Avto

Avtoxuliqanlara bəd xəbər

9-09-2016, 21:18
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov Trend-ə bildirib ki, avtoxuliqan xırda qəza törədirsə belə, onun məsuliyyəti artırılmalıdır:
 
"Yol hərəkəti qaydalarının pozulması ilə yüngül xəsarətin törədilməsi özündə məsuliyyət ehtiva etmir. Misal üçün, kiminsə avtomobillə hər hansı şəxsin ayağının üstünə çıxması ilə sınıq yoxdursa, yalnız göyərti əmələ gəlibsə, kiminsə maşını əzilibsə, buna cinayət məsuliyyəti yoxdur. Dünyanın hər yerində də bu belədir. Lakin belə qəzanı avtoxuliqan törədirsə, artıq subyekt dəyişir. Məsuliyyət artıq buradan başlamalıdır".
 
Millət vəkili qeyd edib ki, avtoxuliqanın yaratdığı qəza nəticəsində törədilən xəsarət artıq "yüngül xəsarət" kimi deyil, "az ağır xəsarət" kimi qeydə alınmalıdır və buna da Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə baxılmalıdır.
 
R.Cəbrayılov bu təklifi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxaracağını deyib.
 
Deputat, həmçinin bildirib ki, yaxın günlərdə "Avtoxuliqanlığın kriminallaşdırılmasının nəzəri və praktiki aspektləri" adlı kitab hazırlanaraq çap ediləcək.
 
Həmin toplumda məhz avtoxuliqanlıqla mübarizə istiqamətində Cinayət Məcəlləsinə 5 hissədən ibarət yeni maddənin əlavə olunması təklifi öz əksini tapacaq.
 
Qeyd edək ki, 263.1-ci maddəsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda- üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən öncə Trend-ə bildiriblər ki, il ərzində orta hesabla 500-600 avtoxuliqan müəyyən edilir və inzibati məsuliyyətə cəlb olunur.
 
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 296-1.1.-ci maddəsinə görə, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə - nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
 
Məcəllənin 296-1.2.-ci maddəsinə görə, eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla altı yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]