Müsahibə

“Vəziyyət belə davam edərsə, ölkəmizdə kataklizmlər qaçılmaz olacaq”

15-03-2016, 23:55

Taleh Əliyev: "Bu terrorun arxasında Yaxın Şərqdə aparılan müharibədə Türkiyə ilə əks qütbdə dayanan ölkələrin xüsusi xidmət orqanları dayanır” 

 


Ümid Partiyasının İcra Aparatının rəhbəri, politoloq Taleh Əliyev ölkədə və dünyada baş verən son olaylar barədə Partiyanın Mətbuat Xidmətinin suallarını cavablandırıb.


- Taleh bəy, qısa bir müddətdə qardaş Türkiyənin paytaxtı Ankara şəhərində  üçüncü terror aktı törədildi. Baş verənləri necə qiymətləndirirsiniz?

- Türkiyənin paytaxtı Ankara şəhərində və digər bölgələrində törədilən terror aktları Yaxın Şərqdə daha dəqiq ifadə etsək Suriya və İraq ərazısində aparılan üçüncü dünya müharibəsinin fəsadlarıdır. Türkiyə coğrafi mövqeyinə, həm bölgədə ciddi söz sahibi olan bir ölkə kimi, həm də Qərbin regionda ən etibarlı müttəfiqi olaraq, Suriya və İraq ərazısində aparılan müharibənin ilk günlərindən bu prosesə cəlb edilmiş bir ölkədir. 

Ona görə də hesab edirəm ki, analoji terror aktlarının bundan sonra da qardaş Türkiyə dövlətinin ərazisində, xüsusilə də paytaxt Ankara başda olmaqla digər böyük şəhərlərində törədilməsi ehtimalları çox böyükdür. Acılarımız nə qədər böyük olsa da, baş verənlərə müharibə reallıqları aspektindən baxmaq lazımdır. Terroru hansısa terrorçu təşkilatların öz üzərinə götürməsi sadəcə olaraq iz azdırmaqdır.  

Bu terrorun arxasında Yaxın Şərqdə aparılan müharibədə Türkiyə ilə əks qütbdə dayanan ölkələrin xüsusi xidmət orqanları dayanır. Bütün bunları Türkiyənin xüsusi xidmət orqanları da bilməmiş deyil. Məncə müharibəyə bir başa qatılmaq riskindən yayınmaq üçün hələlik baş verənləri öz adıyla adlandırmırlar. Amma, qeyd etdiyim kimi analoji terror aktları həm miqyasına, həm də fəlakət dərəcəsinə görə çoxaldıqda qardaş Türkiyə dövləti adekvat cavab verməkdən çəkinməyəcək. 

- Xatırlayırsınızsa, Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində terror törədildi və yenə də növbəti terror növbəti səfər ərəfəsində baş verdi. Sizcə, burda bir bağlılıq varmı?

- Əlbəttə var. Bilirsiniz ki, Azərbaycan və Türkiyə strateji müttəfiqlərdir. İstər regional, istərsə də beynəlxalq məsələlərdə çox vaxt vahid mövqe nümayiş etdirirlər. Vahid mövqe mümkün olmadıqda isə bir-birinə qarşı kəskin əks mövqe tutmurlar. Nə Azərbaycanın nə də Türkiyənin ikinci belə müttəfiqi yoxdur. Ona görə də belə həssas dövrdə iki dövlət başçısının bir araya gəlib region üçün əhəmiyyətli məsələlərdə ortaq mövqe formalaşdırması təbii ki, çoxlarını qane etmir. Bunun qarşısını almaq üçün isə  hər vasitədən istifadə edirlər. Amma nə qədər mane olmağa çalışsalar da regionun və hər iki dövlətin gələcək müqəddəratının həll edildiyi indiki mərhələdə Azərbaycan və Türkiyə dövlət başçılarının bir araya gəlib vahid mövqe nümayiş etdirməsi son dərəcə vacib və əhəmiyyətli bir məsələdir. 

- Taleh bəy, ölkədəki mövcud sosial-iqtisadi və ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?

- Baxmayaraq ki, birinci devalvasiyanın baş verməsindən bir il keçdi. Təəssüflər olsun ki, hökumət bu istiqamətdə əməli addımlar atmır. İmitasiya xarakterli kosmetik dəyişikliklər, ziddiyyətli qərarlar və gözləmə mövqeyi vəziyyəti getdikcə ağırlaşdırır.  Məhz belə bir siyasətin nəticəsi o oldu ki, bir ilin içində ikinci devalvasiya baş verdi. İstər müxalifətin, istərsə də vətəndaş cəmiyyətinin böhrandan çıxışla bağlı etdiyi təkliflərə hökumətdə ciddi söz sahibi olmayanlar ironik münasibət bildirdilər.. Amma vəziyyət bir müddət də belə davam edərsə, ölkəmizdə kataklizimlər qaçılmaz olacaq. Sosial iqtisadi vəziyyətin getdikcə ağırlaşması isə istər - istəməz ictimai-siyasi gərginliyi artıracaq.  

- Böhran demişkən, müxalifət partıyalarının və ictimai hərəkatların təşəbbüsü ilə bu ilin əvvəlində antiböhran koalisiyası yaradıldı. Ümid Partiyası da bu qurumda təmsil olunur. Bu koalisiya haqqında nə deyə bilərsiniz?

- Antiböhran koalisiyasınən məqsədi adından da göründüyü kimi ölkədə yaşanan böhranın bütün təzahürlərinin - sistem böhranının, maliyyə kredit böhranının və s. aradan qaldırılması üçün həm hakimiyyətə, həm də cəmiyyətə çıxış yolları barəsində təkliflər verməkdir. Bu istiqamətdə qurumun iki dəfə respublika müşavirəsi keçirilib. Hətta koalisiyaya daxil olmayan qurumların və şəxslərin fikirləri dinlənilib və ümumiləşdirilərək hakimiyyətə və cəmiyyətə təqdim edilib. Eyni zamanda hər həftə işçi qrupun iclasları keçirilir. 

  

Administratorla əlaqə

077 611-55-22

[email protected]