Müasir ateizm ya köhnə bütpərəstlik ?

  • 18:55, 08-yan-2017
  • Elm / Yazarlar
  • 58

Müasir ateizm ya  köhnə bütpərəstlik ?
Bu inanc da ateizmin əsasını təşkil edən, lakin heç bir elmi dayağı olmayan materializm ideologiasından qaynaqlanır. Yəni ateistlərdə şüursuz atomlardan ibarət materiyaya, maddəyə güc vermək, bütləşdirmək kimi bir meyil var. Ateistlərin hazırladığı "elmi” sənədli filmlərə baxmısınızsa, yəqin ki, sizin də diqqətinizdən qaçmamışdır. Bu cür filmlərdə, əsərlərdə təbiətdəki ahəngdən, şüurdan, ağıldan, tarazlıqdan, ecazkarlıqdan bəhs edildikdən sonra buradakı ağlın mənbəyi "Ana Təbiət” deyilən bir xəyali ilaha yüklənir. Soruşanda ki, bu "Ana təbiət” kimdir? Deyilir ki, "Ana Təbiət" - Təbiətin özüdür. Yəni bütün bu gücün, ağlın, şüurun sahibi təbiətin özü imiş. Təbiət nədir bəs? - Dağ, yarğan, ağac, daş-kəsək...

 

Ateizmin bu izahı çox "müasir” görünsə də, əslində, qədim dövrlərdə mövcud olan bütpərəstlərin ibtidai, batil inanclarından fərqlənmir. Bütpərəstlər necə ki hansısa heykələ, taxtaya, daşa, yaxud bəzi inanclarda ildırıma, günəşə, təbiətə sitayiş edib onları ilahi qüvvə kimi qəbul edirdilərsə, bugünki bir çoxlarının müasir gördükləri bu ateistlərin izahları da o ibtidai inanclardan heç nə ilə fərqlənmir.

Eyni zamanda diqqət etmisinizsə, ateist dövlətlərin şüarlarında materialist romantiklik olur. "Uca göylər", "qızıl şəfəqlər", "tarixin yaddaşı", "zamanın xasiyyəti", yaxud "batmayan günəşin ulu şüaları" kimi adi təbiət hadisələri bir növ güc mərkəzləri, idarəedici, insanlığın taleyini müəyyən edə bilən qüvvələr kimi təqdim edilib büt kimi sitayiş edilir.

Bu məsələdə ateistlərin içinə düşdüyü maraqlı bir məntiq xətası var. Belə ki, normal olaraq ağlın, şüurun qaynağının beyin olmadığını bildirdikdə ateistlər etiraz edir və ağlın qaynağının beyin, sinir hüceyrələri arasındakı kimyəvi rabiətələr olduğunu idddia edirlər (bu iddianın elmi əsası yoxdur, o ayrı mövzu). Lakin indi də təbiətdəki ağlın qaynağının kosmos, təbiət, hadisələr və s. olduğunu irəli sürürlər. Yaxşı, əgər ağlın qaynağı beyin, sinir hüceyrələrdirsə, təbiət ağacdan, daşdan, sudan, küləkdən ibarətdir, bəs bunların hansının beyni var? Təbii ki, heç birinin. Bütün bu maddələr ağılsız, şüursuz və cansız atomlardan təşkil olunub. Bir daşı təşkil edən atomla, bir canlı hüceyrəsini təşkil edən atomun, suyu təşkil edən atomlarla, qazı təşkil edən atomların arasında heç bir fərq yoxdur. Yəni nəticə etibarı ilə təbiətdəki hər şey sadəcə atomlardan təşkil olunmuş maddədir. Bütün bu atomların ayrı-ayrılıqda heç birinin şüuru yoxdur. Bu təstiq olunmuş elmi faktdır. Ateistlər "müasirlik” adı altında ağılsız maddə yığınını, beyni belə olmayan, hətta cansız daş-kəsək, taxtanı ilah kimi qəbul edib ona sitayiş edirlər. Başda da qeyd etdiyim kimi, bu "müasir” batil inancın keçmiş dövrlərdəki bütpərəstliklə arasında heç bir fərq yoxdur.

Məsələyə ideoloji aspektdən yanaşsaq, bu yeni bütpərəstliyin, yəni ateizmin qaynağı materializm ideologiyası sayılır. Materializm barədə geniş məlumat verməyəcəm. Sadəcə çox qısa olaraq bir-iki məqamı qeyd etmək yetərli olacaq.

Astronomiya, kvant fizikası, genetika və s. bir sıra elm sahələrində əldə olunan nəaliyyətlər nəticəsində materializm çoxdan süquta uğrayıb. Materializmin əsas iddialarından biri maddənin mütləqliyi, ikinci əsas iddiası isə maddədən ibarət olan kainatın da bir başlanğıcının olmaması, statik halda olmasıdır.

Astronomiya sahəsində "Böyük Partlayış" nəzəriyyəsinin ortaya çıxması və isbat olunması ilə kainatın statik olmadığı, sonsuzluqdan bəri var olmadığı və bir başlanğıcının olduğu məlum oldu və bununla bərabər maddə və zamanın yaradıldığı isbat olundu. Materializmin digər bir iddiası olan "maddənin mütləqliyi"nin əsassızlığı fizika sahəsində əldə olunan nəaliyyətlərlə, yəni kvant fizikasının kəşf olunması ilə sübut olundu. Beləliklə, elmi olaraq materializm çökmüş oldu. Bu qeyd etdiklərimlə bağlı ətraflı izahların olduğu çox sayda materiallar mövcud olduğu üçün bu məqalədə bu hissəyə yenidən geniş yer vermədim.

Nəticə etibarı ilə heç bir elmi əsası olmayan ateizmin, materializmin düşdüyü vəziyyəti klassik bütpərəstliklə müqayisə etdiyimiz zaman ateizmin, materializmin müasir dövrün bütpərəstləri olduğu aydın olur. Dolayısı ilə indi yaşadığımız zamana görə min illər əvvələ aid klassik bütpərəstlik inancları bizə necə gülünc gəlirsə, əslində, biraz yaxından araşdırsaq, dərin düşünsək, hal-hazırki dövrün bütpərəstlik inancı olan ateizmin də eyni dərəcədə gülünc və əsassız olacaq.

 

 

Savalan Məmmədli

 




OXŞAR XƏBƏRLƏR

Digər maraqlı xəbərlərə baxa bilərsiniz