Elm

Kolleclərin də dərs otaqları boş qaldı

1-09-2016, 01:47
Kolleclərin də dərs otaqları boş qaldı
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı dünən başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından  verilən məlumata görə, müsabiqə nəticəsində 152 boş yer qalmışdı. Lakin qeydiyyat prosesi bitdikdən sonra məlum olub ki, 1068 abituriyent qəbul olduğu orta ixtisas məktəbində qeydiyyatdan keçməyib. Beləliklə, boş qalan plan yerlərinin sayı ümumilikdə 1220-dir. Tam orta təhsil bazasında müsabiqədə iştirak edən, lakin qəbul ola bilməyən abituriyentlərin sayı isə 11 minə yaxındır. Həmin abituriyentlər boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə bilərlər. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə 1 sentyabr saat 10:00-dan 4 sentyabr saat 23:59-dək ixtisas seçimi aparılacaq.

İxtisas seçiminə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə bu il ərizə təqdim edən və ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Qeyd edək ki, hər hansı bir təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər ixtisas seçiminə buraxılmırlar.

Kolleclərin boş qalan plan yerlərinin siyahısı 01 sentyabrda "Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

Hər il kolleclərlə bağlı müəyyən islahatlar aparılsa da tələbələr arasında bu təhsil müəssisələrinə üz tutanların sayı ildən-ilə azalır. Bu azalma isə özünü boş qalan plan yerlərinin sayında göstərir. Bəs peşə məktəblərinə, kolleclərə marağın artırılması üçün hansı addımlar atılmalıdır?

Təhsil eksperti Kamran Əsədov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, son 4 il ərzində istər ali məktəblərdə, istərsə də orta ixtisas məktəblərində qəbul zamanı kifayət qədər böyük sayda boş plan yerləri qalır: "Əlbəttə, bu heç də yaxşı hal deyil. Çünki, ilk növbədə öncədən təhsil müəssisələrinin planlaşdırılırmış iş rejimi pozulur. Bu il təkcə ali məktəblərə 7 mindən çox plan yeri boş qaldı. Statistik göstəricilər ildən-ilə artır. Lakin bu plan yerlərini doldura biləcək qədər abituriyent keçid balını toplaya bilməyib kənarda qalır. Təssüflər olsun ki, ali məktəblərlə yanaşı, orta ixtisas məktəblərinə qəbul bitəndən sonra məlum oldu ki, bu pillədə də kifayət qədər böyük sayda boş plan yeri qalıb. Ancaq qəbul zamanı keçid balları kifayət qədər yuxarı qalxmışdı. Hesab edirəm ki, aidiyyəti dövlət qurumları bu məsələnin həllində ciddi şəkildə maraqlı olmaldırlar. Belə ki, hər il kifayət qədər böyük sayda boş yerin qalmasına baxmayaraq, hər il plan yeri artırılır”.

Ekspert hesab edir ki, problemi aradan qaldırmaq üçün ilk növbədə əmək bazarında ehtiyac olmayan və ya az olan ixtisaslara qəbul aparılmamalıdır. "Bundan başqa, bir çox ixtisaslar var ki, onlar həm orta ixtisas məktəblərində, həm də ali məktəblərdə var. Sonda işə qəbul zamanı ali məktəbləri bitirənlərə üstünlük verilir. Ona görə də, təklif edirəm ki, bir sıra ixtisaslar ya yalnız orta ixtisas məktəblərində, ya da ali məktəblərdə tədris edilsin. Yalnız onlardan biri bu sahə üzrə mütəxəssis buraxsın. Bundan başqa, işə qəbul zamanı təhsil pilləsinin hansı olması fərqi qoyulmasın. Çünki, hər kəs bilir ki, əgər bu pilləni bitirsə, işlə təmin olunmayacaq. Orta ixtisas məktəblərinə marağın az olmasının başqa bir səbəbi də odur ki, onların yerləşdiyi ərazilər uzaqdadır, binaları o qədər də müasir deyil. Maddi texniki bazası zəifdir”.

Aysel İsgəndərli

Administratorla əlaqə

077 611-55-22

[email protected]