İqtisadiyyat

Əyalətlərimiz necə büdcə müstəqilliyi qazandı?

17-01-2017, 22:32
Əyalətlərimiz necə büdcə müstəqilliyi qazandı?
2017-ci ilin büdcəsində çox vacib bir məqamı aydınlaşdırmağa ehtiyac var. 
Büdcə layihəsinin təqdimatında belə bir məlumat var ki, öz gəlirləri xərclərini təmin edən, yəni özünü sərbəst dolandıra bilən rayon və şəhərlərin sayı 6-dan 33-ə çatmışdı.
Məsələ burasındadır ki, rəsmi məlumata görə 2017-ci ildə yerli gəlirlərin məbləği (642.4 miıyon manat) 2016-cı ilə nisbətən (766.3 milyon manat) az proqnozlaşdırlır. Yəni gəlirlərdə elə bir artım yoxdur ki, xərcləri qarşılama imkanları genişləsin. Səbəb çox sadədir: yerli xərclərin məbləği 2 dəfə azaldılaraq 1.541 milyard manatdan 718 milyon manata endirilib. Məlumat üçün deyim ki, yerli xərclərin təxminən 98%-ni 4 xərc istiqaməti təşkil edir: təhsil (orta məktəblərin və bağçaların saxlanması), səhiyyə (yerlərdəki xəstəxana, poliklinika və həkim məntəqələrinin saxlanması), rayon (şəhər) icra hakimiyyətlərinin və bəzi nazirliklərin (komitələrin) yerli aparatlarının saxlanması, mənzil-kommunal (yerli icra hakimiyyəti orqanları vasitəsilə MİS-lərin saxlanması, abadlıq işlərinin aparılması) və yerli əhəmiyyətli mədəniyyət (idman) obyektlərinin saxlanması.
Öz növbəəsində inidyədək bütün yerli xərclərin də təxminən 60%-ni təhsil xərcləri təşkil edib. Hökumət 2017-ci ildən orta məktəblərə üzrə təhsil xərclərini yerli xərclərin tərkibindən çıxarır. Bu isə təxminən 750 milyon manat deməkdir. Həmin xərclər gələn ildən mərkəzi hakimiyyətin xərcləri hesab olunacaq. Səbəb isə odur ki, rayon (şəhər) təhsil idarələri regional formata keçir. Yəni reallıqda "33 rayon öz xərcini maliyyələşdirir” təqdimatı yanlışdır. Çünki reallıqda yerli xərclər büdcə qanunvericiliyinin "yerli” hesab etdiyi xərclərdənəh əhəmiyyətli dərəcədə böyükdür. Məsələn, rayon polis idarələrində çalışan işçi heyəti yerdə çalışır və əyalətdə maaş alır, amma onların xərcləri mərkəzi hesab edilir. Yaxud ölkədə 3 milyard manata yaxın sosial müavinət, pensiya ödənir, amma mövcud qanunvericliyə görə bu xərclərin hamısı mərkəzi hesab edilir. Eyni qaydada kənd təsərrüfatı xərcləri: kəndlinin öz təsərrüfatına görə yaşadığı ərazidən kənara çıxmadan aldığı subsidiya (ümumiyyətlə isə bütün kənd təsərrüfatı xərcləri) mərkəzi xərclər kateqoriyasına aiddir.
Yəni real qiymtləndirmə aparılsa, dövlət büdcəsinin 16 milyard manatdan çox xərcləmələrinin ən azı yarısı yerlərdə xərclənir, amma yerli xərc hesab olunmur. Əgər nəzəri olaraq büdcə ayırmalarını xərclənmə yerinə görə qruplaşdırsaq, məlum olacaq ki, yerli gəlirlər yerli xərclərin heç 10%-ni belə qarşılamağa yetərli deyil. Belə təsnifat olsa, Bakıdan savayı heç bir ərazi öz xərclərini qarşılaya biləcək gəlirlər formalaşdıra bilməz və büdcə qanununda bütün bölgələr "dotasiya ilə yaşayan bölgələr” kateqoriyasına aid edilər.
Amma təəssüf ki, bu cür təsnufatı aparmaq bizim hazırkı hüquqi sistemimiz imkan vermir. Söhbət nədən gedir?
Azərbaycanda regional dövlət hakimiyyəti sistemi olmadığına görə mərkəzi hakimiyyət orqanlarının səlhiyyəti çərçivəsində maliyyələşdirilən bütün xərclər mərkəzi xərclər hesab olunur. Məsələn, bu ilədək təhsil xərcləri (orta təhsil və bağçalar) hər bir rayon icra hakmiyyətinin səlahiyyətində idi. Regional təhsil idarələri yaradılacağı üçün həmin xərclərin artıq hansısa konkret rayon icra hakimiyyətinə səlahiyyəti çərçivəsinə sığışdırmaq mümkün olmur. Azərbaycanda isə bir çox ölkələrdə (məsələn, Gürcüstan, Moldova, Ukrayna) olduğu kimi regioanal idarəetmə olmadığından, avtomatik olaraq yerli icra hakimiyyətlərinin xərc salahiyyəti mərkəzləşir. Eyni məntiqlə sabah səhiyyə xərclərini də tam mərkəzləşdirməklə və yerli hakimiyyətlərin xərc yükünü qayçılamaqla 33 deyil, ən azı 50 bölgəni "maliyyə cəhətdən müstəqillik qazanmış ərazi” qrupuna keçirtmək olar. Əslində baş verən proses neqativdi . Çünki beynəlxaq təcrübədə yerli xərclərin ümumi dövlət xərcləmələrində payının yüksək olması ölkədə maliyyə əksmərkəzləşməsinin səviyyəsinin yüksək olduğuna dalalət edir. 
İnkişaf etmiş və bir sıra inkişaf etməkdə olan ölkələrdə maliyyə əksmərkəzləşməsi əmsalı 30%-60% intervalında dəyişir. Bizdə bu göstərici 2016-cı ildə 7% ətrafında idi, təhsil xərclərinin tam mərkəzləşməsi ilə bağlı qərar nəticəsində 2017-ci ildə 3%-ə enəcək.
Əslində büdcənin indiki səviyyədə mərkəzləşməsi həm də siyasi mərkəzləşmənin göstəricisidir. Ölkədə regional idarəetmə sisteminin formalaşdırılmasına, onların vasitəsilə yerli hakimiyyətlərinin sosial-iqtisadi və maliyyə muxtariyyətinin gücləndirilməsinə zərurət olduğu bir şəraitdə, tam əks proses gedir…
rovsanaghayev.blogspot.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]