Foto Fakt

“Elmlər Akademiyası” stansiyasının əsas vestibülü istifadəyə verildi – FOTO

16-09-2016, 03:08
“Elmlər Akademiyası” stansiyasının əsas vestibülü istifadəyə verildi – FOTO

Metronun "Elmlər Akademiyası” stansiyasının əsas vestibülü beş aylıq təmir və yenidənqurma işlərindən sonra sərnişinlərin istifadəsinə verilib.

Xeberman.com xəbər verir ki, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Trend-ə verdiyi məlumata görə, yenidənqurma işləri zamanı stansiyanın özəlliyi, eksteryer və interyerinin ilkin layihə görkəmi saxlanılmaqla, stansiya müasir standartlar səviyyəsinə çatdırılıb.

2016-cı il aprel ayının 15-də başlanan təmir işləri dövründə stansiyanın istismar müddəti başa çatmış ET tipli 3 eskalatoru Almaniyanın "Thyssen Krupp” şirkətinin istehsalı olan və dərin özüllü stansiyalar üçün nəzərdə tutulan "Viktoriya” tipli yeni, müasir, daha qənaətcil və səmərəli analoqları ilə əvəzlənib.

Eskalatorların yeniləndiyi müddətdə stansiyanın əsas giriş-çıxışı bağlandığı üçün vestibüldə, stansiya üzərində yerləşən binada və yaxınlıqdakı ərazidə də müvafiq təmir-tikinti, yeniləşmə və bərpa işləri aparılıb.

Stansiyanın giriş və çıxış qapıları daha müasir və rahat analoqları ilə əvəzlənib, qapıüstü şəbəkə cərgəsi dəyişdirilib. Qapılar paslanmayan metaldan hazırlanıb, şüşələri isə temperli laminatdan üzlənib və zərbəyə davamlıdır.

Bu işlər yerinə yetirilərkən stansiyanın özəlliyi qorunmaqla yeniliklər də edilib. Bu mənada, stansiyada quraşdırılmış sarı zolaq diqqəti çəkir. Metropolitendə ilk dəfə relyefli səthə malik tametdən yaradılmış bu zolaq görmə qabiliyyəti məhdud olan sərnişinlərin səmti müəyyənləşdirməsi üçün nəzərdə tutulub.

Metropolitendə ilk dəfə vestibüldə də yeni tipli ventilyasiya sistemi tətbiq edilib və metropolitenin ən giriş-çıxışlı stansiyalarından birinin mikroiqlim şəraitinin yaxşılaşdırılmasına xidmət göstərir. Havalandırma sisteminə eskalatorların maşın zalı da qoşulub. Vestibülün girəcəyində temperatur rejiminin nizamlanması məqsədilə "hava pərdələri” quraşdırılıb.

Yay aylarında binanın otaqlarında normal hava şəraiti əvvəlki illərdə olduğu kimi, ayrı-ayrı kondisionerlərlə deyil, mərkəzi havalandırma sistemi vasitəsilə təmin ediləcək.
Binanın xarici görkəminə xələl gətirən kondisionerlər isə sökülüb, çıxarılıb, köhnə pəncərələr müasir tipliləri ilə əvəz edilib.

Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra stansiyanın yaxınlığında yerləşən ərazidə abadlıq işləri görülüb. Çıxış tərəfdə piyada yolunu küçənin hərəkət hissəsindən ayıran sahədə yaşıl zolaq salınıb, ətrafa asfalt döşənib.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]