Reportaj

10 yaşlı Nurayın atası danışdı: ''Huşumu itirənə kimi döydülər'' - VİDEO

9-01-2017, 20:08
 Quba rayonunda 10 yaşlı qızın məhkəmə icraçıları tərəfindən zorakılığa məruz qalması görüntüləri ictimaiyyət arasında ciddi müzakirə olunur. 10 yaşlı Nuray Əvəz qızı Bayramzadənin xalası Mehriban  Eldarovanın sözlərinə görə, bacısı 2010-cu ildə uzun sürən xəstəlikdən sonra vəfat edib:
 
"Bacım Rübabə Xudaverdiyeva xərçəng xəstəsi olub. 2008-ci ildə Əvəz Bayramovdan ayrılıb. Həmin müddətdən sonra xəstə bacıma və onun azyaşlı övladına biz baxmışıq. 2010-cu ildə bacım uzun sürən xəstəlikdən sonra vəfat edib. 2011-ci ildə ilk dəfə olaraq uşağın atası Əvəz Bayramov tərəfindən məhkəmə iddiası qaldırılıb. 2012-ci ildə isə bizim qəyyumluğumuz ləğv edilib”.
 
M. Eldarovanın sözlərinə görə, daha sonra keçirilən müxtəlif instansiyalı məhkəmə proseslərində uşağın atasına verilməsi barədə qərar qüvvədə saxlanılıb.
 
"Ötən ilin dekabrın 7-də Quba Rayon Məhkəməsinə çağırıldıq. Qərarın məcburi icra olunması ilə bağlı qarşıdurma yarandı. Məcburi şəkildə uşağı bizdən aldılar. Daha sonra uşaq məhkəmə binasının qarşısında atası Əvəz Bayramovun əlindən qaçaraq yenidən mənim yanıma qayıdıb".
 
Baş verən hadisə ilə əlaqədar tərəflər Bakıya, Ədliyyə Nazirliyinə çağırılıblar.  
 
Uşağın atası Əvəz Bayramov APA TV-yə açıqlamasında Nurayın anası Rübabə Xudaverdiyeva ilə 2004-cü ildə ailə qurduğunu deyib. 2007-ci ildə həyat yoldaşı onu tərk edərək Qubaya qayıdıb. Əvəz Bayramovun sözlərinə görə, mərhum Rübabə Xudaverdiyeva evi tərk etməsinə səbəb kimi həyat yoldaşının xəstəxananın gecə növbəsində çalışmasını göstərib. Tərəflər 2008-ci ildə məhkəmə qərarı ilə boşanıblar, ayrıldıqdan 3 il sonra Rübabə Xudaverdiyeva xərçəng xəstəliyindən rəhmətə gedib. Əvəz Bayramov boşanma ərizəsini əldə etdikdən sonra 2011-ci ildən 2016-cı ilə qədər övladına hər ay aliment ödədiyini söyləyib:
 
"Bununla bağlı əlimdə müvafiq sənədlər var. Qanunla nəzərdə tutulan əmək haqqının dörddə bir mislini hər ay Quba rayon poçt şöbəsinə aliment olaraq göndərmişəm. Övladımı isə o məktəbə gedəndən sonra yalnız uzaqdan seyr etmişəm. Mən ayrıldıqdan sonra onunla danışdım ki, boşanmağımızın səbəbini mənə açıqlasın, amma ciddi bir səbəb demədi. Dedi ki sən gecələr növbədə çox qalırsan, mən bilmirəm sən işdəsən, yoxsa yox".
 
2009-cu ildə ikinci dəfə ailə həyatı quran Əvəz Bayramovun ikinci nikahdan da bir qız övladı dünyaya gəlib. Bundan sonra o, sabiq həyat yoldaşının ağır xəstəliyə tutulduğunu xəbər tutur.   Əvəz Bayramov ona kömək etmək məqsədi ilə zəng edir, qarşı tərəf onun köməyindən imtina edir.
 
"Dekabrın 7-də ki icra prosesinə kimi uşağın alınma və prosesi iki dəfə həyata keçirilib. Müxtəlif vaxtlarda bir dəfə Quba rayon Məhkəmə qərarlarının icrası şöbəsində , bir dəfə də uşağın xalası Mehriban və onun həyat yoldaşı Eldarın evində olmuşuq. Çox təəssüflər olsun ki, hər iki prosesdə qarşı tərəf prosesə qoşulmadı. Biz onları tapa bilmədik".
 
Əvəz Bayramovun sözlərinə görə, uzun müddət uşağın xalası ailəsi ilə bilikdə gizlənib. Bundan sonra Əvəz Bayramov uşağın tapılması ilə bağlı 2016 il avqustun 1-də Quba rayon Polis Şöbəsinə müraciət edir və 4 ay müddətində Nurayın xalası ailə ilə birlikdə axtarışa verilib.  Qarşı tərəf isə axtarışda olduqları müddət ərzində rayon mərkəzi xəstəxanasında uşağın müalicə olunması haqqında tibbi arayış təqdim ediblər. Sonradan Mehriban xanım həyat yoldaşı ilə bağlı Quba rayon məhkəməsinə müraciət edərək qəyyumluqla bağlı iddia qaldırıblar.
 
"2011-ci ildə anasının ölümündən sonra qızım Nurayı xalasından almaqdan ötrü Quba rayon Məhkəməsində iddia qaldırdım. Məhkəmə prosesin gedişi zamanı mənə bəlli oldu ki, müəyyən sənədlər toplanıb qəyyumluqla bağlı rayon icra hakimiyyətinə təqdim olunub. Uşağımın anasının ölümündən sonra Nurayın xalası qəyyum təyin edilmişdir. Quba rayon Məhkəməsi, Sumqayıt Apelyasiya Məhkəməsi və Ali Məhkəməsinin apardığı araşdırmalardan sonra qəyyumluqla bağlı verilmiş qərar ləğv edilib. Bundan sonra hər üç məhkəmənin apardığı araşdırmadan sonra qızımın mənə verilməsi ilə bağlı qərar qəbul edildi".
 
Sonuncu məhkəmə prosesindəki 10 yaşlı qızına qarşı zorakılıq etməsinin səbəbini isə ata belə cavablandırır:
 
"Bilirsiniz, Azərbaycanda nə qədər internat məktəbləri var. Hər bir yaş qrupunda ora uşaqlar verilir. Onlar da könüllü getmirlər ki? Demək onda bu uşaqlar psixoloji travma alır? Onda həmin uşaqlar ruhi xəstə olmur ki? Mən uşağı alıb zorla evdə otuzdurmayacaqdım ki... İşdə bütün rəhbərliklə danışıb 3 aylıq öz hesabıma evdə oturub onun adaptasiya prosesi ilə məşğul olacaqdım. Gəzdirəcəkdim. Ailəmlə birgə hətta xarici ölkəyə gəzməyə də aparmaq haqda düşünmüşdüm".
 
Onun sözlərinə görə, 2011-ci ildən 2016-cı il dekabrın 7-nə qədər 19 məhkəmə prosesi keçirilib.
 
"Sonuncu icraat prosesi dekabrın 7-nə təyin edilib. Dekabrın 7-nə qədər uşağı görmək üçün mənə qarşı tərəf heç bir şərait yaratmadı və ümid icra prosesinə qaldı. Uşaq proses zamanı bu günə qədər atasını, yəni məni görmədiyini dedi, məndən imtina etdi. Buna baxmayaraq, məhkəmə qərarı ilə uşaq mənə verildi. Məhkəmə prosesindən sonra isə huşum itənə kimi məni döydülər və övladımı zor gücü ilə məndən aldılar. Döyülmə faktı ilə bağlı Baş Prokurorluğa müraciət etmişəm”.
 
5 saylı Doğum Evinin anesteziologiya və reanimasiya şöbəsinin müdiri Qəhrəman Kəngərli deyir ki, Əvəz Bayramovla 15 ildir bir yerdə çalışırlar: "Əvəz həkim 5 ildir məhkəmələrdədir. Onlarla məhkəmə prosesini udub. Heç bir məhkəmədən uşağının qarşı tərəfdə qalması ilə bağlı cavab almayıb. O uşağını istəyəndə Nurayın 5 yaşı tamam deyildi. Təbii ki o yaşda əgər proses alınsa, heç bu cür problem yaşanmazdı. Amma proses uzandı və təəssüf ki,  bu səviyyəyə qədər gəlib çıxdı".
 
Psixoloq Narınc Rüstəmovanın sözlərinə görə, uşağın yeniyetməliyə qədəm qoyduğu bir zamanda belə bir hadisə ilə üz-üzə qalması,  gələcəkdə onda bir sıra psixoloji problemlər yaradacaq:
 
"Onun doğma atası ilə münasibətlərinin necə olacağı belə sual altınadır. Əslində, bu məsələdə həm xalanın, həm də atanın günahı var. Əgər belə bir məsələ ortaya çıxmışdısa, hadisələr məhkəməyə kimi həll olunmalı idi. Söhbət uşağın taleyindən gedirsə, tərəflər ortaq məxrəcə gəlməli idilər. Yəni, proses bu səviyyəyə çatmaya bilərdi. Hadisənin psixoloji tərəfinə gəldikdə isə, bu uşağın gələcəkdə çox böyük psixoloji sarsıntılarla qarşılaşacağı danılmazdır. Bundan sonra çox yaxşı olardı ki, uşaq psixoloji dəstək alsın”.
 
52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov APA TV-yə bildirib ki, 10 yaşlı Nuray Bayramzadəyə zor tətbiq edilməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini ilə telefonla danışıb: 
 
"Bu gün səhər saatlarında Quba rayon məhkəməsinin sədri Füzuli Pənahovla əlaqə saxladım. Quba Rayon İcra Hakimiyyətinin birinci müavini söhbət eləmişəm. Ədliyyə nazirinin müavini ilə də danışmışam. Məhkəmənin sədri Füzuli Pənahlov mənə dedi ki, uşağın atası müraciət etdikdən sonra o, özü tərəflərə barışıq üçün müraciət edib. Ümumi razılığa gəlmək üçün tərəflərlə görüşüb ki, ata istədiyi vaxt qızını görsün və qarşı tərəfdə buna şərait yarasın. Amma tərəflər razılığa gəlməyib".
 
Millət vəkili qeyd edib ki, videogörüntülərdə məhkəmə icraçılarının hərəkətləri müsbət hal deyil:
 
"Amma məhkəmə salonunda iş icraçılarının uşağa zor tətbiq etməsi , vəhşicəsinə uşağı götürməsi, xalasına qarşı zor tətbiq etməsi  Azərbaycanın ədliyyə sistemi üçün müsbət hal deyil".
 
Xatırladaq ki, Nuray Bayramzadə APA TV-yə verdiyi açıqlamada atasının yanına getmək istəmədiyini, ana adlandırdığı xalası ilə qalmaq istədiyini deyib.





 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]