Gündəm / İslam

Mircəfər Bağırovun göstərişi ilə Bibiheybət pirinə bomba qoyub partlatdılar...

10-08-2016, 23:42
Mircəfər Bağırovun göstərişi ilə Bibiheybət pirinə bomba qoyub partlatdılar...

Bibiheybət pirində dəfn olunan  Həzrəti Həkimə xanım İmam Museyi Kazım əleyhissalamın qızı, İmam Rzanın bacısıdır.

Sevimli qardaşının şəhadətindən sonra IX əsrdə Həzrət Həkimə xanım ailə üzvləri ilə birlikdə İranın Ənzəli şəhərinə gəlir. Buradan da deyilənə görə xeyirxah Baba Sücəddin tərəfindən dənizlə Bakı limanına çatdırılır. Baba Sücəddin Bakını Həzrət üçün təhlükəsiz bildiyindən, onu Hacı Bədir adlı imkanlı bir dostuna tapşırır (düzgünün Allah bilir). Səxavətli, ədəbli, Əhli-Beytə sadiq bir insan olan Hacı Bədir bütün ömrü boyu evində himayə etdiyi İmam övladlarına xidmət etmişdir. Düşmənlərinə xəbər çatmasın deyə, həzrətin əsl adını gizlədir, ona "Bibi” deyə müraciət edirdilər. Həkimə xanımın yanında Heybət adlı xidmətçisi olduğundan, ona – "Bibi Heybət” yəni, "Heybətin bibisi” deyə, müraciət etmişlər.

Həzrət Həkimə xanım Bakıya gələrkən qardaşı İmam Rzanın balalarını da  gətirmişdir. Həmin uşaqların – iki oğlan, bir qız – məzarları da Həzrət Həkimə xanımın müqəddəs məzarı ilə yan-yana Bakının cənub girəcəyində dəfn edilmişdir. Hacı Bədir (bəzi mənbələrdə onun elə Heybət olduğu bildirilir) isə öz arzusuyla xanımın ayaq tərəfində və aşağı səviyyədə dəfn edilmişdir. Onların dəfn edildiyi yer "Bibiheybət” piri adı ilə bütün dünyada məşhurdur. Buraya ziyarətə həm Azərbaycandan, həm də qonşu ölkələrdən çoxlu sayda zəvvarlar gəlir.

Bibiheybət məscidi Şirvanşah II Fərruxzad tərəfindən XII əsrdə inşa edilmişdir. Məscidin divarındakı kitabədən A. Bakıxanov, P. İ. Berezin, B. Dori və N. O. Xanıkov öz əsərlərində bəhs etmişlər. Həmin kitabədə məscidi 1281-1282-ci illərdə II Fərruxzad ibn II Əhsitan ibn III Fəribüruzun memar Mahmud ibn Sədiyə tikdirdiyi yazılmışdır. Kitabənin mətni aşağıdakı kimidir:

"Bu Məscidi tikməyi əzəmətli Məlik, böyük sultan, dövlətin və dinin qoruyucusu, möminlər əmirinin köməkçisi əbu-l-Fəth Fərruxzad ibn Əhsitan özünə rəva görmüşdür. Allah onun hakimiyyətini ucaltsın”.

Bu mətn Xanəgah məscidinin mehrabındakı kitabədəki mətnlə eynidir.

Bibiheybət piri ilə bağlı apardığımız araşdırmalar zamanı əldə etdiyimiz  tarixi  sənəd və fərmanlardan görünür ki, Şirvanşahlardan başlayaraq, Səfəvilərədək bütün hakimlər Bibiheybət məqbərəsini həmişə himayə altında saxlamışlar. Bu fərmanlardan biri I Şah Təhmasib tərəfindən 1547-ci ildə verilmişdir. Bu fərmanda Abşeron yarımadasının cənub-şərqində, Bakı şəhəri yaxınlığında yerləşən Zığ kəndinin əmlak və sərvətinin keçmiş dövrlərdən etibarən Bibiheybət məqbərəsinə vəqf olunması təsdiq edilir və həmin fərmanların hələ də öz güçünü itirmədiyi təsdiq olunur.

I Şah Abbasın 1607- ci ildə verdiyi fərmanda isə, deyilirdi:

 "Zığ kəndinin sərvət və əmlakını, asitanə dərvişlərinin 1000 baş və Zığ kəndi rəiyyətlərinin 500 başdan ibarət qoyunlarının çobanbəyliyini, malibağ vergisini, pambıq əkininin, habelə asitanə dərvişlərinin Duldərədəki taxıl əkininin üşürünü və üç neft quyusunun vergisini məbləğli və məbləğsiz olaraq, keçmiş qayda üzrə adı çəkilən idarəyə bağışladıq, mərhəmət buyurduq".

 Başqa bir sənəd 1667-ci ildə Şah Süleymanın verdiyi fərmandır. Bu fərmanda şah şirvan vilayətinin bəylərbəyisi və Bakı hakiminin nəzərinə çatdırır ki, Bibiheybət məqbərəsinin mütəvəlli və dərvişlərinin vəqf yerlərinə və hüquqlarına təcavüz edilməsin.

Mərdəkan kəndində də Bibiheybət şıxlarının vəqf yerləri vardı. Bu yerlər Mərdəkandakı dairəvi qalanın ətrafındakı üzüm bağlarından ibarətdi. O vaxtdan burdakı dairəvi qala mərdəkanlılar tərəfindən Şıx qalası adlanır. Yeri gəlmişkən, dairəvi qalaya xalq arasında "Şıx qalası” da deyirlər. Qalanın belə adlanmasına səbəb qala ətrafındakı torpaq sahsinin Bakının Şıx kəndində mövcud olan Bibiheybət pirinə vəqf olunmasıdır.

 Mərdəkandakı XIII əsr abidəsi olan bu qalanı  ərəb Məsudun oğlu Əbdülməcid tikdirmişdir. Qalanın qapısının yuxarı hissəsindəki daş kitabədə onun Şirvanşah Fərruxzad oğlu Gərşasbın hakimiyyəti zamanı 600-cü ilin mordad ayında tikildiyi yazılıb. Kitabədə adı çəkilən Şirvanşah Gərşasbın hakimiyyəti miladi 1204-1224-cü illəri əhatə etdiyindən, qalanın da bu illərdə tikildiyi ehtimal edilir.

Yeri gəlmişkən, onu da qeyd edim ki, Şirvanşah Fərruxzad oğlu Gərşasbın adına Hacıqabul rayonu ərazisində, Pirsaat çayının sahilində yerləşən məşhur Pir Hüseyn xanəgahının kitabəsində, eləcə də Bibiheybət pirinin  kitabəsində də rast gəlirik.

Bibiheybət məscidində uyuyan İmam balalarını dünyanın bir çox tanınmış şəxsiyyətləri öz dövrlərində ziyarət etmiş və burada duaları qəbul olunmuşdur.

 Belə ki, XIX əsrin görkəmli şəxsiyyətlərindən biri olan Azərbaycan xalqının şairə qızı Xurşud Banu Natəvan (Qarabağ xanı Mehdiqulu xanın qızı) ərə gedəndən sonra bir müddət uşağı olmadığı üçün Bibiheybət ziyarətgahına gəlmiş və burada Allahdan özünə övlad diləmişdir. Nəzir olaraq isə bu ziyarətgaha yol çəkməyi əhd etmişdir. Oğlu dünyaya gələndən sonra əhdini yerinə yetirən Xurşud Banu Natəvan balasını qucağına alıb, çəkdirdiyi yolla Həzrət Həkimə xanımın qəbrini ziyarətə gəlmişdir. Nəzir dediyi yolu salmaqla xan qızı Natəvan Azərbaycanı Yaxın Şərq və qonşu ölkələrlə birləşdirən ticarət və ziyarət yolunu xeyli asanlaşdırmışdır.

Həzrəti Həkimə xanımın Şıx kəndindəki (Sovet dövründən bu yana  kəndə Şıxov deyirlər.) türbəsini Quba xanı Fətəli xan da tez-tez ziyarət edərmiş. Bu ziyarətlərin birində dünyasını dəyişən Fətəli xan öz arzusuyla ziyarətgahın həyətində dəfn olunmuşdur. Fətəli xanın məzarı 1937-ci ilin repressiyası dövründə yerlə yeksan edilmişdir. Yaxşı ki, onun baş daşı qorunmaq, mühafizə olunmaq üçün Azərbaycan Tarix Muzeyinə təhvil verilmişdir.

1934-cü ildə Mircəfər Bağırovun hakimiyyəti dövründə (çox güman ki, onun tapşırığı ilə) Səməd adlı kommunist rəhbərlərdən biri ziyarətgaha qarşı insanlığa sığışmayan hərəkətə yol vermişdir. Yəni, bu nadan ziyarətgaha bomba qoyub buranı partlatmışdır. Xoşbəxtlikdən imam övladlarının qəbirləri dağılmamış və xalq bu qəbirləri məscidin yıxılmış sütunları altında gizlətmişdir. Sovet dönəmində insanlar gizli yolla uzun müddət bu qəbirləri ziyarət etmişlər.

Qeyd edim ki, Səmədin də əməlləri cəzasız qalmamışdır. Belə ki, repressiya illərində o da Sibirə sürgün olunmuş və sürgündən kor olmuş halda qayıtmışdır.

Bu hadisə yadıma Nacuruddövlənin hakimiyyəti dövründə baş verən ibrətamiz bir əhvalatı saldı. Əhvalat belə olmuşdur:

Nəcuruddövlənin hakimiyyəti dövründə Həzrət Peyğəmbərimizin qəbrinin qonşuluğunda yaşayan iki yəhudi evlərinin içərisindən lağım ataraq, Peyğəmbərin pak qəbrini dağıtmaq istəyirdilər. Nəcuruddövlə yuxuda görür ki, Peyğəmbər ona deyir: "Məni bu iki nəfərin əlindən xilas et".

Bir neçə gün bu yuxunu təkrar görür, heyrətdən donub qalır və bilir ki, Mədinədə nəsə pis bir hadisə baş verməkdədir. Mədinəyə gəlib, şəhər əhalisinin hamısını cərgəyə düzdürür. Bir-bir hamısının üzünə baxdıqda, yuxuda gördüyü həmin iki nəfəri tanıyır. Göstəriş verir ki, onları tutub, bu məkrli planlarını zərərsizləşdirsinlər və onlara ağır cəza versinlər.

Sonra göstəriş verir ki, şərif qəbrin ətrafını qazıb, onu əridilmiş filizlə doldursunlar ki, poladdan olan bir divar yaransın və gələcəkdə heç kəs belə işlərə cəsarət etməsin".

Sözardı: həmin iki nəfərin törəmələri indi bütün Şərqi əhatə eləyiblər və müqəddəs ziyarətgahlara qənim kəsiliblər.. Allah həqiqi müsəlmanları zalımların fitnə-fəsadından qorusun! Amin!

Həzrət Həkimə xanımın şərif məzarı hələ ta qədimdən bu günümüzədək övliyasevərlərin sevimli ziyarətgahına çevrilmişdir. Onun haqqında geniş məlumatı müəllifin "Xanım övliyalar” kitabından oxuya bilərsiniz.

Paşa Yaqub - tədqiqatçı-yazıçı

Administratorla əlaqə

077 611-55-22

[email protected]