İqtisadiyyat

Azərbaycan milyonçularının pul saxlancı

20-08-2016, 17:46
Azərbaycan milyonçularının pul saxlancıVarlılar ölkədə tüğyan edən qarət və soğyunlardan qorunmaq üçün hansı yola əl atır?
Banklar seyf xidməti ilə ucuz qiymətə pulları qoruyur, amma…

 

Banklarda seyf xidmətinə tələbat artıb. Xüsusilə ötən ilin əvvəlində və sonunda olan devalvasiyadan sonra əhali pulunu evdə deyil bank seyflərində saxlamağa üstünlük verir.Bizimyol.info saytının araşdırması zamanı məlum olub ki, əvvəlki illərə nisbətən son bir ildə bank seyfi xidmətindən istifadə edənlərin sayı 20 faizədək artıb.  Xaricdə daha çox istifadə edilən bu təcrübənin Azərbaycanda da populyarlaşmasının səbəbləri isə çoxdur. 

Banklara etimadsızlıq və "yastıq altındakı pullar”

2015-ci ilin dekabr ayında ikinci kəskin devalvasiyadan əvvəl mətbuata açıqlama verən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirmişdi ki, əhali öz pullarını evdə, yastığın altında saxlamağa üstünlük verir. ""İnsanlar dollar almağa milyardlarla manat xərcləyir və sonra valyutanı yastığın altına qoyurlar. Bu dollar kütləsi iqtisadiyyata heç cür xidmət etmir” . 
Dekabr ayında baş verən ikinci devalvasiyadan sonra "üzən məzənnə”yə keçidlə bağlı qərar verildi. Bununla bağlı açıqlama verən maliyyə naziri Samir Şərifov da əhaliyə pulu evdə saxlamamağı məsləhət görmüşdü: "Hazırda dövlət və Mərkəzi Bank tərəfindən bir sıra tədbirlər görülür ki, ajiotaj aradan qalxsın və manata olan hörmət yenidən bərpa olunsun. Bunun üçün yaxın günlərdə bazara Maliyyə Nazirliyi tərəfindən manat istiqrazları buraxılacaq. İstiqrazlara qoyulan faizlər isə yüksək olacaq. Əhaliyə tövsiyə edərdim ki, manatlarını bu istiqraza qoysunlar. Böyük məbləğdə pulun evdə saxlanılması riskdir, oğru gələ bilər, yanğın ola bilər...". 
Devalvasiyadan sonra ölkədə artan cinayət halları Milli Məclisdə müzakirə mövzusu olub. Deputat Zahid Oruc maliyyə nazirinin xalqa tövsiyəsini xatırladaraq bildirmişdi ki, artıq son dövrlərdə sosial cinayətlərin sayı artıb. "Az qala millət vəkillərinin evlərinə oğurluğa girsinlər” - deputat bildirmişdi.
Hökumət nümayəndələrinin bu çağırışlarına baxmayaraq, əhali əlində olan pulları əmanət şəklidə banka qoymağa üstünlük vermədi. Bunun əsas səbəbi isə banklara qarşı etimadsızlıqdır. Belə ki, maliyyə çətinliyi fonunda ard-arda bağlanan bankların əmanətlərinin qaytarılmasında müəyyən problemlər yarandı. Bir çox banklarda əmanətlərin sığortalanmadığı məlum oldu, həmçinin sığortalanan əmanətlərin də ödənilməsində problemlər yarandı. Buna görə də əhali pulunu banka əmanət şəklində yatırmağa deyil, özündə saxlamağa üstünlük verdi. 

Artan oğurluqlar

Son vaxtlar ölkədə evlərdən oğurluq və soyğunçuluq edilməsi kimi cinayətlərin artması müşahidə olunur.  Daxili İşlər Nazirliyinin bu barədə yaydığı məlumatlardan aydın olur ki, oğurluq hadisələri zamanı evlərdən külli-miqdarda pul, xüsusilə dollar, qızıl-zinət əşyaları aparılır. Dünən DİN-in yaydığı məlumatda Bakıda mənzildən külli miqdarda pul oğurlandığı bildirilirdi. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Rusiya Federasiyası vətəndaşı Bəhman Səmədovun evindən 150000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Aqil Vəkilov tutulub…
Bu kimi xəbərlərə həftə ərzində bir neçə dəfə rast gəlmək olur. Xüsusilə də yay aylarında oğurluq hadisəsi daha intensiv baş verir. Belə ki, insanlar istirahət üçün uzunmüddətli səfərlərə çıxır, xarici ölkələrə, bölgələrə gedir, bağ evlərinə köçür, bu zaman evlər boş qalır. Təbii ki, səfərə çıxan insan külli-miqdarda pulu və qızıl-zinət əşyalarını özü ilə götürmür. 
Oğurluq səbəbi ilə pulu evdə saxlamaq da böyük riskdir. Qayıdarkən pis sürprizlərlə rastlaşmamaq üçün vətəndaşlar pul və qiymətli əşyalarını bank seyflərində saxlamağa üstünlük verirlər. 
Beləliklə, aydın olur ki, baş bankirin dediyi kimi, pulu yastıq altında saxlamaq təhlükəlidir. Məhz bu səbəbdən də vətəndaşlar çəkidə yüngül, vəzndə ağır əmlakını bank seyflərində saxlamağa üstünlük verirlər.

Bank seyflərinin icarəsi neçəyədir?

Banklardan birinin filial rəhbəri Bizimyol.info saytına açıqlamasında deyib ki, bank seyfləri illərdir bütün banklarda fəaliyyət göstərir. "Bankların gəlir növlərindən biri də bank seyflərinin icarəyə verilməsidir. Bununla bağlı vətəndaşla bank arasında icarə müqaviləsi imzalanır. İcarənin məbləği isə seyfin ölçüsündən asılı olaraq dəyişir və hər bankın özünün müəyyənləşdirdiyi tarifə əsasən hesablanır. Orta qiymət illik 30 manatdan 400 manatadək dəyişir. Seyflərdə pul, qızıl, sənəd və müxtəlif əşyalar saxlanılır. Ancaq nə saxlanıldığı gizli olduğunua görə, həmin əşyalar sığortalanmır. Yəni banka qoyulan əmanətlərin sığortalanması aparılsa da, seyfdə saxlanan əşya nə olmasından asılı olmayaraq, sığortalanmır” - deyə müsahibimiz bildirdi.
Bank mütəxəssisi əlavə edib ki, saxlanılan əşyalar gizli olmasına və yalnız müştərinin bu barədə məlumatlı olmasına baxmayaraq, seyfi icarəyə götürən şəxsə dövriyyəsi qanunla qadağan edilmiş əşyaların seyfdə saxlanılmaması ilə bağlı xəbərdarlıq edilir. Əks-halda buna görə müştəri məsuliyyət daşıyır. "Saxlanılan seyflərə bankın heç bir əməkdaşı müdaxilə edə bilmir. Sistem elə qurulub ki, yalnız müştərinin özü otağa girərək, yalnız özündə olan açarla o seyfi aça bilər. Seyfdə olan əşyanı götürmək, əlavə etmək, nəyisə götürmək, nəyisə qoymaq onun özü tərəfindən həyata keçirilir”.

Bank seyfində pul saxlayanların konfidensiallığı

Bank əməkdaşının sözlərinə görə bank seyfində pul saxlayan müştərilərin konfidensiallığı qorunur və onun kimliyi barədə məlumatlar hətta hüquq-mühafizə orqanlarına da verilmir. "Yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda müştəri barəsində informasiya verilə bilər. Əks halda, nə polis, nə prokurorluq, nə də digər orqanlar bu informasiyanı bankdan əldə edə bilməzlər”. 
O əlavə edir ki, şəxsin məhkəmə qərarına əsasən əmlakının müsadirəsi zamanı da eyni prosedur həyata keçirilir. "Şəxsin əmlakının müsadirə olunması ilə bağlı qətnamə qanuni qüvvəyə mindikdən sonra qərar icra olunmaq üçün icraya yönəldilir. İcra hərəkətləri başladıqdan sonra icra məmuru bütün instansiyalara şəxsin adına olan əmlak barədə məlumat verilməsi ilə bağlı sorğu göndərir. Banka da sorğu verir ki, sizdə depozit hesabı varmı, seyf icarəyə götürüb, ya yox. Bu halda, məhkəmə qərarı olduğu üçün məlumatın verilməsi məcburidir”.

Seyfi kim aça bilər?

Qeyd edək ki, seyf icarəsi üçün müqavilə bağlandıqdan sonra bank tərəfindən  bir ədəd açar təqdim edilir. Müqavilə saxlayan şəxsdən başqa, yalnız notarial qaydada etibarnamə verilmiş digər şəxs etibarnaməni və açarı təqdim etməklə seyfdən istifadə edilə bilər. Banklar isə həmin seyfi açmaq səlahiyyətinə və imkanına malik deyillər. Bankın yalnız səlahiyyətli əməkdaşında seyfin ikinci açarı da olur. Ancaq həmin açar seyfin yalnız birinci qıfılı açılır, ikinci qıfıl isə müştəridəki açarla açılır. Seyfi icarəyə götürən şəxs banka gələrkən, bankın əməkdaşı ilə seyflərin olduğu otağa yollanır. Bankın əməkdaşı açarı ilə seyfin birinci qıfılını açır və otağı tərk edir. Müştəri seyflərin olduğu otaqda tək qalır və özündəki açar ilə seyfi açaraq əşyaları seyfə qoya və ya götürə bilər. Bankın rəhbərliyi və işçiləri daxil seyfdə nə saxladığınızı heç kim bilmir. Müştəri seyf ilə işini yekunlaşdırdıqdan sonra onu bağlayır və otaqdakı telefon vasitəsilə bankın əməkdaşını çağırır. Bankın əməkdaşı da özündəki açar ilə seyfin ikinci qıfılını bağlayır. Müştərinin banka gəlmə və getmə vaxtı qeydiyyat vərəqəsində qeyd olunur.
Əgər müştəri seyfin açarını itirərsə, banka məlumat verməlidir. Bu halda çilingər çağırılaraq müştərinin iştirakı ilə seyfin qıfılı sındırılaraq açılır və bütün xərclər müştəri tərəfindən ödənilir.
 
İcarə haqını ödəməsəniz...

Əgər seyfdə başqalarına aid əşyalar saxlayırsınızsa, hər bir əşyanın üzərinə sahibinin adını yaza bilərsiniz. Əgər müştəri həyatını itirərsə, üzərinə ad yazmamısınızsa,  seyfdə olan bütün əşyalar varislərinizə qalacaq.  Bu halda, məhkəmə qərarı ilə açılan seyf ekspertlər tərəfindən qiymətləndirilərək maddi dəyəri hesablanır və varislərə ödənilməsi təmin edilir. Əgər üzərinə ad yazılıbsa, məhkəmə əşyaları sahiblərinə təqdim edir. 
Seyfdən istifadə üzrə illik icarə haqlarını ödəmədikdə, bank tərəfindən xəbərdarlıq edilir. Xəbərdarlıqdan sonra icarə haqqını ödəməsəniz bank hüquqi yollarla bu pulu sizdən ala bilər. Belə ki, notarius (və ya məhkəmə) vasitəsilə seyfiniz sındırılaraq  içərisindəki əşyalar bir-bir qeydə alınır. Bir müddət sonra banka gələrək əşyaları tələb etsəniz, icarə ödənişləri və cəriməni ödəyərək onları götürə bilərsiniz. Əgər qanunvericiliklə müəyyən olunmuş müddət ərzində Banka hər hansı bir tələb olmasa, bank bu əşyaları dövlətin xəzinəsinə təhvil verir.

Bank seyfləri sığortalanmır

Yuxarıda da qeyd etdiyimiz kimi icarəyə götürülmüş bank seyfinin içərisində nə olduğu bilinmədiyi üçün sığorta olunmur. Bəs bu halda baş verən hər hansı bir hadisə ilə bağlı kim məsuliyyət daşıyır? Bank mütəxəssisi Əkrəm Həsənov deyir ki, bankla müştəri arasında yalnız icarə müqaviləsi bağlandığına görə, bankın seyfdəki əşya ilə bağlı heç bir öhdəliyi yoxdur. "Yalnız müqavilədə məsuliyyətlə bağlı hər hansı müddəa nəzərdə tutulubsa, bu halda mümkündür. Digər hallarda isə bank, icarə müqaviləsinin öhdəliyinə əsasən, ancaq seyfin saxlanmasına görə məsuliyyət var. Məsələn, yanğın hadisəsi baş veribsə və hadisə bankın günahı üzündən olmayıbsa, məsuliyyət yaranmır. Bank yalnız seyfə qanunsuz müdaxilə nəticəsində baş vermiş hallarla bağlı məsuliyyət daşıyır. Bank seyfləri ilə bağlı hansısa problem yaranması hallarına təcrübədə rast gəlinməyib. Yaxud da baş veribsə belə, bizə məlumat çatmayıb. Bunun da səbəbi odur ki, o cür seyflərdən istifadə edənlər adətən çox varlı şəxslər olur və üzə çıxarmaq istəmədikləri pulları həmin seyflərdə saxlayırlar. Buna görə də hansısa problem yaranacağı halda, onlar yəqin ki, məsələnin ictimailəşməsinin tərəfdadı olmazlar.  Çünki bu halda, həmin vəsaitin haradan əldə olunduğu və s. kimi məsələlər ortaya çıxacaq” - deyə Ə.Həsənov bildirdi.

Rəşad VAQİFOĞLU

 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]