Reportaj

İsmayıllıda ailə dramı: 4 övladı ilə avtobusda yaşayan qadının hekayəsi

7-09-2016, 00:19

"Köçəri olmaqdan bezdiyimiz üçün burada yaşayırıq”

 

"Məzahir, köynəyini paltaryuyan maşına at... Qapı açıq qalıb, toyuq-cücə evə girib.  Şərait yoxdur deyə, qalmışam belə.  Soyuducumuz da işləmir, yeməklər zay olur”. Xatirə xanım danışa-danışa evi səliqəyə saldıqdan sonra bizi içəri dəvət edir:  "Əyləşin-əyləşin. Şəraitli evim olsaydı, sizi başqa cür qarşılayardım.

Bu dəfə sizi Xatirə İsmayılovanın həyat hekayəsi ilə tanış edəcəyik. Xatirə xanımın  33 yaşı var. 2002-ci ildə Rahib İsmayılovla ailə qurub və 4 övladı var. Hazırda ailəsi ilə birlikdə İsmayıllıda qaçqın və məcburi köçkünlər üçün salınmış Qarabağ qəsəbəsində, köhnə, tullantı kimi atılmış bir avtobusda məskunlaşıb.

Müsahibim söhbətə həyat yoldaşı ilə tanışlıq hekayəsindən başlayır: "Həyat yoldaşımın 40 yaşı var. Tanışlığımız maraqlı olub. Mən 11-ci sinifdə oxuyurdum. Nənəmgilə getmişdim. Əmimin yoldaşı ilə evdə xalça toxuyurdum. O isə həyətdə usta işləyirdi. Orada məni görüb bəyənib. Məni bəyəndiyini əmimin yoldaşına demişdi, sonra elçilik oldu. Həyat yoldaşımın valideynləri məni istəmirdi, amma gəlib valideynlərimdən məni halallıqla istəmişdilər. İki ilə yaxın nişanlı qaldıq. Biz nişanlanandan sonra qayınatam infarkt keçirdi, yataq xəstəsi oldu. Ona görə də yoldaşım məni qaçırtdı. Yoldaşımın ailəsinin İsmayıllının mərkəzində 4 otaqlı bina evi vardı. Rahib evin kiçik oğlu idi. Mən gəlin gələndən 40 gün sonra evdə problem yaşandı, bizi evdən çıxardılar. Biz də Bakıya xalamın yanına getdik, 3 il orada yaşadıq, ərim dülgər işləyirdi. Sonra yoldaşıma zəng gəldi ki, atan əməliyyat olunur, gəl. Müdiri də  yoldaşıma demişdi ki, getsən, qayıtma.  Hər şeyimizi yığıb qayıtdıq. Qayınatamın xəstəliyinə görə, 4 otaqlı ev satıldı. 9 il kirayələrdə qaldıq. Köçəri olmaqdan bezdiyimiz üçün bu avtobusda yaşayırıq. Torpaq aldıq. İndi ev tikmək istəyirik, amma imkanımız yoxdur. Qar, yağış yağanda hamısı otağa dolur”. 


"Biz Allahımızı sevirik, ondan qorxuruq”

Xatirə xanım deyir ki, həyatında çətinliklər çox olub. Amma onlara dözməyi bacarıb, Allaha sığınıb: "Ailəmiz ipdən asılıdır. Sevgi olduğu üçün qopmur. Biz Allahımızı sevirik, ondan qorxuruq. Heç vaxt ayrılmaq haqda düşünməmişik. Yoldaşım mənə qarşı çox yaxşıdır, qəddar deyil, qışqırmaz, əl qaldırmaz. Mən də onu gözümün üstə saxlayıram. Heç vaxt Rahiblə evlənməyimə peşman olmamışam. Bəziləri elə başa düşdü ki, biz mətbuata dilənmək üçün çıxmışıq. Amma elə deyil. Allaha şükür, həyat yoldaşım var. Hazırda sexdə işləyir, qazanır, yeməyə çörək tapırıq. Qış vaxtı isə iş olmur. Qonşular yardım edir. Bəziləri deyir ki, oradan çıx, kirayə qal. Mənim gəlirim yoxdur, necə kirayə qalım?”

X.İsmayılova sosial yardım ala bilməməsindən şikayətçidir:  "Ünvanlı sosial yardım almıram. Yardım almaq üçün dəfələrlə rayondakı mərkəzə müraciət etmişik. Bizi get-gələ salıblar. Yoldaşım Mehdiabadda sexdə şərik işləyirdi. VÖEN yoldaşımın adına açıldı. 150 manat borc yığıldı. Onu bəhanə etdilər ki, ödəməlisiniz. Qanun tələb edir, ödəməliyik. Amma indi imkanımız yoxdur. Bir də iş yerindən arayış istəyirlər, iş yoxdur, arayışı haradan alaq?


Yoldaşımın üç barmağı kəsilib, rayonda işləyəndə olub. Təqaüd almaq üçün müraciət etdik, dedilər əlillik pensiyası almaq üçün gərək iki əlin olmasın. Mən də ağır əməliyyat keçirmişəm, ağır qaldıra bilmirəm. Hamamımız da yoxdur. Uşaqları vedrə ilə su gətirib vannada çimizdirirəm, hamamımız vannadır.

Mən 3 əsgər böyüdürəm. Uşaqlarımı müayinə etdirməyə pul tapmıram. Şəraitimizi görürsünüz, uşaqlara mikrob düşə bilər, yüz cür xəstəlik taparlar. Müalicə etdirməyin də mənası yoxdur. Sağlam  adam burada xəstələnər. Qaz yoxdur. Su arx suyudur, yığıram, torpağı dibinə çökəndən sonra istifadə edirəm. İki ilə yaxın içərisində qurbağalar olan quyudan istifadə etmişəm. Paltar yuyurdum, üzərimə qurbağalar hoppanırdı".
Xatirə xanım çətin günlər yaşasa da, üzü hələ də gülür. O, çətin günlərin arxada qalacağına inanır: "Bu günümə də şükür edirəm, namusum-qeyrətim üstümdədir. Bir ev problemim var, dövlətdən yardım alsam, evim də olar. Arzum  evimin olmasıdır, bir də dövlətdən balalarımın haqqını ala bilməkdir. Başqa nə arzum ola bilər? 4 gözəl övladım var. İstəyirəm ki, onları  sağlam, vətənə faydalı vətəndaş kimi böyüdüm”. 


"Evə gəldim, şəraitsizlikdən halım pisləşdi, təcili xəstəxanaya apardılar”

Müsahibimiz deyir ki, ailəsi olmasa, çətin günlərə dözə bilməz:  "Üç övladım Ağdam qaçqın məktəbində oxuyur. Böyük oğlum Ömərin oxumağa həvəsi yoxdur, onu peşə məktəbinə göndərəcəyik. Qızım isə dərslərindən beş alır, müəllimləri çox razıdır. Yaxşı ki, övladlarım və həyat yoldaşım var. Onlar olmasa, bu çətinliklərə dözə bilmərəm.  Övladlarımla nəfəs alıram. Həyat yoldaşımı sevirəm. O, mənim və övladlarımın bir parçasıdır. Həyat yoldaşım olmadan qala  bilmərəm. 


Xəstəxanada ailəmdən kənar qala bilmədim. Evə gəldim, şəraitsizlikdən halım pisləşdi, təcili xəstəxanaya apardılar. Elə bilirdim ki, uşaqlarıma sığınsam, sağalacağam. Artıq övlad dünyaya gətirə bilməyəcəm. Ona görə də onlar mənim hər şeyimdir. Birinin barmağı qanasa, ürəyim parçalanır”.

Xatirə ilə söhbətə yekun vurub, yeni evlərində görüşmək ümidi ilə vidalaşırıq.  


Könül İBRAHİM
Fotolar müəllifindir

Administratorla əlaqə

077 611-55-22

[email protected]