Mədəniyyət

Yazarlar narazıdır: “Heç bir şərait yoxdur, zorla nəfəs alırıq”

7-09-2016, 00:16
Teatr cəmiyyətin güzgüsüdür. Orada səhnələşdirilən əsərlərin günümüzün reallıqları, tamaşaçıların zövqü ilə üst-üstə düşməsi vacibdir. Təəssüflər olsun ki, hazırda səhnəyə eyni əsərlər qoyulur. Yeni əsərlərə ya müraciət edilmir, ya da nadir hallarda səhnələşdirilir. Teatrların repertuar dəyişməməsinin səbəbi nədir? Yeni əsərlərin səhnələşdirilməsi teatrın inkişafına hansı töhfələr verər? 

Musavat.com məsələ ilə bağlı sorğu keçirib və yeni nəsil yazarların mövzu ilə əlaqədar fikirlərini öyrənib. 

Yazıçı Cəlil Cavanşir bildirib ki, Azərbaycan teatrlarında səhnələşdirilən əsərlər yeni estetikadan, dünya teatrındakı yeniliklərdən çox uzaqdır: "Bəlkə də, 25 ildir teatrların repertuarını eyni müəlliflərin əsərləri "bəzəyir". Şübhəsiz ki, klassikaya müraciət etmək, klassik əsərlərə səhnə ömrü vermək lazımdır. Ancaq, eyni müəllifin əsələrinin az qala ölkənin bütün teatrlarında oynanılması absurddur. Mən qəti şəkildə, əminliklə deyirəm ki, sovet dövründə böyük dramaturq hesab olunan İlyas Əfəndiyevin hansısa əsəriylə teatr mövzümünü açmaq, zövqsüzlük, İlyas Əfəndiyevin vəzifədə olan oğlu Elçinə yarınmaqdır. Teatrda yeni nəfəs çatışmır, gənc yazarlara müraciət etmək, onlara dram əsərləri ilə bağlı master-klaslar keçib, teatr səhnəmizin repertuarını gəncləşdirmək lazımdır. İncəsənət sahəsinə az-çox bələd olanlar bilir ki, gənclərə bu sahədə kifayət qədər geniş şərait yaradılmır. Hər halda gənc nəsli teatra tamaşaçı kimi cəlb etməyin yollarından biri də müasir abu-havalı, müasir ruhlu əsərlərin tamaşaya qoyulmasıdır. Çox yaxşı olardı ki, teatr rəhbərləri, rejissorlar bu məsələyə ciddi dəstək versin. Məsələn, dram əsərləri müsabiqəsi elan etmək, yazarları stimullaşdırmaq mümkündür. Bunun təcrübəsi də var. Məsələn, Hədəf Nəşrləri Gənc Tamaşaçılar Teatrı ilə birgə "Anamın kitabı" müsabiqəsi keçirdi. Mən də həmin müsabiqənin ekspertlərinə rəhbərlik etmişdim. Kifayət qədər maraq yaranmışdı, bu sahəyə... Təəssüf ki, bu cür təşəbbüslər azdır və geniş əks-səda doğurmur, tez unudulur və yaddan çıxır. Hər halda bu barədə ciddi düşünmək, təşəbbüsləri dəstəkləmək lazımdır”.

Yazar Aysel Əlizadə isə yazıçıların problemlərindən söhbət açıb: "Teatr nədir? Bizim üçün ölkədə heç bir şərait yoxdur. Zorla nəfəs alırıq. Kitab satışı şəbəkələri yox, kitab marketingi yox, mağaza yox, PR yox, kitab reklamı yox, efir yox... Nədən danışırsız? Yox əgər dövlət bu işi görmək istəyir, ancaq necə edəcəyini bilmirsə, mənə müraciət etsinlər, əlimdən gələni əsirgəmərəm. Layiqli modern əsərlər səhnəyə də qoyular, satılar da, xalq da oxuyar. Ölkə kültüründə modern dinamika başlayar. Köhnə kafayla yeni işlər görən olubmu?”

Yazıçı Fərid Hüseyn deyib ki, 100-200 ilin əsərlərini təkrar-təkrar tamaşaçılara təqdim etmək doğru deyil:"Şair Əli Kərimlə bağlı maraqlı bir əhvalat var. Onun bir dostu varmış, "klassik”lərin əsərlərini tez-tez səhnəyə qoyarmış. Bu rejissora həmişə Əli Kərim "goreşən” deyərmiş. Günümüzdə də, yaxın 60 ildə də maraqlı əsərlər var ki, onları səhnələşdirmək olar. Onlardan biri də, Əli Kərimin "Ürək güzgüsü” adlı pyesidir. Əsərin məzmunu belədir ki, bir nəfər aparat icad edir, o aparat vasitəsilə insanların ürəyindən keçənləri görmək olur. Bu aparat hamını vəlvələyə salır. Onlar içlərində illərlə gizlətdikləri sirlərin, yalanların üzə çıxmasından qorxurlar. Bu pyesi səhnələşdirsələr, günümüzlə səsləşər, tamaşaçılara da maraqlı olar. Elə əsərlər var ki, kənarda qalıb. Bəlli imzalardan tutub qalmaq lazım deyil. Yaxın 50 il ərzində dünya dramaturgiyası iki estetika dəyişib. Xarici müəlliflərə müraciət edilsə, hər iki estetikanın meyarları Azərbaycan ədəbiyyatına da gətirilər. 100-200 ilin əsərlərini təkrar-təkrar tamaşaçılara təqdim etmək doğru deyil. İllər öncə yaşayan yazar və rejissorların zövqləri müasir dövrümüzlə üst-üstə düşmür. Teatra marağın azalma səbəblərindən biri də insanların zövqü ilə tamaşaların səsləşməməsidir. Bu günün tələblərinə, reallığına uyğun əsərlər səhnəyə qoyulsa, teatra olan maraq artar. Yeni aktyor nəsli yetişir, yeni nəsli 50 il öncəki qaydalarla yetişdirirlər. Onlar nə qədər kirli-paslı əsərlər canlandıracaq? Onlar da qəlibin içinə düşürlər. Yeni əsərlər səhnələşdirilsə, yeni nəsil aktyorlar da fərqli estetika yaradacaqlar. Teatra tamaşaçı tək tamaşaya, əsərə görə getmir, aktyora, rejissor işinə görə gedir. Dəyişiklik olsa, yeni dövr estetika da, aktyor da, rejissor da yetişəcək. Teatr dəbdir. Yeniliyin olması vacibdir”.

Könül İbrahim,
Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]