İqtisadiyyat

Supermarketlər və musiqiçilərin bəxti açılır - Vergi Məcəlləsinə yeni dəyişikliklər

9-01-2017, 01:25
Supermarketlər və musiqiçilərin bəxti açılır - Vergi Məcəlləsinə yeni dəyişikliklər

Vergi Məcəlləsində ciddi dəyişikliklərin olacağı gözlənilir. Bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot-qeydiyyatın asanlaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə vergi yükünün azaldılması, azadolma və güzəştləri əhatə edir.

Quş əti ƏDV-dən azad oluna bilər

Dəyişiklikləri Publika.az-a şərh edən iqtisadçı-ekspert Rəşad Əliyev bildirib ki, buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışının ƏDV-dən azadolma müddətinin daha 3 il artırılması təklif olunur:

"Dəyişikliklərdə ölkədə quş ətinin satışının 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Güzəştlərin olduğu mal qrupuna quş əti də daxil edilib. Bunu biz ilk dəfə görürük. Təkliflərdə quş ətinin istehsalı və təkrar satışının 3 il müddətinə ƏDV-dən azad edilməsi öz əksini tapıb. Nəzərə almaq lazımdır ki, əvvəllər quş ətinin istehsalı kənd təsərrüfatı sektoruna aid edildiyindən ƏDV-yə cəlb olunmurdu. Yeni qaydalara əsasən, quş ətinin təkrar satışı da ƏDV-dən azad olunacaq. Yəni, quş ətinin istehsaldan başlayaraq tam satışına qədər bütün zəncir ƏDV-dən azaddır. Bu addım məhsulun satışı ilə məşğul olanlar və istehlakçılar üçün çox əhəmiyyətlidir. Bu addımla quş ətinin bahalaşmasının qarşısı alınacaq. Son nəticədə istehlakçılar udacaq. Çünki, hər hansı bir mağaza və supermarketdən quş əti alanda bu məhsul üzrə ƏDV tutulmayacaq. Bu dəyişikliyi sosial addım kimi də qiymətləndirmək olar”.

Supermarketlərin bəxti açılır

Aqrar məhsulların pərakəndə satışı ilə məşğul olanlardan ƏDV-nin ticarət əlavəsindən tutulmasını müsbət qiymətləndirən R.Əliyev deyib ki, kənd təsərrüfatı məhsulu istehsal edənlərdən ƏDV tutulmurdu:

"Ancaq ticarət şəbəkələri bu məhsulları alanda onun üzərinə ƏDV gəlirdi. Yeni dəyişikliklərdə təklif olunur ki, bu məhsullardan ƏDV alış ilə satış arasındakı fərqdən tutulsun. Bu dəyişiklik supermarketlərdə satışın stimullaşdırılmasına xidmət edəcək. Çünki, məhsulun üzərinə daha az faizin gəlinməsi ticarət üçün faydalı addımdır. Bu sahibkarlarla yanaşı, istehlakçılar üçün də xeyirlidir”.

R.Əliyev hesab edir ki, kənd təsərrüfatı məhsullarının satışının yeni sistemlə ƏDV-yə cəlb edilməsi fəaliyyətini şəffaf şəkildə quran, vergidən yayınmayan ticarət şəbəkələrində az da olsa, qiymətin azalmasına səbəb olmalıdır. Ən pis halda isə qiymət artımını nisbətən neytrallaşdırmalıdır:

”Vergi Məcəlləsində təklif olunan digər dəyişikliklərə əsasən, bəzi fəaliyyət növləri sadələşdirilmiş vergiyə cəlb edilir.

Çalğıçılar, aparıcılar üçün sabit vergi məbləği müəyyən edilib

Aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanların əvvəllər də vergiyə cəlb olunduğunu deyən iqtisadçı-ekspertin fikrincə, o zaman bu şəxslərin vergiyə cəlb olunmasında müəyyən problemlər meydana çıxırdı:

"Çünki, bu cür vergi ödəyicilərinə nəzarət çox çətin idi. İndi onlara təklif olunur ki, bu fəaliyyətlə məşğul olanlar sabit vergi ödəsinlər. Məsələn, çalğıçılar, aparıcılar, aşıqlar üçün sabit vergi məbləği 30 manat müəyyən edilib. Bu məbləğlərə şəhər və rayonlar üzrə əmsallara vurulmaqla vergi ödəniləcək. Bu vergi sistemi çox güzəştlidir”.

Torpaq sahələrinin satışı vergiyə cəlb ediləcək

İqtisadçı daşınmaz əmlakların satışının vergiyə cəlb edilməsi qaydalarında dəyişikliklərdən də söz açdı. Bildirdi ki, təkrar bazarda yaşayış və qeyri-yaşayış təyinatlı sahələri satan şəxslər vergini əmlakın sahəsinə uyğun olaraq ödəyirlər:

”Bu dəyişikliklərin daşınmaz əmlakların aktiv kimi investisiya cəlbediciliyinə müsbət təsir etməsi şübhə doğurmur. Ancaq buna baxmayaraq, dəyişikliklərin müsbət nəticələri bazarda az hiss olundu, çünki bazardakı vəziyyət makroiqtisadi şəraitin mənfi təsiri altında idi. Təəssüflər olsun ki, o zaman dəyişikliklər ancaq təkrar və ilkin bazardakı mənzilləri, evləri və obyektləri əhatə etdi. Torpaq sahələrinin satışının vergiyə cəlb edilməsi əvvəlki qaydada qaldı. Bu isə torpaq sahələrinin investisiya cəlbediciliyinə mənfi təsir etməkdə davam etdi. Buna baxmayaraq, torpaq bazarındakı aktivlik digər seqmentlərdən heç də aşağı olmadı. Yəni nisbi olaraq, çünki bazarda aktivlik onsuz da bütün seqmentlər üzrə 2016-cı ildə aşağı olub”.

2017-ci il üzrə nəzərdə tutulan dəyişikliklərə toxunan ekspert deyir ki, əsasən torpaq sahələrinin satışı artıq sadələşdirilmiş vergiyə cəlb ediləcək:

"Verginin tutulması qaydası evlərin satışında olduğu kimi olacaq. Vergi notarius tərəfindən birbaşa olaraq əməliyyat zamanı satıcıdan tutulacaq və onun ödənilməsinə görə məsuliyyəti notarius daşıyacaq. Vergi torpaq sahəsinin hər kvadrat metrinə görə tətbiq ediləcək və ərazidən fərqli olaraq əmsallar tətbiq ediləcək”.

İqtisadiyyat şöbəsi

Administratorla əlaqə

077 611-55-22

[email protected]