Siyasət

Müsavat Divanının toplantısı keçirilib

25-05-2015, 15:29
Müsavat Divanının toplantısı keçirilibBu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Divan öz işinə mayın 19-da Bakıda hündürmərtəbəli binada yanğın nəticəsində həlak olan insanların xatirəsini yad etməklə başlayıb. Azərbaycan hakimiyyətinin faciə ilə bağlı ümumxalq matəmi elan etməməsi xalqın faciəsinə iqtidarın biganə münasibətinin göstəricisi kimi qiymətləndirilib. Eyni zamanda hökumətin belə fövqəladə hallara hazır olmadığı qeyd edilib.
Daha sonra görülən işlər və qərarların icrası vəziyyəti müzakirə olunub.

22 may 2015-ci il tarixdə Müsavat Partiyasnın üzvü, gənc fəal Nərgiz Yaqublunun anım tədbirinin keçirilməsi, Nərgizin əziz xatirəsinə hazırlanan film onun xatirəsinin əbədiləşdirilməsi işinə dəyərli töhvə kimi qiymətləndirilib. Xatirə filminin həmmüəllifləri İzolda Ağayeva və Aytən Fərhadovaya təşəkkür elan edilib.

28 may – Cümhuriyyət günü münasibəti ilə Novxanıda M.Ə.Rəsulzadənin abidəsi önündə saat 12.00-da keçiriləcək bayram tədbirinə hazırlıqlarla bağlı məsələlər müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

Müsavat Partiyasının Biləsuvar rayon təşkilatının keçirdiyi 14-cü hesabat-seçki konfransı haqqında Divan üzvü Nemət Kərimlinin məlumatı dinlənilib. N.Kərimlinin verdiyi məlumata görə, konfransda Müsavat Partiyasının rəhbərliyi adından Divan üzvü Nemət Kərimli, MNTK sədri Sevinc Hüseynova, MNTK üzvü Xuraman Bağırova və Müsavat Partiyası başqanının müşaviri Hidayət İsmayılov iştirak edib. Konfrans növbəti iki il üçün rayon təşkilatının sədrini, sərbəst Şura üzvlərini və NTK üzvlərini seçib, Nizamnaməyə əsasən seçkili orqanlarını formalaşdırıb və noyabrda keçiriləcək parlament seçkilərində 66 saylı Biləsuvar seçki dairəsindən Yusif Mehdinin Müsavat Partiyası adından deputatlığa namizəd kimi irəli sürülməsi haqda Müsavat Partiyasının Məclisinə təklif edilməsini qərarlaşdırıb.

21-22 may 2015-ci il tarixdə keçirilən Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşşəbbüsünün Riqa Sammiti haqqında müzakirələr aparıb. Azərbaycan hakimiyyətinin sammitdə ən yüksək səviyyədə təmsil edilməməsi uğursuz siyasi addım kimi qiymətləndirilib.

Divan hakimiyyətin uzun illər apardığı balans siyasətinin iflasa uğradığını, nəticədə Azərbaycanın siyasi arenada təkləndiyini qeyd etməklə yanaşı, bu siyasətdən imtina edərək, Avrointeqrasiya istiqamətində dərhal, ciddi addımların atılmasının zəruriliyini vurğulayıb.
Sonda cari məsələlərə baxılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]