Reportaj

2016 - Qarabağ münaqişəsinə dair ən ziddiyyətli proqnozlar ili...

10-01-2016, 16:50
2016 - Qarabağ münaqişəsinə dair ən ziddiyyətli proqnozlar ili...
Rusiya - Qərb gərginliyində artım Qarabağ probleminin taleyinə qeyri-müəyyənlik gətirir

Həlli hələ də danışıqlar yolu ilə mümkün olmayan Qarabağ münaqişəsi ilə bağlı proseslərin cari il ərzində hansı istiqamətdə cərəyan edəcəyi xüsusi maraq doğurur. Amma belə görünür ki, konfliktin çözümünə Rusiya və Qərb arasında yaşanan gərginlik təsirsiz ötüşməyəcək. Münaqişəyə həm Rusiya, həm də Qərb tərəfindən diqqət də artır. Beynəlxalq münasibətlər üzrə rusiyalı ekspert Sergey Markedonov da hesab edir ki, 2016-cı il Dağlıq Qarabağ münaqişəsi üçün əhəmiyyətli dövrlərdən biri olacaq.
Onun sözlərinə görə, ümumi siyasi mənzərə 2015-ci ildəki problemlərin bu il də davam edəcəyini deməyə əsas verir: "Hazırda postsovet məkanında ən kəskin münaqişə kimi Ukrayna ön plana çıxır. Ukraynadan sonra ikinci kəskin münaqişə Dağlıq Qarabağdır. İstənilən hərəkət, yaxud təxribat burada müharibəyə səbəb ola bilər".
Ekspert əlavə edib ki, Ukraynada üz-üzə gələn Qərblə Rusiyanın Dağlıq Qarabağ məsələsində maraqlı razılığı müşahidə olunur: "Hər iki güc münaqişənin Minsk Qrupu çərçivəsində həllinə tərəfdardır. Lakin təmas xəttindəki gərginlik narahatlıq doğurmaya bilməz. Ötən ilin dekabrında prezidentlərin görüşündən sonra da bu gərginlik azalmadı. Hesab etmirəm ki, bütün bunlara rəğmən, Rusiya ilə Qərb münaqişənin həlli üçün yüksək sıçrayış etsinlər. Amma Rusiya-Türkiyə qarşıdurmasından sonra Qarabağda da vəziyyət xeyli pisləşib. Bu baxımdan düşünürəm ki, 2016-cı il bu münaqişə üçün də əhəmiyyətli il olacaq".
Rusiya xarici işlər nazirinin müavini, Moskvanın Qarabağ münaqişəsinə dair siyasətini kurasiya edən Qriqori Karasin isə bundan əvvəl münaqişə ilə bağlı ölkəsinin narahatlığını dilə gətirib: "Son aylarda biz Dağlıq Qarabağ münaqişəsi zonasında ağır artilleriyanın, reaktiv yaylım atəşi sistemlərinin, iriçaplı pulemyotların tətbiq olunması ilə silahlı toqquşmaların aktivləşməsini müşahidə edirik". Diplomat bildirib ki, bu cür toqquşmalar itkilərin sayının artmasına, o cümlədən dinc əhali arasında itkilərə gətirib çıxarıb: "Belə situasiya bizi narahat etməyə bilməz". Rusiya xarici işlər nazirinin müavini deyib ki, münaqişə tərəfləri sülhə nail olmaq üçün səyləri ikiqat artırmalıdır. "Bu, beynəlxalq həmsədrlərin qəti mövqeyidir və ABŞ, Fransa və Rusiyanın ATƏT-in xarici işlər nazirləri Şurasının 2015-ci ilin dekabrında verdiyi bəyanatda əksini tapıb". Karasinin sözlərinə görə, Rusiya həmsədr ölkələrdən biri kimi tərəflərin kompromis əldə etməsinə kömək göstərməyə çalışır: "Son vaxtlar xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistandan olan həmkarları ilə bu mövzuda seriya təmasları olub, bu təmaslarda münaqişənin nizamlanmasının bütün kompleksi müzakirə edilib. Ümid edirəm ki, yeni ilin başlamasından sonra tezliklə bu iş davam edəcək. Təbii ki, hərbi situasiya da bizim diqqətimizdən kənarda olmayacaq".
ABŞ-ın "Stratfor" mərkəzi də münaqişə ilə bağlı narahatdoğurucu vəziyyətin yarandığını yazır: "SSRİ-dən sonra Qafqaz regionu bu günə qədər postsovet məkanında ən dinamik cəbhələrdən biri olub və qarşıdakı 25 il ərzində, yəqin ki, fərqli heç nə olmayacaq. Region ölkələri arasında, eləcə də Rusiya, Türkiyə, İran, Qərb kimi xarici güclərin arasındakı münasibətlər şəbəkəsi proqnozlaşdırmağa imkan verir ki, yaxın illərdə regionda əhəmiyyətli geosiyasi dəyişikliklər olacaq". Amma Qərb ölkələri Rusiyanın Qarabağ münaqişəsi və regionda digər konfliktlərlə bağlı mövqeyinə narahatlıqla yanaşırlar. Məsələn, NATO-nun Avropadakı qüvvələrinin komandanı, ABŞ Hərbi Hava Qüvvələrinin generalı Filip Bridlav Moskvanın hərəkətlərinin təşviş yaratdığını bildirir: "Əgər Rusiyanın 2008-ci ildən başlayaraq Gürcüstanda, Dağlıq Qarabağda, Krımda və Donbassda, indi isə Suriyada həyata keçirdiklərinə baxsaq, çoxlarının düşündüyü kimi, revanşist Rusiyanı görərik. Hansı ki, o öz hədəflərinə çatmaq üçün milli gücün aləti kimi yenidən hərbi qüvvədən istifadəyə geri qayıdıb". Ekspertlərə görə, general Bridlav bu açıqlama ilə münaqişə zonasında ağır silahlardan istifadə olunmaqla mövqe döyüşlərinin şiddətlənməsindən və Rusiyanın Qarabağda sülhməramlı qüvvələr adı altında öz qoşunlarını yerləşdirmək planlarından narahatlığını ifadə edib.
Məhz elə bu səbəbdən NATO komandanının sözlərinə görə, bu o deməkdir ki, ABŞ Avropadakı silahlı qüvvələrinin əməliyyat planlarında dəyişiklik etməlidir. Filip Bridlav qeyd edir ki, son 20 ildə ABŞ öz hərbi qərarlarını planlaşdıranda Rusiyanı özünün partnyoru kimi görürdü. Lakin indi vəziyyət kökündən dəyişib və ABŞ Avropaya əlavə kontingent göndərməlidir. General Birləşmiş Ştatları Avropada əlavə qoşun birləşdirmələri yerləşdirməyə çağırıb. Moskva isə NATO-nun addımlarına sərt yanaşır. NATO isə Rusiyaya daha yaxın olmaq üçün Türkiyədə də əhəmiyyətli dərəcədə möhkəmlənmək qərarına gəlib.
Belə ki, NATO Türkiyənin havadan müdafiəsini gücləndirmək üçün Almaniyadan qonşu ölkəyə AWACS sistemləri ilə təchiz olunmuş "Boeing E-3" kəşfiyyat təyyarələri göndərəcək. Uzaq radiolokasiya aşkarlamasına malik "Boeing E-3" təyyarələri Almaniyanın Qaylenkirhen bazasından Türkiyənin Konya aerodromuna göndəriləcək. NATO-nun Türkiyədə möhkəmlənməsi onun bölgəyə təsirini artıracaq və bu hal Qarabağ münaqişəsinə də təsirsiz ötüşməyəcək. Bu mənada cari il ərzində konfliktlə bağlı müəyyən yeniliklərin olması istisna olunmur.
Nahid SALAYEV

Administratorla əlaqə

077 611-55-22

[email protected]