Analitika

Azərbaycanı gözləyən təhlükələrdən xilas formulu

26-12-2015, 08:46

Ekspertlərdən ilginc təhlil: "ABŞ Azərbaycanda inqilab baş verməsini istəmir...”; Amerika SSRİ-ni çökdürdüyü kimi Putin Rusiyasını da çökdürmək istəyir, yoxsa... 

İkiqütblü dünyada yenidən baş qaldıran "soyuq müharibə”nin fəsadları günbəgün özünü nümayiş etdirir və bu situasiyadan irili-xırdalı əksər dövlətlər əziyyət çəkməkdədir. Xüsusilə də neftin qiymətində kəskin enmənin iqtisadi deyil, siyasi amillərlə bağlı olması artıq rəsmi səviyyələrdə də təsdiqlənir. Bu vəziyyətin isə Azərbaycan xalqının və dövlətinin də taleyinə birbaşa təsiri var.

Prezident İlham Əliyev bir neçə gün əvvəl manatın devalvasiyasının qaçılmazlığından danışarkən etiraf etdi ki, neftin üç dəfədən çox ucuzlaşması səbəbindən indiki durum yaranıb. Ancaq ölkə başçısı konkret ad çəkməsə də, Azərbaycanın ABŞ-Rusiya savaşının qurbanı olduğunu dolayısı ilə vurğuğadı. "Neftin qiymətinin il ərzində birdən-birə 3 dəfə düşməsi düşünülmüş siyasətdir, bu siyasətin də məqsədi heç kim üçün sirr deyil” - deyib dövlət başçısı.

Bənzər situasiya SSRİ-nin mövcudluğu zamanı da hökm sürüb, ancaq sonuc imperiyanın dağılmasına və xalqların müstəqil dövlətlərini qurmasına aparıb çıxartdı. Bu dəfə proseslərdə oxşarlıq olsa da, neftin kəskin ucuzlşaması siyasəti xalqlara və neft ölkələrinə yaxşı perspektiv vəd etmir. Elə isə bu vəziyyət hara qədər davam edə, ABŞ-Rusiya qarşıdurması nə zaman bitə bilər və bu qarşıdurma Azərbaycana hansı zərbələr vura bilər?

Azərbaycan Atlantik Əməkdaşlıq Təşkilatının sədri Sülhəddin Əkbər qeyd etdi ki, ilk baxışdan sadə olan bu sual ətrafında hazırda dünyanın bütün aparıcı kəşfiyyat xidmətləri, analitiklər, mütəxəssislər hesablama aparır, ona görə də tarix söyləmək, xüsusilə də siyasi hadisələrin inkişafı barədə danışmaq çox çətindir:"Amma meyllərdən və təxmini müddətlərdən danışmaq olar. Hələ Krım böhranı zamanı ABŞ dövlət katibi Con Kerri üçtərəfli komissiyaya dəvət olundu və vəziyyət haqqında məlumat verdi. Bu, Rusiyanın Krımı işğalından sonraya, 2014-cü ilin martına təsadüf edirdi. Məncə, elə üçtərəfli komissiyada Putin Rusiyası haqqında qərar verildi. Bu ilin fevralın əvvəlində də ABŞ öz milli təhlükəsizlik strategiyasını dəyişdi və Rusiyanı durdurmağı başlıca məqsəd elan etdi. Bir faktı da yadınıza salım ki, bundan sonra Obamanın Avropaya, ardınca da Səudiyyə Ərəbistanına səfəri oldu. Yəni artıq ABŞ, Avropa Birliyi, NATO, dünyanı idarə edənlər anladılar ki, Putin Rusiyası ilə danışıqlar, onun islah olunması, dünyaya inteqrasiyası qeyri-mümkündür və Putin Rusiyası durdurulmalıdır. Onu durdurmaq üçün də vaxtilə keçmiş sosialist blokunun dağılmasına tətbiq olunmuş model müasirləşdirilərək tətbiq olunur. O zaman da ilk baxışdan sadə görünən model tətbiq olundu, SSRİ Əfqanıstan müharibəsinə cəlb edildi, eyni zamanda dünya bazarında neftin qiyməti kəskin endirildi, digər tərəfdən isə müharibəyə, silahlanmaya görə xərclər kəskin artırıldı. Bu disbalans sonucda SSRİ-nin daxildən çöküşünə, Əfqanıstandan çəkilməsinə, daha sonra isə bütövlükdə SSRİ-nin və Varşava paktının dağılmasına gətirib çıxartdı”.


S.Əkbərin fikrincə, bu gün eyni model tətbiq olunur: "Neftin qiymətinin dünya bazarında kəskin şəkildə aşağı salınması və Rusiyanın müharibəyə yox, müharibələrə cəlb olunması prosesi gedir. Rusiya da çox "həvəslə" buna gedir. Putin anlayır ki, ona qarşı hansı strategiya tətbiq olunur, sadəcə, onun başqa yolu yoxdur. O, ya əllərini qaldırıb təslim olmalıdır, bunu da etmək onunçün çox çətindir, çünki Putin tək deyil, o, Rusiya dərin dövlətini təmsil edir. Bununçün də dərin dövlətin qərar verməsi lazımdır. Ya da  gücü çatana qədər bu xətti davam etdirməlidir. Diqqət edirsinizsə, hələlik ikinci yolu tutub. Görünür, düşünür ki, dünyanı müharibələrlə hədələməklə, beynəlxalq düzəni təhdid etməklə, nəhayət, ABŞ və Qərb geri çəkiləcək və danışıqlar masası arxasına gələcək. Lakin Putin yanılır. Putin Rusiyasını durdurmaq üçün iki illik proqramı tətbiq olunur və bu proqram da gələn il başa çatır. Ona görə də 2016-cı il bu baxımdan həlledici, yəni Rusiyanın sınma nöqtəsinin başlanğıc ili ola bilər".

S.Əkbər qeyd etdi ki, bu mənada Rusiya üçün, eyni zamanda postsovet məkanı, o cümlədən Azərbaycan üçün gələn ilin həlledici il olması istisna deyil: "Çünki eyni siyasi-iqtisadi model Azərbaycandadır və Azərbaycan miqyasca Rusiyadan çox kiçikdir. Ona görə də Azərbaycan daha tez böhrana düşdü və daha ağır böhrana düşəcək və Rusiya ilə müqayisədə böhranı daha ağır keçirəcək. Bu ilin 21 fevralından üzə çıxan maliyyə-iqtisadi böhran artıq Azərbaycanda ağır iqtisadi böhrana keçib. Bunun artıq sosial-iqtisadi nəticələri göz qabağındadır. Qarşıdakı dövrdə biz onun sosial-siyasi nəticələrini görəcəyik və Azərbaycan hakimiyyəti də artıq indidən bu böhranı idarə etməyə çətinlik çəkir. Hakimiyyət strukturlarında yaşanan böhran da bunu açıq şəkildə göstərir”.


"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd etdi ki, ABŞ Rusiyanı iqtisadi baxımdan zəiflətmək üçün neftin qiymətlərinin endirilməsinə çalışır və il ərzində istədiyi nəticəni əldə edib:"ABŞ vaxtilə SSRİ-ni də belə çökdürmüşdü. Vaşinqton Səudiyyə Ərəbistanı ilə anlaşaraq neftin qiymətini 10 dollara qədər aşağı salmışdı. Nəticədə neftin satışından asılı olan SSRİ iqtisadiyyatı bu təzyiqə dözmədi və bir neçə il sonra böyük imperiya çökdü. Vaşinqton yenə eyni ssenarini həyata keçirir. Yenə Səudiyyə Ərəbistanı ilə anlaşıblar. Bir tərəfdən Ər-Riyad OPEK-ə imkan vermir ki, istehsal azalsın. Çünki neftin istehsalı azalsa, qiymət qalxacaq. Digər tərəfdən, ABŞ-ın özü 40 ildən sonra qapatdığı neft quyularını istismara açıb. Neftin qiymətini endirəcək üçüncü amil isə sanksiyalardan qurtulan İranın bazara daha çox neft çıxaracağıdır. Bu baxımdan Vaşinqton Putin hakimiyyətini zəiflətməyənə qədər neftin qiymətlərinin qalxmasına imkan verməyəcək. Rusiyada iqtisadi və sosial vəziyyət getdikcə ağırlaşır, inflyasiya artır”.

E.Şahinoğlu hesab edir ki, Putin Rusiyanı Krımın ilhaqı avantürasına qurban verib: "Vaşinqton Putini buna görə cəzalandırır. Cinayət cəzasız qalmamalıdır”. Ekspert də təsdiqləyir ki, Vaşinqtonun Rusiyanı cəzalandırmasından Azərbaycan da əziyyət çəkir: "Çünki Rusiya kimi Azərbaycanın iqtisadiyyatı və sosial durumu da neft satışından asılıdır. Aydındır ki, Vaşinqton Azərbaycana və ya digər hansısa tərəfdaş dövlətə görə neftin qiymətlərinin qaldırılmasına şərait yaratmayacaq. Başqa sözlə, bizim kimi dövlətlər ABŞ-la Rusiya arasında neft müharibəsinin istiqamətini müəyyənlışdirmək imkanına malik deyil. Yeganə alternativimiz ölkə iqtisadiyyatını neft asılığından qurtarmaqdır. Bəlkə də ABŞ-la Rusiya arasında neft müharibəsi bizim xeyrimizədir. Çünki son hadisələr Azərbaycanda ciddi islahatları və islahata meylli olan hökumətin formalaşdırılmasını aktuallaşdırıb. Başqa alternativimiz yoxdur. Anlamalıyıq ki, neft erası bitir, başqa qazanc yolları axtarmalıyıq”.


"Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə fərqli fikirdədir: "Mən burada iki gücün savaşını görmürəm. Burada bir gücün başqaları ilə savaşı var. Amerika ilə Rusiya arasında heç bir savaş yoxdur. Amerika Rusiyaya qarşı deyil, əksinə, Amerikanın Rusiyaya ciddi dəstəyi var. Məsələn, imkan yaratdılar ki, Rusiya Suriyaya girsin, daxili stabilliyi saxlamaq üçün. Çünki nüvə silahı problemi var. Amma eyni zamanda Rusiyanı islahatlara çağırırlar. 2019-2020-ci ilə qədər postsovet ölkələrini demokratik ölkələrə çevirmək istəyirlər, ona görə də Amerika tələsir. Türkiyə də bu böyük oyunun içindədir. Xatırladım ki, Dünya Bankı Davos sammitində öz proqnozunu açıqlamışdı, orada neftdən asılı olan və zəif iqtisadiyyata malik  8 ölkənin adı çəkilirdi, o cümlədən Rusiya, İran, Azərbaycan, Qazaxıstanın. Amerikanın strategiyası ona hesablanıb ki, bu ölkələri islahatlara məcbur etsin. Biz bəzən imitasion islahatlara gedirik, Beynəlxalq Valyuta Fondu ilə  müqavilə bağlayırıq, amma öhdəliklərə əməl etmirik. Mən bu günlərdə bir araşdırma yazısı hazırladım, orada Azərbaycanı Ermənistan və Gürcüstan iqtisadiyyatı ilə müqayisə etdim. Məlum olur ki, digər iki ölkədə iqtisadiyyat daha stabildir. Neft olanda, iqtisadiyyat zəifləyəndə, azad iqtisadiyyat olmayanda avtoritar meyllər daha da güclənir. Ona görə də sistemli kirizis bu ölkələri islahatlara vadar edir və buna gedəcəklər”.

M.Əliyev dedi ki, Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edən neftin qiymətinin belə tez qalxması gözlənilmir: "Adıçəkilən ölkələr real islahatlar yoluna düşməyənə qədər neftin qiyməti qalxmayacaq. Venesuela və İranda artıq proses başlayıb. Rusiyaya gəldikdə, Putinin iş adamları ilə görüşləri onu göstərdi ki, Rusiya 2016-cı ildə daha dərin islahatlara girəcək. Bu durum ölkələri islahatlara məcbur edir. Yəni daxili resurslardan istifadə edib daxili istehlakı artırsınlar. Ona görə də bu, yalnız Rusiya ilə deyil, ümumən Rusiya tipli ölkələrlə savaşdır. Bəli, 2016-cı il çətin il olacaq. Amma dəyişikliklər baş verəcək. Azərbaycanda da islahat paketi hazırlanır, təkliflər toplanılır. Yayda Ümumdünya Bankı ilə çərçivə sazişi imzalanıb və bu, Azərbaycan üçün yaxın 5 ildə stabillik gətirən layihədir. Orada mühüm şərtlər irəli sürülüb, şərtlərə əməl olunarsa, iqtisadiyyatın vəziyyəti müsbət axarda davam edəcək. Taktiki məsələləri isə hökumət özü hazırlamalıdır ki, proseslər normal istiqamətdə getsin. Azərbaycan öhdəliklərə əməl etsə, kreditlər alacaq, başqa investisiyalar Azərbaycana yönələcək. Əslində bu, birbaşa Azərbaycana aiddir, nəinki Rusiyaya”.

M.Əliyev ABŞ-dan Azərbaycana qarşı sanksiya hədələrinin gəlməsini də təsadüfi saymadı: "Azərbaycan çox ciddi komponentdir, ona diqqət və tələb çox böyükdür, adi bir ölkə deyil, bu mənada münasibət sərtdir. Azərbaycanın böyük potensialı, insan resursu, ənənəsi, tarixi var. Bu xalqa imkan versən, çox şey yaradar. Regionda bu xalqın rolu çox vacibdir. Coğrafi vəziyyəti, nəqliyyat dəhlizləri önəmlidir. Bir də ki, Cənubi Qafqazda artıq Gürcüstanda islahatlar gedir, Ermənistan parlament respublikasına keçid etdi, qalır Azərbaycan. Biz artıq hamıdan geri qalırıq, Özbəkistan tipli ölkələrə bənzəyirik”.

M.Əliyev onu da qeyd etdi ki, manatın dəyərdən düşməsi inqilabi vəziyyətə gətirib çıxara, hətta məmurlar da kasıblara qoşulub ayağa qalxa bilər: "Azərbaycanda inqilabın olması heç kimə, hətta Amerikaya da lazım deyil. Azərbaycan Şərqdə həmişə birinci olub.  ABŞ və Avropa isə bizi dəfələrlə xəbərdar ediblər. Ona görə də vəziyyəti dəyişmək istəyirlər. Qiymətlərin düşməsi bir yana, hətta neftin istehsalı da aşağı düşür. Əgər hakimiyyət bu siyasətini davam etdirsə, daxili stabilliyin pozulması qaçılmazdır". 


YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov isə hesab edir ki, ABŞ-Rusiya qarşıdurması iqtisadi yox, siyasi məsələdir: "Burada təkcə bir ölkədən söhbət getmir. Bu gün İŞİD neftin barelini 10 dollara satır, bu qiymət heç neftin maya dəyərini də ödəmir. Amma İŞİD neftlə zəngin əraziləri zəbt edib və bundan istifadə edir. Xatırlayırsınızsa, Sovetlər İttifaqının dövründə neft 8 dollara düşdü və SSRİ çökdü. Yəni o vaxt da iqtisadi yox, sırf siyasi amillərlə bağlı olaraq neftin qiymətini aşağı saldılar. Təbii ki, Rusiya, İran, Azərbaycan, Qazaxıstan kimi neft ixrac edən ölkələrin hamısının büdcəsinə kifayət qədər ziyan dəyir. Neftin qiyməti 3 dəfədən artıq aşağı düşüb. Vaxtilə bareli 120 dollar idisə, indi 36 dollardır”. 

S.Novruzov Azərbaycanın durumunun elə də narahatlıq doğurmadığı qənaətindədir: "Vaxtilə biz neft vəsaitlərindən səmərəli istifadə etdik. Bir çoxları deyirdi ki, nefti gələcək nəsillərə saxlamalıyıq. Ancaq bizim ən böyük neft istehsalımız qiymətin pik vaxtında oldu - 50 milyon barel. Bundan da infrastruktur, qeyri-neft sektorunun inkişafı üçün istifadə etdik, evlər, məktəblər, xəstəxanalar tikildi, iş yerləri, istehsal müəssisələri açıldı. Bəzi ölkələr isə neftin pulunu Neft Fonduna yığdı. Liviya 230 milyard yığmışdı, götürüb apardılar. 

Amma Azərbaycan neft pullarından düzgün istifadə etdi. Azərbaycanın qeyri-neft sektorunu, kiçik sahibkarlığı inkişaf etdirməklə, yeni emal müəssisələrinin yaradılması ilə bağlı proqramlar işlənilir”. YAP təmsilçisi ABŞ-Rusiya gərginliyinin uzun çəkəcəyi qənaətindədir: "Heç kim proqnoz verə bilməz ki, bu, neçə il davam edəcək. Amerika neftlə bağlı ehtiyatlarını da açıb. Hansı ki, bu qiymət o ehtiyatların xərci-borcunu ödəmir. Bununla belə ABŞ öz neftini satışa çıxarır. Təbii ki, bu, qiymətə təsir göstərəcək”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]