Müsahibə

Elçin Bəylərovdur:Əsas məqsəd daha işlək və mütərəqqi idarəetmə mexanizminin tətbiq olunmasıdır

16-09-2016, 02:50

Elçin Bəylərovdur:Əsas məqsəd daha işlək və mütərəqqi idarəetmə mexanizminin tətbiq olunmasıdırMüsahibimiz Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinin rəisi

Elçin Bəylərovdur

 

- Elçin müəllim, Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarə Vergilər Nazirliyinin yeni struktur vahidlərindəndir. Bu qurumun yaradılması hansı zərurətdən irəli gəldi?

 

- Ölkəmizdə yeni iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, eləcə də sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin yaradılması istiqamətində atılan addımların tərkib hissəsi olaraq, vergi sistemində də geniş islahatlar aparılır. Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarə vergi nəzarətinin və vergitutma bazasının genişləndirilməsi, vergi daxilolmalarının artırılması, xüsusilə də regionların daim diqqət mərkəzində olması nəzərə alınaraq yaradılıb. Bu qurum ərazi vergi orqanlarının fəaliyyətinə nəzarətin səmərəliliyinin artırılmasını, vergilərin tam həcmdə və vaxtında ödənilməsini təmin edəcək.

Baş İdarənin əsas funksiyaları dövlət büdcəsində ərazi vergi orqanları üzrə müəyyən olunmuş proqnoz tapşırıqlarının icrası ilə əlaqədar nazirliyin digər funksional idarələri ilə birlikdə dövlət büdcəsinə vergi yığımını təşkil etmək, nəzarət işlərini həyata keçirmək, eləcə də ərazi vergi orqanlarının yerlərdə digər dövlət qurumları ilə işlərinin düzgün əlaqələndirilməsini təmin etməkdir.

 

- Vergilər Nazirliyində aparılan struktur dəyişiklikləri ilə əlaqədar ərazi vergi orqanlarının işində nə dəyişib?

 

- Baş İdarənin qarşısında duran əsas məqsədlərdən biri ərazi vergi orqanlarının kadr potensialından səmərəli istifadə edilməklə daha işlək və mütərəqqi idarəetmə mexanizmlərini tətbiq etməkdir. Vergilər nazirinin əmri ilə ərazi vergi orqanlarının strukturlarında edilmiş dəyişikliklər vergilərin tam həcmdə və vaxtında ödənilməsinin təmin olunması, vergi ödəyicilərinə nəzarətin daha səmərəli həyata keçirilməsi, vergi potensialının genişləndirilməsi, eləcə də vergidənyayınma risklərinin təhlili və könüllü əməletmənin səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır. Dəyişikliklərdən əvvəl ərazi vergi orqanları tərəfindən proqnozun icrası ümumi vergi ödəyiciləri üzrə təşkil edilirdi. Struktur dəyişikliklərinə əsasən, ərazi vergi orqanlarında qeydiyyatda olan vergi ödəyicilərinə sahə təhkimçiliyi prinsipi müəyyənləşdirilib ki, bu da nəzarətin tam təmin edilməsinə imkan yaradır. Bundan başqa, bəyannamələr üzrə kameral vergi yoxlamalarının keyfiyyətinin artırılması məqsədilə bəyannamə şöbələrinin tərkibində 2 yeni bölmə yaradılıb.

 

- Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları, xüsusilə yeni müəssisələrin yaradılması son illər bölgələrin iqtisadi vəziyyətində əsaslı dəyişikliklərə səbəb olub. Bütün bunlar vergi daxilolmalarına necə təsir göstərir?

- Regionların inkişafı ilə bağlı qəbul edilmiş və uğurla həyata keçirilən dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan verir və bunların nəticəsində regionlardan dövlət büdcəsinə daxilolmaların məbləği nəzərəçarpacaq dərəcədə artır. Dövlət proqramlarının icrasından öncə, məsələn, 2003-cü ildə regionlar üzrə vergi daxilolmaları cəmi 37,7 milyon manat təşkil etdiyi halda, 2015-ci ildə bu rəqəm 16,5 dəfə artaraq 622,1 milyon manata çatıb. Regionlarımızın iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının, torpaq vergisi istisna olmaqla, uzun illərdir bütün vergilərdən azad edildiyini nəzərə alsaq, bu, çox ciddi artımdır.

2003-cü ilin göstəricisi ilə müqayisədə regionlar üzrə vergi daxilolmalarının qeyri-neft sektoru üzrə daxilolmalardakı xüsusi çəkisi 3,9 bənd artaraq 12,4 faiz təşkil edir ki, bu da regionlarda sahibkarlığın inkişafının daha bir bariz göstəricisidir.

Xüsusi vurğulamaq istərdim ki, dövlət proqramlarının uğurlu icrasının nəticəsi olaraq, bu gün artıq respublikanın 6 şəhər və rayonu öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan vergilərin hesabına formalaşdırır və qarşıya qoyulmuş əsas hədəflərdən biri gələcəkdə bunların sayının artırılmasıdır. İndi respublika üzrə qeydiyyatda olan vergi ödəyicilərinin 61,6 faizi regionların payına düşür.

 

- 2016-cı ilin 8 ayı ərzində regionlar üzrə proqnoz tapşırıqlarının icrası necə olub?

 

- Regionların inkişaf tendensiyası cari ilin 8 ayında da davam edib və bu, vergi daxilolmalarında da özünü göstərir. Yanvar-avqust aylarında ərazi vergi orqanları üzrə 364,5 milyon manat proqnoza qarşı dövlət büdcəsinə 381,1 milyon manat vəsait daxil olub ki, bu da proqnoz tapşırığının 16,6 milyon manat artıqlamasilə və ya 104,6 faiz icra olunması deməkdir. Xüsusilə qeyd etmək lazımdır ki, proqnoz tapşırıqları yalnız ümumilikdə regionlar üzrə deyil, həm də respublikanın ayrı-ayrılıqda bütün şəhər və rayonları üzrə yerinə yetirilib.

Daxilolmaların strukturuna gəlincə, daxil olmuş vergilərin 61,2 faizi ƏDV, mənfəət və gəlir vergisi hesabına formalaşıb. Sadələşdirilmiş vergi daxilolmaları üzrə proqnoz tapşırıqları 6,2 milyon manat artıq və ya 117,2 faiz icra olunmaqla yanaşı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faizə qədər artıb. Regionlarda fəaliyyət göstərən və mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyiciləri tərəfindən ilin ilk səkkiz ayında 86,7 milyon manat məbləğində vergilərin yerli büdcələrə ödənilməsi təmin edilib.

Əlbəttə, bütün bu göstəricilər həyata keçirilən islahatların, iqtisadi sistemin şəffaflaşmasının, əlverişli biznes mühitinin formalaşmasının, sahibkarlıq subyektlərində cəlbediciliyin artırılmasının nəticəsidir. 2016-cı ilin yanvar-avqust ayları ərzində regionlarda ƏDV qeydiyyatına alınmış vergi ödəyicilərinin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz artım qeydə alınıb.

 

- Yaranmış yeni iqtisadi şəraitdə ölkədə sahibkarlığın inkişafı istiqamətində atılan addımlar barədə nə deyə bilərsiniz?

 

- 2014-cü ilin sonundan başlayaraq neftin qiymətində kəskin enmə, 2015-ci ildə dünyada mövcud olan geosiyasi vəziyyət və bundan irəli gələn iqtisadi problemlər, təbii ki, dünyanın bir hissəsi olan Azərbaycanın iqtisadiyyatından da yan keçməyib. Bu problemin aradan qaldırılması üçün yeni yaranmış iqtisadi vəziyyətdə qeyri-neft sektorunda genişmiqyaslı islahatlara başlanılıb. İndi sahibkarlığın inkişafı yönündə çox ciddi addımlar atılır.

Sahibkarlıqda xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, onların verilməsi prosedurları sadələşdirilib və bu proseslərin «ASAN xidmət» mərkəzlərində verilməsinə başlanılıb. Bundan başqa, lisenziyalar müddətsiz verilməklə regionlarda dövlət rüsumlarının ödənilməsinə 50 faizədək güzəştlər tətbiq olunub. Regionlardakı vergi ödəyicilərinin sadələşdirilmiş vergini Bakıda fəaliyyət göstərən vergi ödəyiciləri kimi 4 faiz deyil, 2 faiz dərəcəsi ilə ödəmələri onların fəaliyyətlərini stimullaşdırmaq məqsədi daşıyır. İlin əvvəlindən ticarət və ictimai iaşə sektorunda çalışan vergi ödəyicilərinin fəaliyyəti üçün əlverişli biznes mühitinin yaradılması üçün Vergi Məcəlləsinə dəyişiklik edilərək, ticarət və ictimai iaşə sahəsində dövriyyəsi 200.000 manatdan yuxarı olan sahibkarlara öz seçimləri əsasında sadələşdirilmiş vergi ödəyicisi hüququ verilib.

Xüsusi qeyd etmək istərdim ki, Azərbaycanda sahibkarlığın inkişafı, bu sahəyə nəzarətin gücləndirilməsi, iş adamlarının hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə Apelyasiya Şuralarının yaradılması sahibkarlığın inkişafına təkan verən mühüm addımlar kimi qiymətləndirilməlidir.

 

- Vergilər Nazirliyi tərəfindən aparılan vergi nəzarəti tədbirlərinin sayının azaldılması sahibkarlıq subyektlərinə və ərazi vergi orqanlarının fəaliyyətinə necə təsir göstərib?

 

- İqtisadiyyatın şaxələndirildiyi və qeyri-neft sektorunun inkişafının prioritet elan edildiyi yeni mərhələdə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə dövlət başçısının müvafiq fərmanları ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. Həmin fərmanlarda vergi yoxlamaları istisna hesab edilsə də, Vergilər Nazirliyinin kollegiyasının qərarına əsasən, həmin müddətdən sadələşdirilmiş vergi ödəyicilərində səyyar vergi yoxlamalarının aparılması da dayandırıldı. Bunun nəticəsi olaraq, kiçik və orta sahibkarlıq subyektlərində keçirilən vergi nəzarəti tədbirlərinin sayı regionlarda da minimumlaşdırılıb və ilin ilk səkkiz ayı ərzində həyata keçirilən səyyar vergi yoxlamalarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə, operativ nəzarət tədbirlərinin sayı isə 6 dəfəyə yaxın azalıb.

Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək məqsədilə vergi orqanlarının həyata keçirdiyi vergi nəzarəti tədbirlərindən biri də kameral vergi yoxlamasıdır. Vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində aparılmış islahatlar çərçivəsində risklərin idarə edilməsi sistemi yaradılıb. Beynəlxalq təcrübələr əsasında yaradılmış bu sistem nəzarətin səmərəli aparılmasına imkan verir. Müasir texnologiyalara əsaslanan «risklərin idarə edilməsi» aləti vergidən yayınma hallarını aşkar etməklə mövcud risklərin elektron qaydada idarə olunmasını, daha dəqiq qiymətləndirilməsini və vergi potensialının düzgün nəzərə alınmasını təmin edir. Qeyd edim ki, kameral vergi yoxlamalarının sayının azalmasına baxmayaraq, onların keyfiyyətinin artırılmasına xüsusi diqqət yetirilir. Vergi ödəyicisinin fəaliyyətinə müdaxilə etmədən mövcud informasiya bazası və əlaqəli məlumatlar əsasında «risklərin idarə edilməsi» aləti vasitəsilə təhlil olunmuş məlumatlar sayəsində ərazi vergi orqanları tərəfindən aparılmış kameral hesablamalar üzrə reallaşma faizi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 bənd artmışdır.

 

- Azərbaycan Prezidentinin «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamı əsasında nəzərdə tutulan yeni islahatlar ərazi vergi orqanları ilə işə necə təsir göstərəcək?

 

- Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, son 10 ildə vergi ödəyicilərinin sayının əhəmiyyətli dərəcədə artması, eləcə də regionlarda həyata keçirilən dövlət proqramları nəticəsində yeni vergitutma mənbələrinin yaranması, iqtisadiyyatın indiyədək vergitutma bazasına cəlb edilməmiş ayrı-ayrı sahələrinin, o cümlədən rəqəmsal iqtisadiyyatın inkişafı vergi orqanları qarşısında yeni vəzifələr qoyur. Vergitutma bazasının genişləndirilməsi, büdcəyə daha çox vəsait toplanması üçün mövcud ehtiyatların aşkarlanması, bu sahədə vəziyyətin tam şəffaflaşdırılması ilə bağlı dövlət başçısının konkret tapşırıqlarının nəticəsi olaraq, vergi sistemində ciddi islahatlar həyata keçirilir. Ölkə Prezidentinin 4 avqust 2016-cı il tarixli sərəncamı vergi sisteminin inkişafına, xüsusilə də vergi inzibatçılığının səmərəliliyinin artırılmasın sahəsində yeni bir mərhələ açır.

Sərəncama əsasən, vergi sahəsində aparılacaq islahatların 21 əsas istiqaməti müəyyən edilib ki, bu tədbirlərə vergitutma bazasının genişləndirilməsi, vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığının təkmilləşdirilməsi, intizamlı vergi ödəyicilərinin müəyyənləşdirilməsi, vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması, elektron auditin tətbiqi dairəsinin genişləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, risk qiymətləndirilməsi sisteminin yaradılması, vergi bəyannamələrinin formalarının təkmilləşdirilməsi istiqamətində vergi islahatlarının davam etdirilməsi və s. aiddir. Sərəncamın icrası vergi sistemində, o cümlədən ərazi vergi orqanlarında islahatların davam etdirilməsinə və vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə yeni bir təkan verib.

 

- Vergi mədəniyyətinin formalaşması vergilərin düzgün hesablanmasına, dövlət büdcəsinə tam və vaxtında köçürülməsinə təsir edən amillərdəndir. Ərazi vergi orqanları tərəfindən vergi ödəyicilərinin məlumatlandırılması sahəsində hansı işlər görülür?

 

- Vergi qanunvericiliyində edilmiş dəyişikliklər, eləcə də həyata keçirilən islahatlar, həmçinin vergi sistemində aparılan şəffaflaşdırma tədbirləri barədə vergi ödəyicilərini məlumatlandırmaq, bu sahədə sahibkarların qarşılaşdıqları problem və çətinliklərlə yerindəcə tanış olmaq Baş İdarənin fəaliyyətinin əsas istiqamətlərindəndir.

Vergi Məcəlləsinə cari ilin əvvəlində edilmiş dəyişikliklərin mahiyyətini vergi ödəyicilərinə izah etmək məqsədilə nazirliyin vəzifəli şəxslərindən ibarət qruplar tərəfindən mart ayında bütün regionlarda görüşlər təşkil edilib. Keçirilən tədbirlərdə sahibkarların nəzərinə çatdırılıb ki, sahibkarlığa dövlət dəstəyi gücləndirilir, xüsusilə də sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılması üçün dövlət tərəfindən bütün zəruri tədbirlər görülür və yeni iqtisadi şəraitdə ölkəmizin bundan sonrakı inkişafı əsasən sahibkarlığın inkişafından asılı olacaq. İndi ölkəmizdə daha əlverişli biznes mühiti formalaşıb və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bütün zəruri tədbirlər görülüb. Vergi Məcəlləsində edilmiş dəyişikliklər barədə sahibkarlara ətraflı məlumat verilib, onlara izah edilib ki, bu dəyişikliklər vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı, vergi yükünün əhəmiyyətli dərəcədə aşağı salınması, kiçik sahibkarlıq subyektlərinin fəaliyyətinin cəlbediciliyinin artırılmasına şərait yaradır. Çoxsaylı görüşlər zamanı vergi ödəyiciləri ilə geniş fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]