Mədəniyyət

Əxlaqsız Masaj salonları ilə bağlı Prezidentə açıq məktub - Bir atanın fəryadı

25-04-2016, 21:42
İki uşaq atası masaj salonları ilə bağlı prezidentə müraciət etdi.
 

Zöhrab Əliyev: Bir ata kimi, ölkə başçısından xahiş edirəm. Bu tip obyektlərin bina altında fəaliyyətinə qadağa qoysun.

BAKI, 25 apr – Sputnik. Paytaxtın bir çox yerində, əsasən də mərkəzi küçələrdə "masaj salonu” adı altında əxlaqsızlıq yuvalarının fəaliyyət göstərdiyi heç kimə sirr deyil. Bununla bağlı istər televiziyalarda, istərsə də internet mediada dəfələrlə məlumat verilib. Lakin heç bir xəbər ya da məlumat "masaj salon”larının işinə maneə olmayıb. Əksinə, bu cür salonların sayı hər gün daha da çoxalır. Əldə etdiyimiz məlumata görə, artıq rayonlarda da əxlaqsızlıq yuvaları, yəni "masaj salonu” açanların sayı artıb. 

Ən təəssüfedici məqam isə odur ki, bu cür obyektlər şəhərin mərkəz küçələrində, özü də yaşayış binalarının altında yerləşir. 

"Mənim iki övladım var. Azyaşlıdırlar. Yoldaşım da din əhlidir. Uşaqlarımı pəncərədən çölə baxmağa qoymuram. Hər viddə adam girir çıxır. Onların tərbiyəsinə zərər gəlsin istəmirəm. Bir ata kimi, ölkə başçısından xahiş edirəm. Bu tip obyektlərin bina altında fəaliyyətinə qadağa qoysun”. Bunu Sputnik-in əməkdaşı ilə söhbətdə vətəndaş Zöhrab Əliyev deyib. 

Bakıdakı masaj salonlarından biri

Zöhrab Əliyev Rəşid Behbudov küçəsində, Kapital Bankın arxasındakı binada yaşayır. Lakin tək şikayətçi o deyil. Digər sakinlər də ərazidə çəkiliş aparıldığını görüb mövzu ilə bağlı öz münasibətlərini bildiriblər. Ən maraqlı münasibəti isə özünü aptek işçisi kimi təqdim edən Nihad Əzimov verib:

"Cinsi həvəs artırıcı dərmanlar heç gün başa çatmamış satılıb qurtarır. Gəlib burdan dərman alıb, binanın altındakı masaj salonuna düşürlər. Özünüz düşünün də, bura əgər masaj üçün gəlirlərsə, belə dərmanlar niyə alırlar? Bizi satışın səviyyəsi yox, millətimizin tərbiyəsi daha çox maraqlandırır. Təəssüflə qeyd etmək istəyirəm ki, 18 yaşdan aşağı uşaqlar da bu bataqlığa sürüklənirlər”. 

N.Əzimovun dedikləri boşuna deyilmiş. Elə ərazidə olduğumuz müddətdə kifayət qədər azyaşlı uşağın salonlara girdiyinin şahidi olduq. 

Masaj salonu kimi fəaliyyət göstərən əxlaqsızlıq yuvalarındakı əsl mənzərəni çəkib göstərmək təhlükəli olduğu üçün içəridən çəkiliş apara bilmədik. 

Əgər əvvəllər bu cür salonlar şəhərin mərkəzində fəaliyyət göstərirdilərsə, bu gün artıq ətraf yerlərə də yayılıb. Məsələn, belə əxlaqsızlıq yuvalarından biri metronun Memar Əcəmi stansiyasının çıxışında, insanların gur olduğu yerdə açılıb. Özü də yaşayış binasının 1-ci mərtəbəsində. Birbaşa yola baxan bu məkana hər gün onlarla insan girib-çıxır. Ən çox da cavanlar. Bəlkə də heç yaşı 18-ə çatmayan uşaqlar. 

Həmin binada yaşayan sakinlərdən öyrəndik ki, bura açıq fahişəxanadır. Və heç kim qorxusundan şikayət edə bilmir. Çünki obyektin sahibinin güclü əlaqələri var imiş. Yan binada yaşayan Elçin Talıbov belə deyir:

"Bu binada yaxın tanışım yaşayırdı. Ailəli idi. Bu dərəbəyliyə dözməyib başqa yerə köçdü. Kim öz ailəsini burda saxlaya bilər ki?”.

Disko klub və barlardakı səs-küydən şikayətlənən vətəndaşlar da az deyildi. 

"Gecə yarısınadək səsdən yatmaq olmur. Düzdür, mənim evim qarşıdakı binadadır. Amma səs bura da gəlir. O klubların üstündə yaşayanların halını təsəvvür edə bilmirəm” – deyə, sakin Qalib Əliyev bildirib.

Vətəndaşların dediyi kimi, vəziyyət çox acınacaqlıdır. "Masaj salon”ları, yəni əxlaqsızlıq yuvaları, barlar hər gün göbələk kimi artmaqda davam edir. Hələ ki, dövlət səviyyəsində bu problemi həll edən heç bir qurum yoxdur. Vətəndaş Zöhrab Əliyevin dediyi kimi, çox yaxşı olardı ki, bu cür obyektlərin bina altında fəaliyyətinə qadağa qoyulsun..

Əxlaqsız Masaj salonları ilə bağlı Prezidentə açıq məktub - Bir atanın fəryadı
Əxlaqsız Masaj salonları ilə bağlı Prezidentə açıq məktub - Bir atanın fəryadı
Əxlaqsız Masaj salonları ilə bağlı Prezidentə açıq məktub - Bir atanın fəryadı

Administratorla əlaqə

077 611-55-22

[email protected]