Siyasət

Vəzifədə qocalan nazirlərin kabinetində dəyişiklik gözləntisi

8-01-2017, 23:30
İslahata əngəl olan kabinet dəyişdiriləcəkmi?

Vüsal Qarayev: "Hökumətdən radikal addımlar gözləməyə dəyməz”

Əli Orucov: "Mövcud kabinet çox bacarıqsızdır”

Elman Fəttah: "İdarəetmə islahatlarına getməyəcəklər”

Ümidlər var ki, 2017-ci ildə Nazirlər Kabinetinin tərkibi dəyişəcək. Müzakirələrə və istəklərə, o cümlədən, səsləndirilən fikirlərə insansaq, il ərzində Baş nazir Artur Rəsizadədən tutmuş ən sonuncu dövlət komitəsinin rəhbərinədək ciddi dəyişikliklər olacaq. Gələn məlumatlara görə, hakimiyyət daxilində uzun müddətdir müzakirə olunan bu məsələ 2017-ci il üçün nəzərdə tutulan planlar içindədir. 

Hesab olunur ki, mövcud kabinet işlək və davam edən sosial-iqtisadi böhrandan ölkəni çıxaracaq qədər texnokrat deyil. Artıq bu, o müzakirələrə yol açıb ki, mövcud Nazirlər Kabinetinin ölkəni sosial problemlərə apara biləcək, proseslərə səthi münasibəti, yaxud münasibətsizliyi təhlükə mənbəyidir. Deputat Əli Məsimli də son müsahibəsində bu məsələyə toxunub və deyib ki, hökumətin belə fəaliyyəti dövlətçiliyimizə təhlükədir. Söhbət Nazirlər Kabinetinin dəyişdiriləcəyindən, ya da mövcud komandanı saxlamaqla, işlək vəziyyətə gətiriləcəyindən gedir. Müzakirələrə qoşulan bir sıra ekspertlər də kabinetin fəaliyyətində ciddi dəyişiklərin olacağını istisna etmirlər.

"Daxildə qarşıdurmalar artacaq”
Vəzifədə qocalan nazirlərin kabinetində dəyişiklik gözləntisi
AXCP mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev "Cümhuriyət”ə bildirib ki, il ərzində hökumətdən ciddi, radikal struktur dəyişiklikləri gözləməyə dəyməz. Lakin AXCP rəsmisi bununla belə, müəyyən dəyişikliklərin olacağını istisna etməyib: "Bəlkə də kabinetin tərkibində hansısa dəyişiklik olacaq, amma bu, hər zamankı kimi səthi, ölkənin siyasi, sosial, iqtisadi gündəminə ciddi təsir etməyəcək dəyişikliklər ola bilər. Hətta hökumət istəsə belə, radikal, köklü dəyişikliyə gedə bilməz. Hakimiyyət daxilindəki iqtisadi klanların mövcudluğunu, onların idarəetmə, qəbul edilən qərarların üzərində təsirlərinin olduğunu, nüfuzlarını unutmaq olmaz. 2017-ci ildən gözləntim budur ki, iqtisadi vəziyyət daha da ağırlaşacaq. Pul, gəlir, büdcə azaldıqca hökumətin daxilində ciddi didişmələr olacaq. 

Bu da təbii ki, xalqın onsuz da ağır olan güzəranını daha da acınacaqlı hala salacaq. Sırf Nazirlər Kabinetinin yenilənməsinə gəlincə, bunun üçün baş nazir də daxil olmaqla, ən azı 90 % dəyişiklik olmalıdır”.

"Bacarıqsızdırlar, oturub ölümlərini gözləyirlər”
Vəzifədə qocalan nazirlərin kabinetində dəyişiklik gözləntisi
AMİP siyasi şurasının üzvü Əli Orucov "Cümhuriyət”ə kabinetin bu tərkibdə nəsə əldə edəcəyini, hansısa müsbət addımlar atacağını düşünmədiyini bildirib. Ə.Orucov mövcud kabinetin bacarıqsız olduğunu da diqqətə çatdırıb: "Bu komandanın müsbət iş əmsalı yoxdur. Kabinetdə oturanların əksəriyyəti qocadır, ölmək üçün günlərini sayırlar. Yəni, belə bir sistemin irəlini fikirləşməsi mümkün deyil. Kabinetə yeni kadrlar cəlb etməkdən əlavə, yanaşma dəyişməlidir. Məsələn, təhsil naziri postuna gənc kadr təyin olundu, nazirliyin tərkibi dəyişdirildi. Amma nəticəsi olmadı, çünki yanaşma dəyişmədi. Əksinə, vəziyyət əvvəlkindən də pis günə düşdü. Təsəvvür edin ki, ölkədə 80 mindən çox uşaq təhsildən kənarda qalıb. Lənkəranda 200-dən çox müəllim öz ixtisasından verdiyi testdən keçə bilmədi. Bu o deməkdir ki, sistemin özü dəyişməlidir. Sistemin özündə ciddi qüsurlar var. Bu olmasa, hansısa struktur islahatlarına gedilməyəcək, bu yöndə addımlar atılmayacaq”.

"Gözləməyə dəyməz”
Vəzifədə qocalan nazirlərin kabinetində dəyişiklik gözləntisi
Müsavat Partiyası başqanının müavini Elman Fəttah "Cümhuriyət”ə deyib ki, hökumət nə 2017-ci ildə, nə də gələn il ciddi idarəetmə islahatlarına getməyəcək. E.Fəttah hesab edir ki, bu siyasi sistemdən xalqın lehinə hansısa qərar verəcəyini gözləmək əbəsdir: "Gözləntimiz yoxdur. Konstitusiyaya əlavə və dəyişikliyi nəzərdə tutan referendum keçirildi. Nəticəyə uyğun olaraq vitse-prezidentlik institutu yaradıldı, amma keçən dövrdən bu günədək hansısa təyinat yoxdur. 

Bu, icra strukturunun dəyişməsi anlamına gəlirdi, Nazirlər Kabinetinin alternativi kimi görünürdü. Amma bu da ortada yoxdur. Ölkədə inkişaf və müsbət dəyişikliklərin baş verməsi üçün bütövlükdə hökumət dəyişməlidir, yəni indiki hakimiyyət dəyişməlidir. Buna görə də bu hökumətdən heç nə gözləmirik”.(cebhe.info)

Administratorla əlaqə

077 611-55-22

[email protected]