Analitika

“Azərbaycanın müstəqilliyinə allergik yanaşan təbəqə var”

15-12-2015, 21:14
“Azərbaycanın müstəqilliyinə allergik yanaşan təbəqə var”Rusiya ilə Türkiyə arasında gərginlik yaranandan bəri Azərbaycan ictimaiyyətinin böyük hissəsi birmənalı olaraq qardaş Türkiyəni müdafiə etsələr də Rusiyanın, İranın maraqlarına uyğun mövqe ortaya qoyanlara rast gəlirik. Belələrinin sayı az olsa da fakt odur ki, mövcuddurlar.

Politoloq Şahin Cəfərlinin sözlərinə görə, belə adamların apardıqları təbliğatı getdikcə artır və milli maraqlarımıza uyğun olmayan şəkil alır: “Azərbaycanın müstəqilliyi və suverenliyinə münasibəti bəlli olan Rusiya və İran kimi aqressiv qonşu dövlətlərə meyl edən vətəndaşlarımızın mövqeyindən məyus olsam da, demokratik prinsiplər, plüralizm, insan haqları baxımından onların fikirlərinə dözümlü yanaşılması tərəfdarıyam. Lakin həmin kateqoriyadan olan bir qrup həmvətənimiz var ki, ortaya qoyduqları mövqe plüralist çərçivədən kənara çıxaraq milli təhlükəsizlik problemi kimi qiymətləndirilə biləcək hal alır.

Rusiya və İranın maraqlarını hər şeydən uca tutan, Azərbaycanın müstəqilliyinə allergik yanaşma sərgiləyən bu insanların Rusiya-Türkiyə gərginliyinə, İran-Türkiyə regional rəqabətinə münasibəti, Türkiyəyə ən azı Jirinovski və İrandakı bəzi ayətullahlar səviyyəsində və o üslubda kin, nifrət püskürmələri (söhbət normal tənqiddən getmir) ciddiyə alınmalı olan məsələdir”.

Ş.Cəfərli hesab edir ki, belələri Azərbaycanda Rusiya və İran xüsusi xidmət orqanları tərəfindən çox asanlıqla əməkdaşlığa cəlb edilə biləcək kateqoriyanı təşkil edirlər: “Bunu təbii ki, həmin məxfi xidmətlər məmnunluqla müşahidə edir və lazım olduqda “meyvə dərmək” üçün hansı “bağça”ya üz tutacaqlarını bilirlər. Yeni yaradılan Xarici Kəşfiyyat Xidməti və ya Dövlət Təhlükəsizliyi Xidməti-bu məsələ hansı strukturun fəaliyyət sferasına aiddirsə-həmin təbəqəni nəzarətdə saxlamalıdır. Bunların kimliyini öyrənmək üçün sosial şəbəkələr də əvəzsiz qaynaqdır. Təbii ki, ən böyük təhlükə dövlət strukturlarında mövqe tutan agenturadan gəlir və bu, daha ciddi problemdir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]