İqtisadiyyat

Azərbaycanda əhali dollar yandırarmı...

19-01-2017, 10:30
Ekspert: "Hökumət çağırış edərsə, Azərbaycanda da bu cür etirazlar baş verər”

Türkiyənin bir qrup əhalisi xeyli sayda ABŞ dollarını yandıraraq, xarici valyutanı boykot çağırışı etdilər. Sadə vətəndaşlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ticarətin milli valyuta ilə həyata keçirilməsi təklifinə dolları yandırmaq, əzib burunlarını silməklə dəstək veriblər.

Bundan əlavə, dolları olan insanlar bunu yerli valyutaya dəyişməklə də  xarici valyutanın bahalaşmasına etirazlarını, Türkiyə hökumətinə isə dəstəklərini ifadə ediblər.

Ekspertlər bildiriblər ki, müxtəlif zamanlarda bir çox ölkələrdə bu kimi hallar baş verib. Ölkənin vətəndaşları xarici dövlətə qarşı öz etirazlarını hətta bayraq yandırmaqla, həmin ölkənin hər hansı bir brendini qırmaqla, sındırmaqla bildiriblər. 

Azərbaycanda da dollar durmadan bahalaşır. Bizdə necə, bu cür aksiyalar keçirilə bilərmi?
Türkiyədə baş verən qeyd etdiyimiz aksiyaya sosial şəbəkələrdə həmyerlilərimiz tərəfindən müxtəlif münasibətlər sərgiləndi. Bir sıra şəxslər bu cür aksiyaya haqq qazandırsalar da, digərləri  bunun doğru yol olmadığını yazdılar.

Sosioloq Əhməd Qəşəmoğlu "Yeni Müsavat”a bildirib ki, Azərbaycanda bu cür etirazların olmasını gözləmir: "Bizim cəmiyyətdə bu cür nümayişin, etiraz etməyin əhəmiyyəti elə də çox deyil.  Ona görə bu halların bizdə də təkrarlanacağını düşünmürəm. Bunun bir çox səbəbləri var. Səbəbin biri odur ki, əhali artıq 1988-ci ildən bəri dəfələrlə hiss etdi ki, etiraz etmək, mitinq keçirmək elə də böyük nəticə vermir. Kiçik bir ölkədir və burada ən azı 30 ilə qədər dövrün təcrübəsi var ki, insanlar da bunu hiss edirlər. Bundan əlavə təcrübə göstərdi ki, bəzən bu cür etirazlar planlı şəkildə, hansısa siyasi texnologiya ilə başqa ölkələr tərəfindən təşkil oluna bilir. Yaxud da hansısa partiyalar, bunu məqsədli şəkildə, özlərinin maraqlarına görə təşkil edirlər. Bu barədə də ən azı ictimai rəy formalaşıb. Bundan əlavə əhali müşahidə edir ki, bu cür gərginliklər olan zaman ölkədə marağı olan xarici qüvvələr, bundan öz maraqları üçün istifadə edir. Nəticədə isə bir qrup əhalinin etirazı, həmin qüvvələrin işinə yarayır. Bu baxımdan Azərbaycanda ictimai rəy budur ki, indiki zamanda artıq belə etirazların əhəmiyyəti yoxdur. Dünyada da belə idi ki, 50 il qabaq hansısa etirazların nəticəsi olurdu. Ancaq müşahidə edirik ki, hazırda hətta Avropanın ən qabaqcıl ölkələrində belə, bu cür etirazların böyük gücü olmur”.

Ekspert bildirib ki, bütün bunlara baxmayaraq, əgər hökumət çağırış edərsə, Azərbaycanda da əhali etiraz addımı ata bilər: "Hökumət çağırış edən zaman bu cür etirazlar baş tutur. Kimsə bu texnologiyanı qura bilirsə, bu, onun işinə yarayır. Əgər misal üçün işğal altında olan torpaqlarımızla bağlı və ya digər bu kimi məsələlərlə əlaqəli hökumət çağırış edərsə, təbii ki, xalq bu çağırışa dəstək verər. Ancaq çağırış olmasa, xaotik formada bunun baş verməsinin ehtimalı azdır”.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2016-cı ilin sonlarında ölkə vətəndaşlarına dollara nisbətdə milli valyutanın məzənnəsinin kəskin düşməsi ilə əlaqədar çağırış edib.

Ərdoğan vətəndaşları evlərdə saxladığı dollarları lirəyə dəyişməyə çağırıb: "Qoy, yastığın altındakı dollarları çıxartsınlar və onları qızıla, lirəyə dəyişsinlər. Türk lirəsi və qızıl dəyər qazansın. Narahat olmayın, biz tezliklə bu oyunu pozacağıq. Eyni ilə bu oyunu 2007-2008-ci ildə reallaşdırmağa çalışırdılar. O vaxt da dedim ki, bu keçəcək. İndi də eyni sözləri deyirəm – keçəcək”,- deyə Ərdoğan bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]