Analitika

İslam Kərimov haqqında 5 əsas fakt

1-09-2016, 01:52
İslam Kərimov haqqında 5 əsas fakt
Özbək lideri Qərbdə Əndicanda törədilən qətliamla xatırlanır

 

Özbəkistana uzun illər rəhbərliyi ərzində İslam Kərimov ilk dəfə olaraq öz ölkəsinin builki müstəqillik bayramında iştirak edə bilməyəcək. Sentyabrın 1-də Özbəkistanın müstəqillik əldə etməsinin 25-ci ildönümü qeyd olunacaq. Bu tədbirdə prezident xüsusi nitqlə çıxış etməli idi. Lakin şənbə günü 78 yaşlı lider beyinə qan sızması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Kərimovlar ailəsinin bildirdiyi kimi o hazırda reanimasiya şöbəsində tam müayinə edilir. Özbəkistanda ilk dəfədir ki, dövlət başçısının səhhəti barədə rəsmi məlumat verilir. Bu barədə rəsmi bəyanatı Nazirlər Kabineti yayıb.

İslam Kərimov artıq 25 ildir ki, hakimiyyətdədir. Bəs o necə prezident olub? Onun hakimiyyəti dövründə sadə özbəklər necə yaşayıblar? Onun dostları, düşmənləri kimlərdir?

Bizimyol. info özbək lideri ilə bağlı BBC-nin hazırladığı materialı təqdim edir.

Kərimov sovet zəmanəsindən hakimiyyətdə qalan azsaylı liderlərdəndir

1989-cu ildə Özbəkistan lideri Rafik Nişanov Moskvaya - yüksək vəzifəyə dəvət olunanda onun postunu Kərimova həvalə etmişdilər. İslam Kərimov keçmiş sovet respublikalarının rəhbərləri arasında özünə prezident titulu götürən ilk lider idi.

Onu prezident olaraq Özbəkistan SSR-in Ali Soverti 1990-cı ilin 24 martında seçmişdi.
Özbəkistan Konstitusiyası bir nəfərin iki müddətdən artıq dövlət başçısı olmasına icazə verməsə də, bütün bu illər ərzində Kərimov hakimiyyət başında olub. Bu, onun hakimiyyət müddətlərini uzadan bir neçə referendumlar vasitəsilə mümkün olub. Hər referendumdan sonra onun hakimiyyət müddətinin sıfırdan başladığı elan edilirdi.

Onun göstərişi ilə Əndicanda yüzlərlə etirazçı öldürülüb


İnsan haqları müdafiəçiləri İslam Kərimovu müasir dövrün ən qəddar diktatorlarından biri hesab edirlər. "Sərhədsiz Reportyorlar" təşkilatı onu Zimbabve prezidenti Robert Muqabe və Şimali Koreya lideri Kim Çen İrlə birlikdə hətta "qırğı" adlandırıb. Kərimovun hakimiyyəti illərində ən qanlı faciə 2005-ci il, mayın 13-də Əndican şəhərində keçirilən nümayişin dağıdılması olub. Burada silahsız kütlə hökumət qoşunları tərəfindən mühasirəyə alınıb və onlara atəş açılmışdı. Rəsmi məlumatlara görə hadisə zamanı 187 nəfər həlak olub.

O vaxt minlərlə insan Əndicanın mərkəzi meydanına yığılaraq həyat şəraitinin yaxşılaşdırılmasını və vətəndaş haqlarının verilməsini tələb edirdi. Kərimov iddia edirdi ki, Əndicanda İslam qiyamı cəhdi edilib, lakin kütləyə atəş açmaq əmri verilməyib.

İndiyədək xarici mətbuatda Özbəkistanda baş verən insan haqları pozuntuları barədə məlumatlar dərc olunur. Xəbər verilir ki, fərqli düşüncənin qarşısı alınır, siyasi məhbuslara işgəncələr verilir.

Varissizdir. Oğlu yoxdur. Qızları ilə münasibətləri mürəkkəbdir


İslam Kərimovun oğul övladı yoxdur. Kərimov ailəsinin ən tanınmış üzvü onun böyük qızı Gülnarədir. Bir vaxtlar o, Mərkəzi Asiyanın ən nüfuzlu adamlarından biri sayılırdı. Bizneslə məşğul olur, müğənnilik edir, New York-da öz geyimlərindən ibarət kolleksiyaların nümayişini keçirirdi. Gülnarə Rusiya və Özbəkistan oliqarxları ilə dost münasibətlərə malik idi və atasının siyasətinə təsir göstərə bilirdi. Lakin 2013-cü ildə onun nüfuz və biznes imperiyasına son qoyulub.


Xaricdə onu çirkli pulların yuyulmasında ittiham edirlər. Özbəkistanın özündə isə Gülnarə ev məhbusudur. Prezident ailəsinin digər üzvləri barədə məlumatlar azdır. Onun kiçik qızı Lola "Sən tənha deyilsən" adlı xeyriyyə fonduna rəhbərlik edir. Bu fond ürək qüsurlarından əzab çəkən uşaqlara yardım göstərir. Kərimovun arvadı Tatyana haqqında az qala heç nə bilinmir.

Özbəkistan iqtisadiyyatı pambıq və ailələrinə pul göndərən miqrantlar üzərində qərar tutub

Kərimovun zamanında bir çox böyük sovet müəssisələri dayanıb. Son vaxtlarda qaz və elektrik fasilələrlə verilir. Milli valyuta olan sum qeyri-sabit olaraq qalır. Buna baxmayaraq, Özbəkistan təbii sərvətlərlə zəngindir. Ölkə neft və qaz ixrac edir, habelə dünyanın 5 pambıq ixracatçısından biridir. Qızıl ehtiyatlarına görə Özbəkistan dünyada 4-cü, onun hasilatına görə isə 9-cu yerdədir.
Ekspertlərin qiymətləndirməsinə görə ölkədə biznes mühiti qeyri-qənaətbəxşdir. "Transparency International” beynəlxalq təşkilatının illik korrupsiya reytinqlərində ölkə bir qayda olaraq 150-ci yeri tutur.

Ölkədəki iqtisadi çətinliklər üzündən əhalinin 10 faizi xaricdə işləməyə məcburdur. Onlardan 58 faizi Rusiyada işləyir. Bundan başqa özbəklər qazanc üçün Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya və Avropa ölkələrinə üz tuturlar.

Özbəkistan daim Rusiya ilə Qərb arasında ləngər vurub, qonşuları ilə münasibətləri gərgindir


Rusiya Özbəkistanın ən mühüm siyasi və iqtisadi partnyoru olaraq qalır. 2014-cü ilin dekabrında Rusiya və Özbəkistan arasında maliyyə öhdəliklərinin qarşılıqlı tənzimlənməsinə dair saziş imzalanıb. Bu sazişə görə Moskva Daşkəndin borclarının 95 faizini, başqa sözlərlə 860 milyon dollardan çox borcunu silib.

Rusiya həm də Özbəkistanın əsas ticarət partnyorudur: Özbəksitanın xarici ticarətinin 27, 5 faizi Rusiya ilədir.

Tacikistan Özbəkistan hakimiyyətinin ən çətin münasibətlərə malik olduğu ölkə sayılır. İki ölkə arasındakı münasibətləri son illərdə hətta "soyuq müharibə" adlandırıblar. Özbəkistan Düşənbənin demək olar, bütün su-enerji təşəbbüslərinə qarşı çıxır və Tacikistan və Qırğızıstanda su-elektrik stansiyalarının tikilməsi əleyhinədir. Daşkənd belə bir narahatlıq ifadə edir ki, çaylarin üzərində əlavə stansiyalar Özbəkistan, Qazaxıstan və Türkmənistanda su qıtlığı yaradaraq ekoloji problemlərə səbəb ola bilər. Özbəkistan-Tacikistan sərhədi boyunca uzun bir ərazi minalanıb və bu, yerli əhali üçün ciddi çətinliklər yaradır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]