Müsahibə

Azərbaycanda siqaret digər ölkələrdən niyə ikiqat bahadır?

13-01-2016, 08:36
İqtisadçı Vüqar Bayramov  faktxeber.com saytına  ölkədə yaranmış siqaret qiymətlərinin artımı ilə bağlı fikirlərini açıqlayıb. O, qeyd edib ki, siqaretlərin qiyməti artanda ən çox səslənən məsləhət "qiymət artıbsa siqaret çəkmə” oldu. Amma məsələ heç də siqaretdən istifadə edib-etməmək də deyil. Məsələ ondadır ki, ABŞ istehsalı olan siqaretlərin qiyməti supergüc dövlətlə problemləri olmayan Azərbaycanda, həmin ölkənin sanksiyasına məruz qalan Rusiya ilə müqayisədə 2 dəfəyə yaxın bahadır. Təssəvvür edin: "brənd siqaretlər” sanksiyalara məruz qalan dövlətdə bizə nisbətən daha ucuzdur.

Əslində, siqaret bir nümunədir. Ötən ilin aprel ayında İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) ərzaq səbəti üzrə Gürcüstan daxil olmaqla bütün MDB dövlətləri üzrə qiymətlərin statistik təhlilini aparıb. CESD-nin statistik qiymət təhlili göstərir ki, Azərbaycan ərzaq məhsullarının qiymətinə görə MDB ən yüksək qiymətlərə malik 2 ölkədən biridir. Səbəb nədir?

Səbəb əslində son zamanlar gündəmi zəbt edən monopoliyadır. Ölkəmizdə siqaret istehsalı ilə məşğul olan şirkətin olmasına baxmayaraq xarici ticarətdəki monopoliya qiymətlərin azalmasına imkan vermir. Səbəb təbii ki, idxal monopoliyasıdır. Bu baxımdan, bizim qiymətləndirmələr göstərir ki, əgər xarici ticarətdəki monopoliya tamamilə ləğv edilərsə o zaman qiymətlər orta hesabla 60 faiz aşağı düşər. Monopoliyani iqtisadiyatda "irinləmiş yaraya” bənzədirlər. Onu kəsib atmasan bədəndə aparılan heç bir müalicənin xeyiri olmur. Ona görə də, idxal və ixracatda monopliyanın tamamilə aradan qaldırılmasına ehtiyac var. Sahibkar istədiyi malı sərbəst və heç bir baryer olmadan idxal və ixrac hüququna malik olmalıdır. Əks halda iqtisadiyyatın liberallaşması mümkün deyil.

Dünya Bankının "Bizneslə Məşğul Olmaq” hesabatında hər il ölkəmizin yerinə ən çox mənfi təsir edən faktor məhz idxal və ixrac üçün tələb edən proseduraların və günlərin sayının çox olmasıdır. Bu sahədə hansı islahatların aparılmasını təklif edirəm:
- Stuktur islahatlarının gömrük idarəetmə sferasını da əhatə etməsi. CESD-nin 2011-ci ildə hazırladığı dövlət sənədində bu sferada idarəetmənin vahidləşməsi təklif edilirdi. Bizim təkliflərə Dövlət Gömrük Komitəsinin ləğv edilərək Vergilər Nazirliyinə birləşdirilməsini və səlahiyyətlərin ASAN Xidmətlə bölüşdürülməsini əhatə edirdi. Bu isə idarəetmənin təkmilləşdirilməsinə imkan yarada bilər;

- Gömrük proseduraların elektronlaşdırılması və ASAN xidmət vasitəsi ilə aparılması. Gömrük rəsmilləşdirilməsi və ödənişlərin elektron qaydada sözügedən xidmət vasitəsi ilə aparılması şəffaflığın formalaşdırılmasına imkan verəcək;
- Məmur-sahibkar münasibətlərinin minimumlaşdırılması üçün elektron keçid sistemindən istifadə edilməsi. Elektron rəsmilləşmə və ödəniş proseduralarından keçən sahibkar elektron kartlar vasitəsi ilə ölkədən mal aparmaq və ya gətirmək imkanına malik olmalıdır. Yalnız istisna hallarda malların yoxlanması hüququ saxlanılmalıdır;

- Dünya Ticarət Təşkilatları ilə danışıqlar çərçivəsində yol verilən limitlər daxilində gömrük rüsumlarına baxılması və optimallaşdırılması. Bütün qeyri-rəsmi ödənişlərin ləğv edilməsi həmçinin rüsumlara yenidən baxılmasına imkan yaradacaq. Daxili bazarı qorumaq üçün yerli istehsalı olan məhsulların idxalına rüsumların artırılması mümkündür. Digər bütün məhsualları üzrə aşağı rüsumların saxlanılmasına ehtiyac var;

- Rüsumsuz ölkəyə gətirlən ərzaq məhsualların vətəndaşlar tərəfindən gətirilməsi ilə bağlı bütün süni baryerlərin aradan qaldırılması və ərzaq limitinə yenidən baxılması. Vətəndaşlar qanunvericilikdə nəzərdə tutulan çəkidə ərzaq məhsullarını ölkəyə gətirmək hüququndan istifadə etməlidirlər və yerli istehsal olmayan və ya tələbi tam ödəməyən məhsullar üzrə bu kvota 3 dəfə artırılaraq 30 kq.a çatdırılmalıdır;

- Vətəndaşların 10 min dollaradək şəxsi tələbat üçün ölkəyə rüsumsuz mal idxalındakı bütün süni baryerlər aradan qaldırılmalıdır və bunun icrası üçün şəffaf və aydın proseduralar müəyyənləşdirilməlidir;
- Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyün bu il ərzində tamamlanması. Artıq MDB-nin əksər ölkələri adıçəkilən təşkilatı üzvüdür. Bu təşkilata üzvlük gömrük proseduralarında şəffaflığın güclənməsinə, sahibkarların hüquqların qorunması üçün yeni və şəffaf mexanizmlərin formalaşmasına imkan verəcək. Eyni zamanda, bu gələcəkdə yenidən monopoliya qurmaq cəhdlərinə imkan verməyəcək;

- İxracdakı bütün süni baryerlərin aradan qaldırılması və ixrac subsidiyasının tətbiq edilməsi. Qeyri-neft sektorunun ixrac qabiliyyətinin artırılması üçün yeni ixrac subsidiyaların tətbiq edilməsinə ehtiyac var. Rüblük ixrac dövriyyəsi 100 min dollardan çox olan sahibkarlar ixrac etdiyi məhsulun həcminə uyğun olaraq subsidiya almaq hüququna malik olmalıdırlar.
Fikrimcə, gömrük proseduraların elektronlaşdırılması və "ASAN”laşdırılması bu sahədəki bütün süni baryerlərin və monopoliyanın aradan qadırılmasına və bazarda qiymətlərin azalmasına gətirib çıxaracaq xalis rəqabətin yaranmasına səbəb ola bilər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]