İqtisadiyyat

“Azərtoxum” MMC-nin arxasından Rövnəq Abdullayev çıxdı - Sensasion detallar

16-01-2017, 00:45
"Azərtoxum” MMC barəsində ittihamlar səngimək bilmir. Şirkətin fəaliyyəti ilə bağlı iddialar isə araşdırılmamış saxlanıb

Bu barədə Politika.Az-a daxil olan məlumatda deyilir ki, MMC-nin haqqında mətbuatda tirajlanmış yazılara baxmayaraq, firmanın fəaliyyəti təftiş olunmayıb. 

Buna səbəb kimi arxasında iri ranqlı bir məmurun dayandığı iddia edilir. Araşdırmalar zamanı məlum olub ki, MMC rəhbəri Məzahir Qasımovun himayədarı var və ona "gözün üstə qaşın var” deyən yoxdur 

İddialara görə, M.Qasımova qahmar çıxan havadarı SOCAR prezidenti Rövnəq Abdullayevdir.Məlumatlarda deyilir ki, MMC rəhbəri ilə SOCAR prezidentinin qohumluq əlaqələri var. Bu qohumluq M.Qasımovun R.Abdullayev yaxınlarında biri ilə quad olmasıdır. Ona görə də "Azərtoxum” MMC şefinə dəyib-dolaşan olmur.

Politika.Az xəbər verir ki, mediada getmiş faktları Kənd Təsərrüfatı Nazirliyi, Hesablama Palatası tərəfindən araşdırılmasına zərurət yaranıb.

Yer alan məqamlar təsdiqini taparsa MMC rəhbərliyi barəsində tədbir görülə bilər. Hətta firma sahiblərinin məsuliyyətə cəlb olunması da istisna edilmir. KTN və Hesablama Palatasının yoxlamaları zamanı "Azərtoxum” MMC-də nələr baş verdiyi aydınlaşdırılacaq.

Ancaq R.Abdullayevin onu qoruması işləri çətinə salıb və heç bir dövlət orqanı yaxın gedə bilmir.Bundan əlavə, prezident dəfələrlə sahibkarların işləməsinə əlverişli imkan yaradılmasını tapşırıb. Həmçinin, iş adamları 2 illik vergidən azad olunub. 

Amma görünür ki, "Azərtoxum” MMC rəhbərliyi dövlət başçısının tapşırıqlarına qarşı gedərək öz istəklərini reallaşdırır. 

Sahibkar Arif Süleymanovun mətbuatda tirajlanan faktları insanı diksindirir.İş adamı "Azərtoxum” MMC-nin nələr etdiyini açıqlayıb.

Bəlli olur ki, nazir Heydər Əsədovun və Palata sədri Vüqar Gülməmmədovun yoxlamalar barəsində göstəriş verməsinə zərurət var. Belə ki, sahibkarın şikayəti qafqaznews.az-da dərc olunub.

A.Süleymanovun sözlərinə görə, "Azərtoxum”la arasında olan müqavilə əsasında, onun icarəyə götürdüyü 200 ha torpaq sahəsinin 69 hektarlıq hissəsində qarğıdalı əkilib, lakin keyfiyyətsiz toxumlar ucbatından 43 min manat xərc çəkən sahibkar cəmi 3 min manatlıq məhsul götürə bilib.

A.Süleymanov qeyd edib ki, "Azərtoxum” nümayəndələri 100 ton qarğıdalını özləri aparıblar, ona isə 11 ton 700 kiloqram zay məhsul çatıb. 

Onun ittiham etdiyi şəxslər Məzahir Qasımov və Zeynal Əliyev isə bildirmişdilər ki, günah A.Süleymanovun özündə olub. 
Xatırladaq ki, Z.Əliyev özünün "Azərtoxum”a aidiyyatı olmadığını, amma rəhbərlik etdiyi "Azəryem” vasitəsilə İsveçrədən "Pioneer” toxumları gətirdiyini demişdi.

Politika.Az xatırladır ki, yanvarın 10-da A.Süleymanov M.Qasımov və Z.Əliyevin sözlərini belə şərh edib: "Məzahir müəllimin mənə görə şirkətə 70 min manat ziyana düşməsi barədə fikrinə münasibət bildirirəm ki, şirkətin mühasibatlığının mənə təqdim etdiyi xərc cədvəlinə görə şirkət 69 ha sahəyə 45984.98 manat xərcləyib, əvəzində isə 100 ton məhsul götürüb. 

Yəqin ki, mənim ona təqdim etdiyim 200 ha sahənin sənədindən də bəhrələnməmiş olmaz.Artıq şübhə yaranır ki, öz sənədləşdirmələrində bəzi rəqəmləri çox şişirdiblər.Bu da onların mənə təqdim edikləri xərc cədvəlindəki xərcin çox hissəsinin ödənilməsidir.

Görəsən, "bizə 70 min zərər dəyib” deyəndə Məzahir Qasımov nəyi nəzərdə tutur?Bəlkə, öz rəhbərliyini aldatmaq istəyir?

Zeynal müəllimə isə demək istəyirəm ki, mən onun işçilərinin əməlləri barədə ona həqiqəti dediyimə görəmi mənim əməllərimi dələduzluq adlandırır?

Zeynal müəllim isə deyir ki, guya məni yanından qovub. Halbuki, mənimlə görüşündə məsələnin həlli üçün kömək edəcəyini vəd etmişdi. Belə çıxır ki, sahibkarları və dövləti aldadaraq, istədiklərini edə bilərlər?

Təkcə mənim tarlamda onlar toxumdan 23 min manat "qənaət” ediblər.Bu "qənaət” şirkətin hesabına gedir, yoxsa, onların şəxsi cibinə?

Mənim kimi xeyli sahibkar var ki, "Azərtoxum” toxumların və xərclərin qiymətini hesablayarkən, maxinasiyalara əl atır, yazılı zəmanət vermir, qanuna zidd gedərək, toxumla bağlı müqavilə bağlamırlar.

Onlar "xeyrinə şərik” olacaqları müqavilə bağlayır, onu da pozurlar.Digər tərəfdən, mən toxumun sertifikatını istədikdə təqdim etmədilər. Bir çox sahibkara sertifikatı göstərmirlər. Məzahir Qasımovun dediyi "1 hektardan 10 ton məhsula zəmanət verirəm” sözləri isə ancaq boş sözlərdir.

Çünki o, öz sözünə sahib çıxa bilmir. Mən "Azərtoxum”un rəhbərliyinə də öz hüquqlarını yadlarına salaraq xatırlatmaq istərdim ki, onlara keyfiyyətsiz toxum satan şirkəti məhkəməyə verməklə hər iki tərəfə dəymiş ziyanı ödətmək olar. 

Ancaq maraqlı tərəf ondadır ki, onların toxumu hansı şirkətdən aldıqları deyəsən yadlarından çıxıb.

Belə ki, Məzahir müəllimin bizə "ABŞ istehsalıdır” dediyi toxum kisələrinin üzərinə "Adana, Turkey” yazılan və 2014-cü ilə aid olduğu göstərilən "nakleyka” yapışdırılıb. Bu videoda da görsənir.

Zeynal müəllim isə, həmin toxumların İsveçdən onun tərəfindən gətirildiyini deyir. Məndə olan məlumatlara görə, isə 2015 və 2016-cı illər ərzində Azərbaycan gömrük məntəqələrindən "Azərtoxum” şirkətinə qarğıdalı toxumu daxil olmayıb. 

Bütün bu məqamlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]