Gündəm

NİDA-çıları niyə həbs edirlər?

19-01-2017, 10:16
Turqut Qəmbər: "Hücumlar daha çox facebookda yazılan yazılarla bağlıdır”

Son aylarda NİDA Vətəndaş Hərəkatının üzvlərinə qarşı təzyiqlər artıb. Bir sıra təşkilat üzvləri inzibati həbs cəzalarına məruz qalıblar. Barəsində məhkəmə hökmü ilə ağır cəza alan NİDA-çı gənc də var. 

Bu həftənin əvvəllərində hərəkatın üzvü Elgiz Qəhrəmanlı 5 il yarım azadlıqdan məhrum edilib, Rahim Vəliyev isə 30 sutka cəza alıb. NİDA-ya qarşı göstərilən bu sərt münasibət müzakirələrə səbəb olub. Belə ki, digər müxalif qurumlar kimi bu təşkilatın da fəaliyyəti hakimiyyət üçün ciddi təhlükə deyil. Müxalifət partiyaları kimi NİDA da yaşanan iqtisadi böhran, qiymət artımı ilə bağlı etirazını kütləviliyə çevirmək gücündə deyil, əvvəlki illərdən fərqli olaraq potensialı da xeyli zəifləyib. Amma bununla belə hədəfdədir. 

NİDA-nın idarə heyətinin üzvü Turqut Qəmbər hədəfə tuş gəlmələrinə belə aydınlıq gətirdi: "Bir faktı deyim, mətbuatda, o cümlədən, sizin qəzetdə demək olar ki, ayda bir dəfə müxalifətin passivliyi ilə bağlı yazılar dərc olunur. Belə fikirlərlə qətiyyən razı deyiləm. Öz təşkilatımızın adından danışaraq deyə bilərəm ki, Azərbaycanda mümkün olan nə varsa etməyə çalışırıq. Hakimiyyət etirazlar olduğuna görə repressiyalara əl atmağa məcbur olur. Bu təkcə bizə deyil, demokratik düşərgədə təmsil olan digər qurumlara da aiddir. Hücumlar daha çox facebookda yazılan yazılarla bağlıdır. Elgiz Qəhrəmanlı da bu tipli yazılarına görə həbs edildi. Ondan sonra Rahim Vəliyevin də 30 sutka almasına səbəb də böyük ehtimal ki, sosial şəbəkələrdə yazdığı tənqidi statuslardır. Bir neçə gün öncə AXCP-nin gənc fəalı 10 sutka həbsə məruz qaldı. Onun da səbəbi facebookda yazdığı status idi. Bu onu göstərir ki, hakimiyyət sosial şəbəkələrdə paylaşılan bu tipli statusların effektliyini görür. Etiraz ruhu son böhrana görə çox artıb və hakimiyyət üçün xoşagəlməz nəticələrə gətirib çıxarıb. Ona görə də inzibati üsullarla bunun qarşısını almağa çalışır. Tənqidi statuslarına görə insanları repressiyalara məruz qoyurlar. 

Bunun nümunələrini isə son bir neçə ayda görmüşük. Facebookda milyonlarla vətəndaşımız var və onların çoxu müxalif düşüncədədirlər. Ən azından onlar mövcud durumdan narazıdırlar. Müxalif yönlü statuslar, tənqidi yazılar paylaşanların hamısını həbs etmək mümkün deyil. Ona görə yaxşı olar ki, hakimiyyət bundan çəkinsin. Real dəyişikliklərə başlamağa hakimiyyət  məcburdur. Siyasi məhbusları azad etmək, islahatlara başlamaq lazımdır. Əks halda etiraz və tənqidi ruh bundan sonra daha da artacaq, bunun da qarşısını almaq asan olmayacaq. Burada əsas məqsədlərdən başlıcası insanların gözlərini qorxutmaqdır. Amma burada söhbət 5-10, lap min nəfərdən getmir ki. Söhbət tək müxalif düşüncədə olan insanlardan da getmir, sosial durumdan narazı qalıb tənqidi fikirlərini səsləndirən insanlar da kifayət qədərdir. Onların hamısına qarşı repressiyalar həyata keçirmək asan deyil”.


Cavanşir ABBASLI

Administratorla əlaqə

077 611-55-22

[email protected]