Analitika

Müəllimlərin adı qarışan cinayətlərin sayı niyə artıb?

4-03-2016, 15:01

Məlahət Mürşüdlü: "Məktəb psixoloqlarının əksəriyyəti məktəb direktorlarının ikinci katibəsi rolunda iştirak edir”

 


Son dövrlər müəllimlərin, məktəb rəhbərliklərinin adı tez-tez cinayət olaylarında, cinayət xarakterli əməllərdə hallanır. Təkcə rayonlrda deyil, Bakı məktəblərində də müəllimlər tərəfindən şagirdlərə qarşı kobud, aqressiv davranışlar nümayiş edilməsi, döyülmə faktları aşkar edilir. Nəticədə isə bəzən xoşagəlməz hadisələr baş verir. Məsələn, bu günlərdə Bakı məktəblərinin birində şagird direktor tərəfindən döyüldüyü üçün intihara cəhd etmişdi.

Müəllimlərin özlərinə qəsd etməsi və yaxud başqalarını öldürməsi halları da çoxalıb. Hadisələri araşdıranda məlum olur ki, intihar edənlərin əksəriyyəti maddi problemlər yaşayan, kredit borcları olan müəllimlərdir. Bu cür  hadisələrdən bəlkə də ən dəhşətlisi ötən aylarda Neftçala şəhərində baş vermişdi. Şəhərin 4 saylı tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini işləyən 63 yaşlı, dörd qız atası Alik Mustafa oğlu Novruzov məktəbin qazanxanasında özünə od vurub yandıraraq intihar etmişdi. İlkin ehtimallara görə, Alik Novruzovun intihar səbəbi  külli miqdarda borcu olması olub.

Ötən gün Lerik rayonu Veri-Əliabad kənd məktəbinin direktoru Adil Rəhimovun öz qonşusunu bıçaqlaması və sonradan intihar etməsi mövcud problemin daha da genişlənməsindən xəbər verir. Şahidlərin dediyinə görə, direktor aralarında olan torpaq davasına görə qonşusunu bıçaqlayıb. Qanlı hadisənin ardınca isə direktor odlu silahla özünü öldürüb.

Bəs müəllimlərin adı qarışan cinayətlərin sayı niyə artıb? Müəllimləri aqressiv edən hansı məsələlərdir? 

Təhsil eksperti Məlahət Mürşüdlü suallarımıza aydınlıq gətirməyə çalışıb. Ekspert müəllimləri neqativ davranışlara sövq edən problemlər barədə bunları deyib:
"İstər məktəb, istərsə də müəllim cəmiyyətdən kənarda mövcud deyil. Əlbəttə ki, cəmiyyətdə baş verən müxtəlif proseslər, sosial problemlərin həll edilməməsi, əmək haqqının az olması,  müəllimə də, məktəbə də öz təsirini göstərir. Devalvasiya istər müəllim, istərsə də digər sahələrdə çalışan insanlara, ailələrə birbaşa psixoloji təsir edən amillərdən biridir. Nəticədə insanlar yaranmış psixoloji gərginlik, sarsıntıdan çıxmağı başqalarına kobud şəkildə tətbiq etdikləri metodlarda görürlər. 

Buna görə də tez-tez eşidirik ki, orta məktəb direktorları adam öldürür, müəllimlər şagirdlərə aqressiv yanaşır, şagird döyülmələri baş verir”.

Məlahət Mürşüdlü problemdən çıxış yolu haqda da danışıb:
"Bütün məktəblər tam olmasa da psixoloji ştatla  təmin edilir. Lakin təəssüf ki, məktəb psixoloqları öz vəzifələrini yerinə yetirmirlər. Bir çox hallarda onlar məktəb direktorlarının ikinci katibəsi rolunda iştirak edir və bununla da öz vəzifələrini bitmiş hesab edirlər. Təkcə şagirdlər deyil, müəyyən sarsıntı keçirmiş müəllimlər də psixoloq məsləhətinə müraciət edə bilərlər. Ayrı-ayrı məktəblərdə bu proses gedir. Lakin bizim cəmiyyətimizdə bu proses hələ ki, kütləvi hal almayıb. Çünki orta məktəblərdə çalışan psixoloqların özlərinin səviyyəsi qənaətbəxş deyil.

Lakin Azərbaycanda ödənişli və ya ödənişsiz çoxlu sayda psixoloji mərkəzlər var. Orda çox savadlı, işini, peşəsini bilən istedadlı, gənc psixoloqlar fəaliyyət göstərir. Müəllimlər bu cür mərkəzlərə müraciət edə bilərlər. Çox təəssüf ki, müəllimlər bir çox hallarda ictimaiyyətdə qınaqla rastlaşacaqlarından, başqalarının onlar barəsində nə düşünəcəyindən çəkinərək bu addımı atmırlar”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]