Ölkə

“Rahat market” “Azərsun”un zay mallarını hədiyyə adı ilə alıcılara paylayır

9-01-2017, 20:20

“Rahat market” “Azərsun”un zay mallarını hədiyyə adı ilə alıcılara paylayırƏhalinin keyfiyyətli məhsula və xidmətə üstünlük verməsi satış və xidmətlə məşğul olan şirkətlərin yeni yollara əl atmasına səbəb olub.

Məsələn, alıcının keyfiyyətli məhsul və yüksək xidmət tələbinə tam cavab verə bilməyən bəzi supermarketlər cəlbedici və stimullaşdırıcı kampaniyalardan istifadə edirlər. Hansısa məhsulların qiymətində yüksək faizli yalançı endirimlər və hədiyyə əlavələri təqdim etməklə alıcı toplamağa çalışırlar. Lakin görünən budur ki, bunu da lazımınca icra edə bilmirlər.

Ötən həftə yeni il münasibətilə kampaniya keçirən "Rahat market”lər şəbəkəsi alıcılara 100 faizli hədiyyə qazancı olan stimullaşdırıcı lotereya təqdim edirdi. Hər 30 manatlıq alış-verişə 1 lotoreya ilk baxışdan cəlbedici olsa da, nəticə etibarilə müştərilərin hüquqlarının pozulması ilə müşahidə edilən bir kampaniya oldu.  Belə ki, "Rahat market”lərə müraciət edən kifayət qədər müştərinin əksəriyyəti bayram bazarlığı etdiyindən çoxunun alış-veriş məbləği uduşlu kupona düşürdü. Lakin 4-5 kassadan keçən müştərinin hədiyyəsini almaq üçün yenidən 1 məntəqədə daha uzun bir növbəyə dayanması heç əziyyətə dəymirdi. Çünki kuponlardakı uduşlar yalnız çay, qənd, şəkər, xama, makaron və s. bu cür kiçik məbləğli (1,2-1,7 manatlıq) ərzaq məhsullarından ibarət idi. Lakin alıcıların "buna da şükür” deyib uzun növbələrdə dayanmasını normal qəbul etmək olardı. Sadəcə problem tək növbə deyildi. Sən demə "Rahat market”də hədiyyə kimi alıcılara təqdim edilən məhsulların xeyli hissəsi satılmayan və hər hansı formada keyfiyyətində problem olan məhsullar olub.

Konkret fakt isə Modern.az-ın əməkdaşının rastlaşdığı haldır. Belə ki, "Rahat market”lər şəbəkəsinin Nərimanov rayonundakı "Metropark” filialında alış-veriş edərək 4 uduş kuponu əldə edən əməkdaşımızın kuponlarının hamısına əksər müştərilərdə olduğu kimi, makaron uduşu düşüb. Təqdim edilən makaron məhsulu tanınmış markadan olmadığı üçün çox müştəri hədiyyəyə narazılıq etdiyindən mağaza əməkdaşları "humanistlik” edib onları digər məhsullarla dəyişirmişlər. Nəticədə əməkdaşımız da digər məhsul kimi "Azərsun Holdinq”in istehsalı olan "Richmond” şəkərini götürüb. Lakin evdə şəkərdən istifadə edərkən məlum olub ki, məhsul başqa bir tərkibə malikdir və şirin əvəzinə acılıq dadır. Hətta şirin çay içən azyaşlının zəhərlənməsi narahatlığı yaşanıb.

Bu barədə mağaza rəhbərliyinə bildirdikdə isə üzr istəsələr də, məhsulun keyfiyyətinə cavabdehlik daşımadıqlarını, sadəcə bu barədə "Azərsun” şirkətinə məlumat verə biləcəklərini bildiriblər. Sonra isə ya özlərini, ya da şirkət nümayəndələrinin məsələ ilə bağlı cavab verməsi üçün əməkdaşımızın əlaqə nömrəsini götürüblər.

Lakin sonradan problemlə bağlı nə market rəhbərliyi, nə də şirkət nümayəndələrindən heç bir xəbər cıxmayıb. Bu isə müştəriyə göstərilən laqeyd münasibətin göstəricisidir.

Yəni hər hansı şirkətin nüfuzu, peşakarlığı, müştəri məmnuniyyəti onun adı ilə deyil, məhz fəaliyyəti ilə bağlı olduğunu nə "Rahat market”lər şəbəkəsi, nə də "Azərsun Holdinq”in məsul şəxsləri dərk edə bilir.


Administratorla əlaqə

077 611-55-22

[email protected]