Müsahibə

İslam dinini qəbul etmiş latviyalı: “30 il sonra bütün Avropa müsəlmanlaşacaq” – Müsahibə

30-01-2016, 20:14
 İslam dinini qəbul etmiş latviyalı: “30 il sonra bütün Avropa müsəlmanlaşacaq” – Müsahibə

Əhməd Robert Klimoviç Latviyada fəal yaradıcılıq axtarışları ilə geniş tanınmış şəxsiyyətdir. Aktyor, rejissor, dramaturq, operator, insan-orkestr! O həm də Latviya İslam mədəniyyəti mərkəzinin mətbuat katibidir. Onun "Latviya 50 ildən sonra müsəlman respublikası olacaq” ifadəsi xeyli səs-küy qaldırıb. Millətçilikdən müəslmanlığa – necə, nəyə görə və nə üçün?

Əhməd Robert zərif materiyanı müzakirə etmək təklifinə dostcasına və qətiyyətlə hay verdi. Yaradıcılıq axtarışları bizim en dairəsində dinin ekzotikasına aparıb çıxardı? Klimoviç gözlənilmədən boynuna aldı və izah etdi: "Əksinə. İslam yaradıcı adam üçün hansısa dərəcədə ağır bir buxovdur. Yaradıcılıq ehtirasdır, bizim şeytanlarımızdır. İslam məhz bunlara qarşı mübarizə aparır. Hərçənd İslam kinosu da var, lakin o, mənəvi dəyərləri öyür - pis zövq və adi pozğunluğun artıq bir qayda olaraq incəsənət kimi qələmə verildiyi Qərb kinosundan fərqli olaraq”.

Klimoviç deyir ki, beş ildir İslam etiqadındadır. 90-cı illərin əvvəlində latış Atmodasının ilk sıralarında olub qatı millətçi kimi DTK-nın həbsxanasında oturub. "Xoşbəxtlikdən, indi yetişmişəm. Bu qənaətə gəldim ki, sovet dövrü bütün tarixi boyu latış mədəniyyətinin inkişafı üçün ən yaxşı dövr idi. O zaman nə qədər şəxsiyyətlər yüksəldi, nə qədər gözəl əsərlər yaradıldı! Əlbəttə, yenidən qiymətləndirmək üçün zamana ehtiyac vardı. Millətçilik tez-tez şovinizmə - bu ideologiyanın eybəcər biçiminə yaxın olur. Xalq başqalarından daha yaxşı olmaq və möhkəm gələcək qurmaq əvəzinə keçmişə ilişib qalır – onu ideallaşdırır, köhnə inciklikləri qurdalayır, başqalarının səhvlərindən ləzzət alır. Öz gözündə tiri görməsən, həyatını  daha yaxşı edə bilməzsən. Klimoviç deyir: "Yəqin ki, mən İslamı qəbul edərək əvəlkindən daha çox latış oldum”.

robert-limov-1.jpg

Əhməd Robert Klimoviç

 

- Axı latış və avropalı üçün daha ənənəvi etiqad seçə bilərdiniz?

Həyatın ruhsal tərkibini həmişə axtarır, amma müxtəlif dinlərə tənqidi yanaşırdım və onların sxemləri mənə anlaşılmaz idi. Məsələn, xristianlıqdakı "Üçlük" kimi. Həm də sonralar xristinalıqda, buddizmdə gördüyüm insanlar düzgün ifadələr işlədir, lakin həyatda başqa cür davranırdılar.

- Müsəlmanların əksəriyyətinin dediyi kimi, İŞİD də öz davranışında Quranın buyruqlarından çox uzaqdır.

- İŞİD-in informasiya məkanında yaradılmış obrazı yüksək texnologiyalar vasitəsilə bugünkü insanlıqla necə ustalıqla manipulyasiya etməyə yaxşı nümunədir. Onun haqqında televizora baxanların əksəriyyəti ömrüboyu heç vaxt orada olmayıb və heç nəyi gözlərilə görməyiblər. Əslində, biz onun barəsində heç nə bilmirik. Mən bir rejissor kimi edamların göstərildiyi çarxları araşdırdım və bu nəticəyə gəldim ki, demək olar, hamısı səhnələşdirilib. İkisində həqiqətən də insanın başını kəsirlər, lakin bunu kim və niyə edir, şübhəsiz, bilmirik. İndiki informasiya hərc-mərcliyi şəraitində kimə inanılmalı olduğunu seçmək lazımdır. Məsələn, mən 10 gün İŞİD-lə olmuş və bu haqda kitab yazmış alman jurnalisti Yurgen Todenhofferə inanıram. O, ictimai edamlar haqda heç nə yazmır və ümumən deyir ki, bu strukturda yarımtonlar yoxdur – hər şey ağ və qaraya bölünüb. Mən niyə məhz ona inanıram – müsəlman deyil və yeri gəlmişkən, xristiandır? Sadəcə, əvvəllər onun kitab və məqalələrini oxumuşam və onlarda heç vaxt yalan danışmayıb – bu da sizə seçim kriteriyası.

- Lakin son zamanların teraktlarını şəhidlər həyata keçirirlər – bunu inkar emək çətindir.

- Məhz əksinə. Müsəlmanlar terakt həyata keçirə bilməzlər, çünki etiqad üzrə onlara qadağan edilib. İntihar, silahsız adamların, qadınların, uşaqların, hərbi əsirlərin qətli yasaqlanıb... Cihad müsəlman üçün Quranda göstərilən olduqca konkret hallarda nəzərdə tutulur. Bu gün dünyada baş verənlər milliyyəti olmayan terrorizmdir.

- Baş verənləri araşdırmaq üçün özünüzün ora yollanmaq istəyiniz yoxdur?

- Xeyr, haradasa başqa ölkələrdə baş verənlər məni xüsusi narahat etmir. Mənim üçün mühüm olan öz evimdə, öz küçəmdə, öz ölkəmdə qayda-qanunu saxlamaqdır. Müsəlmanlar "İslam" deyib bağıranlar yox, İslam üzrə yaşayanlardır. İslam həyatın bütün halları ilə bağlı ən təfərrüatlı öyüdlər verən ən nadir sistemdir.

- Bax, avropalılar da bundan qorxurlar ki, müsəlmanlar onlara öz qaydalarını sırıyacaqlar.

- Nahaq qorxurlar, İslam qətiyyən xristianlığa zidd getmir. Hətta biz İsanı müsəlman, təliminisə İslam hesab edirik. Öz dəyərinə görə ilkin ənənələrə hamıdan yaxın məhz o idi və heç vaxt ona səcdə etməyə çağırmırdı. "Atamız” – bax, Allahın bu cür dərki həm xristianlığın, həm də İslamın mahiyyətidir.

- Eşitmişəm ki, əsl müsəlman Quranı ərəbcə oxumalıdır. Siz oxuyursunuz?

- Əsil müsəlmana çox şey gərəkdir, lakin başlıcası namaz qılmaqdır. Bu gün çoxları deyir ki, ibadət qəlbdədir, lakin bu, bütün dinlərin problemidir – dini praktikadan keçirənləri və yaxud özünü ona aid edənləri mömin saymaq. Ərəb dilini bilmək vacib deyil, yalnız surələri oxumağımız lazımdır.

- İslamı qəbul etməklə həyatınız necə dəyişildi?

- Kökündən dəyişildi. Daha ailəcanlı, daha dünyəvi oldu. İndi hər şey sadə və asandır, hətta meşə həyatına keçmişik. Arvadımla mənim üç övladımız var. Ən çətini namaz qılmaqdır, buna görə günün bölgüsünü müəyyənləşdirirəm. Ünsiyyət çevrəsi də dəyişilib – ətrafımda köhnə dostlardan çox azı qalıb. Alkoqoldan istifadə etmirəm – etiqad üzrə qadağandır, lakin bu məni artıq dini qəbul edənədək maraqlandırmırdı. Axı insanlar niyə içirlər – çünki sevgi çatışmır. İslam ailələrində münasibətlər necə qurulur: ər arvada xidmət edir, arvad isə ərə. Sevgi də budur – xidmət. Qərb mədəniyyətində insanlar hesab edirlər ki, sevgi – istifadə, həzzdir, buna görə də çoxları bədbəxtdir. Sevgini vermək və almaq üçün ürək açıq olmalıdır. O, inamsız isə daşdandır. 

- Xanımınız da İslamı qəbul edib?

- Hələ məndən qabaq! Bizə xristian arvadlar almağa icazə verilsə də, məncə, İslam ailəcanlı olmalıdır, əks halda birgə yaşamaq çox çətindir. Axı ər-arvad bir-biri üçün başlıca insanlardır, amma əvvəllər hesab edirdim ki, əsas – dostlardır. Lakin dostlarla deyil, ailə ilə yaşamaq lazımdır. Həmfikirləri İslam mədəniyyəti mərkəzində tapıram.

- Qaçqınlara necə yanaşırsınız?

- Bu, daha bir mifdir ki, bütün qaçqınlar müsəlmandırlar. Qaçqınlar üçün Latviya mərkəzində 100-dən çox adam yaşayır, lakin onaların cəmi 20-30-u məscidə gəlir, İslama əməl edir. Heç qaçqınlar da Latviyaya gəlmir, onları bura göndərirlər. Buna görə də darılmaq lazım deyil ki, burada qalacaqlar. Ümumiyyətlə, bizim insanın qaçqınlara münasibəti – məsuliyyətsiz münasibəti məni təəccübləndirir. Biz müharibədən qaçanlara görə sorumluyuq, lakin heç kim Yaxın Şərqi bombalayan dövlətlərin səfirliklərinə etiraz üçün getmir. Yəni bombardmanları bəyənir, onun nəticələrini - əzab çəkən insanları qəbul etmək istəmirik. Axı sülhə qarşı səlib yürüşünü İslam başlamayıb – Avropa və Amerika müsəlman ölkələrinin üstünə getdi. Və biz iqtisadi mühacirləri necə qınaya bilərik ki, öz ölkəmizdəkilərin dörddə biri Qərbə qazanc dalınca gedib? Özümüzdən savayı heç kimi mühakimə etməyə haqqımız yoxdur. Yeri gəlmişkən, Şərqin bu adamları Avropa cəmiyyətinə tamamilə sürətlə "inteqrasiya olunurlar” – diskotekalara gedir, öz dinlərini və qadağalarını unudurlar.

- Bu yaxınlarda tikilmiş yeni məscidə görə fikir yürüdülsə, Latviyada müsəlmanlar getdikcə çoxalır. İcma nə dərəcədə böyükdür və kimlərin hesabına böyüyür?

- Məscid bir neçə ay öncə başa çatıb, bu düzdür. Lakin açılış üçün bizə son sənədi vermirlər. Köhnə məsciddə adamlara yer çatmasa da, bizi hətta küçədə ibadət etməli olduğumuza görə cərimələyiblər. Bacılar məscidə sadəcə ona görə getmirlər ki, onların oturmağına yer yoxdur. Niyə uzatdıqlarını rəsmən demirlər. Qeyri-rəsmi məlumatlara görə, təhlükəsizlik Polisi icazə vermir. Lakin icmamız böyük deyil – cəmi bir neçə yüz nəfərdir. Əsasını etnik müsəlmanlar – tatarlar, başqırdlar, çeçenlər təşkil edir. Tələbələr gedib-gəlirlər. Sıralarımız əsasən yerli sakinlərin – rusların və latışların hesabına tamamlanır.

- Baltikyanında ən böyük icma Latviyadadır?

-Yox, Litvadakı böyükdür. Ümumiyyətlə, oradakı İslamın tarixi qədimdir. XVI əsrdə Böyük Vitovtun qvardiyası tatarlardan ibarət idi, tatar kəndləri o vaxtdan qalıb. Litva hökuməti 1930-cu ildə Kaunasın mərkəzində onlara yeni məscid inşa etdi. Müsəlmanlar orada əsrlərlə yaşasalar da, sayları ancaq bu yaxınlarda artmağa başlayıb. Bütün Avropadakı kimi.

- Niyə?

- İndiki halda rasional izahat mənə güzgün görünmür. Müqəddəs kitablar deyir ki, Allahın özünün insanlığın inkişaf proqramı var. Maddi nemətlərin hədsiz bolluğu insanları həyatın mənasının itirilməsinədək gətirib çıxardıb. Aydın oldu: bədəni nə qədər əzizləsən də, heç bir məmnunluq qəlbdəki boşluğu doldurmur.

- Latviyanın 50 ildən sonra müsəlman ölkəsi olacağına nisbətdə proqnozunuz nəyə əsaslanır?

- Bu, mənim proqnozum deyil. Mühitin müdafiəsi Klubunun yaydığı beynəlxalq araşdırmalar hələ 2009-cu ildə göstərirdi ki, Avropa 36 ildən sonra müsəlmanlaşacaq. Mən hətta müddəti artırdım və hamı çaxnaşmaya düşdü. Lakin bircə dərindən düşünün: hər gün 57 adam Latviyanı tərk edir. Gözümüzün qabağında ölkə boşalır və qaçqınlar bura gəlmirlər – icma da yerli adamların hesabına artacaq. Müsəlmanlar dünyaya çoxlu övlad gətirməyə çalışırlar, halbuki ateistlər, əksinə, uşaq doğmur, əyyaş olub gediblər, ağıllarını itirirlər...

- Xristianlığın dirçəlişinə inanmırsınız?

- Yox, çünki Məsihin vəsiyyət etdiyinə uyğun gəlmir. Həm də bu gün onda intizam yoxdur, bu isə birbaşa nəslin kəsilməsinə aparan yoldur. Müsəlman üçün başlıcası söz yox, əməldir. Biz Allaha məhz əməllərimizlə xidmət edirik. Hərçənd ki ölkəmizdə bunu alqışlamırlar. İstənilən halda, təhlükəsizlik Polisi məni həmişə çağırır, belə çıxır ki, mən cəmiyyətin təhlükəli üzvüyəm – içmirəm, çəkmirəm, dünyaya övlad gətirirəm.

- Latviya nə zamansa müsəlman ölkəsi olsa, orada xristianlara yer qalacaqmı?

- Bu sualı mənə yox, Allaha verin. Quran bizi xristianlara sayğıya öyrədir və bir çox ölkələrdə bir-birimizlə çiyin-çiyinə, tam barış içində yaşayırıq. Bu sual daha çox xristianlaradır – öz dininizi qoruyub saxlamaq istəyəcəksinizmi?

 

Yelena Slyusaryeva

Delfi.lv (Latviya), 28.01.2016

Administratorla əlaqə

077 611-55-22

[email protected]