onlara kifayət qədər tolerant yanaşır. Mən bu cür kifayət qədər adam tanıyıram ki, onları cəmiyyətin müxtəlif sahələrində özlərini realizə edirlər, amma öz cinsi mənsubunu ortaya qoymur, öz bacarıq və işini önə çıxarır”.

Azərbaycanda homoseksual təşkilatı və jurnalı...

Artıq bir neçə ildir ki, ölkəmizdə Azad LGBT təşkilatı fəaliyyət göstərir. Bu təşkilatın əsasını intihar etmiş İsa Şahmarlı 2012-ci ildə qoyub. Xatırladaq ki, 2014-cü ildə İsa Şahmarlı intihar etmişdi. Ölümündən bir müddət əvvəl mətbuata verdiyi müsahibədə o, homoseksual olduğu üçün yaxınları tərəfindən və universitetdə təzyiqlərə məruz qaldığını bildirmişdi. Ailəsi də ondan imtina etmişdi. Ən lığın olanı isə bu oldu ki, onu yaşadığı kəndin qəbiristanlığında dəfn olunmasına qarşı çıxmışdılar. Ailəsi ona heç bir yas mərasimi verməmiş, məzarı üstə molla dua oxumamışdı. Yəni, onun dəfni adi heyvanın dəfnindən fərqlənməmiş, cənazə qüsulu belə verilməmişdi. 

Onu da əlavə edək ki, bu ilin fevralından ölkəmizdə "Minority” adlı LGBT jurnalı da dərc edilir. Seksual azlıqlarla Azərbaycan ictimaiyyəti arasında yaranacaq anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə jurnal hələ ki, onlayn buraxılır. Jurnalın təsisçi və baş redaktor Səməd İsmayılzadədir. O, hazırda Amerikada yaşayır. 

Homoseksualları cəzalandırıb, işgəncə tətbiq edən ölkələr

Avropa və digər ölkələr homoseksualların hüquqlarını tanısalar da, onlara işgəncə və cəza tətbiq edən, hətta ölüm qərarı verən ölkələr də var. Onlardan bir neçəsini təqdim edirik:
Bu sırada ilk gələn ölkələr İran və Malayziyadır. Bu ölkələr homoseksualların evliliyinə və münasibətdə olmasına ölüm cəzası verir. 

Birləşmiş Ərəb Əmirlikləri də bu qrup olan insanlara ölüm və ya ömürlük cəzası verir. 
Sudanda isə bu cür hal aşkarlanarsa münasibət quran şəxslərdən birini digərinin gözü qabağında işgəncə ilə öldürür, daha sonra isə digərini edam edirlər. Bu ölkədə kişinin hansı səbəb olursa olsun, qadın paltarı geyinməsinə icazə verilmir. 

Barbadosda da digərləri isə qaydalar daha sərtdir. Homoseksualların ölkəyə gəlişi də qətiyyətlə qadağandır.


Xalidə Gəray

Administratorla əlaqə

077 611-55-22

[email protected]