Mədəniyyət

Mədəniyyət və Turizm Nazirliyi insanları kinodan niyə küsdürür? - ARAŞDIRMA

8-01-2017, 13:25
Mədəniyyət və Turizm Nazirliyi insanları kinodan niyə küsdürür? - ARAŞDIRMA
Kinoteatr biznesi son 10 il ərzində xeyli dəyişikliyə uğrayıb: əgər əvvəllər kassaların önündəki uzun-uzadı növbələr çətinliklər yaradırdısa, indi boş qalmış zallar problemə çevrilib. Bu yeni bəla ilə həmin sahənin menecerləri müxtəlif yollarla mübarizə aparırlar və bu heç də həmişə uğurlu alınmır.

Teatr və kino zallarında tamaşaçıların sayının azalması dünyanın bürün ölkələrində həyəcanlı trenddir. Avropa tədqiqatçı kino agentlikləri şəbəkəsinin məlumatlarına görə, bu göstərici Fransada 6%, İsveçdə 3%, Finlandiyada isə 4% aşağı düşüb.

Azərbaycan da istisna deyil. Əgər sovet dövründə insanlar həvəslə kinoteatrlara gedirdilərsə, indi yalnız xüsusi məşhurluq qazanmış filmlərə, yaxud da dünya premyeralarına tamaşa etməyə gəlirlər. Əsas tamaşaçı kütləsi isə 16-25 yaş arası gənclərdir. Daha yuxarı yaşlı, ələlxüsus da orta yaşdan yuxarı tamaşaçılar çox azdır - televizor, kompüter və digər informasiya daşıyıcıları onlar üçün kinozalı müvəffəqiyyətlə əvəz edir.

Bu gün nadir hallarda iPad və ya Galaxy-yə kino yükləməyən adama rast gələ bilərsiniz. Bundan əlavə, torrentlərdən, televiziyanın interaktiv servislərindən və i.a. istifadə olunur.

Foyedə qəhvə və oyun avtomatları, zalda popkorn və əlbəttə, cəlbedici xarici məhsul gətirmək kimi müxtəlif yollara əl atmaqla Azərbaycan kinoteatrları tamaşaçını cəlb edə, başqa sözlə, ayaqda dura bilirdilər. Lakin 5 il öncə, "Azərbaycanın dövlət dili haqqında” qanuna müvafiq olaraq, Mədəniyyət və Turizm Nazirliyi yerli kinoteatrlarda nümayiş etdirilən bütün filmlərin icbari qaydada Azərbaycan dilinə tərcümə edilməsi barədə göstəriş verdi. Özü də tərcüməni filmi nümayiş etdirən şirkətlərin özləri icra etməli idilər. Mədəniyyət nazirliyinin tələbinin, müvafiq olaraq, respublika qanununun yerinə yetirilmədiyi halda isə həmin müəssisə cərimə olunur.


Lakin idarə yerli kino biznesi üçün ixtiyari olaraq, yaxud bilaixtiyar "əl yeri” də qoyub: bəzən Azərbaycan tamaşaçısına dünya şedevrlərini tez-tələsik edilmiş səsli tərcümə olmadan baxmaq da nəsib olur - əcnəbi dildə film Azərbaycan dilində alt yazı ilə təchiz edilibsə. Yeni qaydalara görə, bu pozuntu sayılmır. Tamaşaçının bu alt yazısına fikir verib-verməməsi isə əhəmiyyətli deyil.

Bakıdakı kino zallarının vəziyyətdən necə çıxması barədə virtualaz.org-a ölkəmizdə məşhur kino istehsalçısı olan "Paramount Pictures” şirkətini təmsil edən "Cinema distribution” şirkətinin direktoru Faiq Kazımov danışıb.

Bütün dünyada məşhur olan kino şirkətlərinin təmsilçilərinin uğurunun əsasını xarici ölkələrdə ekrana yenicə çıxan filmlərin dərhal, operativ nümayiş etdirilməsidir. Belə olan halda, az müddətə olsa da, kinoteatrlar interneti və televiziyanı qabaqlayırlar və tamaşaçını özlərinə cəlb edə bilirlər.

Faiq Kazımov

"Lakin Mədəniyyət Nazirliyinin irəli sürdüyü tələblər işimizi xeyli çətinləşdirir. Alt yazıları nəinki ingilis dilində nümayiş etdirilən filmləri, eyni zamanda, nəyə görəsə bizdə, demək olar ki, hamının bildiyi rus dilində filmləri də müşayiət etməlidir. Bununla birlikdə, məşhur kino istehsalçıları əvvəlcədən heç kimi, hətta öz distribyutorlarını belə kontentə yaxın buraxmırlar. Başqa sözlə, biz filmi yalnız premyeradan sonra görürük və yalnız bundan sonra tərcüməyə başlayırıq ki, bu da müəyyən qədər vaxt tələb edir. Filmin nümayişinin belə gecikmə ilə nümayişi isə praktiki olaraq kino sənayemizi məhv edir - artıq internetə yerləşdirilmiş, yaxud da hansısa aparıcı televiziya kanalı ilə nümayiş etdirilmiş filmə baxmağa kim gələr?” - kinomenecer deyir. Bu həmin sahənin inkişafı üçün ciddi olsa da, yeganə çətinlik deyil. Yerli dublyajın çox aşağı səviyyədə olması da az problemlər törətmir. İş o yerə çatır ki, kino məhsulunun alternativ izlənmə imkanlarının olmaması hətta Azərbaycan dilini gözəl bilənləri belə qorxudur.

"Dublyaj və alt yazısı prosesi özü-özlüyündə mürəkkəb və həcmli işdir. Lakin iş həm də onunla çətinləşir ki, MDB üzrə mərkəzi distribyutorlar, adəti üzrə, Moskvadakılar, müəllif hüquqlarının qorunması xatirinə bizə dialoq vərəqələrini də göndərməkdən imtina edirlər ki, filmi tərcüməyə vermək imkanımız olsun. Buna görə də, gözləməyə məcburuq, film əlimizə düşsün ki, onu tərcüməyə verək. Yalnız o zaman alt yazının növbəsi yetişir və bütün proses azı 2 həftə vaxt aparır.

Əsas distribyutorların Azərbaycan bazarına elə də maraqları yoxdur, filmləri tərcümə etmək və alt yazıları hazırlamaq onlara sərf etmir. Əgər filmlər altı Amerika meycorları (nəhəng şirkətləri) tərəfindən çəkilibsə, müqavilələr birbaşa distribyutorlarla şirkətlər arasında bağlanır və filmlərin dublyaj xərcini meycorlar öz üzərinə götürür. Lakin onlar da filmlərin Azərbaycan dilinə tərcüməsində maraqlı deyilər, çünki bizim bazar onlar üçün yox həddindədir. Buna görə də, özümüz vəziyyətdən çıxış yolu axtarmalı oluruq.


Eyni zamanda, dublyaj vəsait tələb edən işdir: bir filmin tərcüməsi 20-25 min dolara başa gəlir, çünki "Dolby” sistemində səsləndirmə Londonda aparılır. Bizim belə vəsaitimiz yoxdur. Kommersiya təşkilatıyıq, məlum olduğu kimi, biznes gəlir gətirməlidir, əks halda, onu ləğv etmək lazımdır. Bizim halda isə bu kinoteatrı bağlamaq deməkdir. Misal üçün, hazırda "ƏIi və Nino” filmini Azərbaycan dilinə dublyaj edirik və bu işlə məşhur aktyorlar məşğuldur. Bu əsərin ədəbiyyatımızın klassikası olduğunu nəzərə alaraq, dublyajın keyfiyyətli alınmasına çalışırıq, asan olmayan bu prosesi özümüz maliyyələşdiririk. Lakin kino üçün bu həddən çox itirilmiş vaxt deməkdir. Biznesimizin maraqları, müstəsna olaraq xalq üçün mövcud olsa belə, heç kim tərəfindən nəzərə alınmır”, - Faiq Kazımov hesab edir.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov onunla qəti razı deyil. Məmurun sözlərinə görə, filmlərin dövlət dilində nümayişi tələbi kiminsə, yaxud bütövlükdə Mədəniyyət və Turizm Nazirliyinin tələbi deyil, qanunla şərtləndirilib.

"Kino şirkətlərinin onları kontentə, distribyutorlarınsa dialoq vərəqlərinə yaxın buraxmamaları kimi sözlər bəhanədir. Yadima gəlir ki, ingilis dilində nümayiş etdirilən filmlərə alt yazı tələbi qoyulanda da kino menecerləri belə hiddətlənirdilər. Lakin indi onlar alt yazı ilə nümayiş etdirilir və qorxulu heç bir şey baş verməyib. Ona görə də, qoy rus dilində nümayiş etdirilən filmləri də alt yazı ilə təchiz etsinlər. Bu ki ilk novbədə kinoteatrların sahibləri üçün sərfəlidir, axı müvafiq alt yazı olmayandan sonra onlar Azərbaycan dilli tamaşaçılarını itirirlər.

Güman edirəm ki, rus dilindən tərcümə tamaşaçıların sayının azalmasına gətirib çıxarmayacaq, çünki gənc nəsil bu dili elə də yaxşı bilmir. Ana dilində isə hamı yazıb-oxumağı bacarır. İstisna etmək olmaz ki, Mədəniyyət nazirliyinin qərarı kinoteatrlarda tamaşaçıların sayını artıracaq”, - Y.Şeyxov belə nəticə çıxarır.

Zəruri alt yazıları hazırlanana qədər bizim kinoteatrların dünya premyeralarına kifayət qədər gecikməsini isə o, yalnız kino prokatçılarının özlərinin həll etməli olduqları problem hesab edir.

"Tənzimləyici orqan kimi, biz filmlərin ekrana Azərbaycan dilində alt yazısı ilə çıxmasında israrlıyıq. Bu qaydalara riayət edə bilməyənlər 2000 manat məbləğində cərimələnəcəklər. Dövlət orqanı kimi bizim xidmətlər buna ciddi nəzarət edirlər.

Yeri gəlmişkən, kinoteatrlara "Ben-Qur” filminin rus dilində nümayişinə icazənin verilməməsi alt yazının olmaması ilə bağlıdır. Biz ki tam dublyaj tələb etmirik, yalnız alt yazı tələb edirik ki. bu da xeyli sadədir”, - məmur təkzibolunmaz tərzdə bildirir.


Bir sözlə, necə deyərlər, problem azdırsa, onu mütləq kimsə fikirləşib tapacaq. Azərbaycan kino prokatı ilə qarşıdurmada Mədəniyyət nazirliyinin məmurlarının başgicəlləndirici manevrləri də bu aforizmin doğruluğunu isbatlayır. Bu dəfə onlar ortaya vətən kino sənayesinin azərbaycanlaşdırılması kimi güclü silah atıblar. Bunun nə dərəcədə zəruri olması barədə mübahisə etmirik, qeyd edək ki, dublyaj və alt yazıların hazırlanması üçün dövlətin yardımı mane olmazdı. Azərbaycanın dövlət dilinə keyfiyyətli tərcümənin hazırlanması üçün istehsal gücləri, distribyutorların və kinoteatrların sponsorlaşdırılması tələb olunur. Yalnız bu halda filmlərin Azərbaycan variantları nəinki ucuz, həm də qat-qat keyfiyyətli ola bilər.

Bütün digər hallarda əhalini təhrif olunmuş Azərbaycan dilinə öyrədən necə gəldi hazırlanmış ucuz tərcümələr nəyə lazımdır? Bu işlə məşğul olan 100-200 nəfərin işsiz qalması üçünmü? İstənilən halda Mədəniyyət nazirliyinin düşünülməmiş addımı indiki şəkildə nə tamaşaçıya, nə də kino sənayesinə xeyir gətirmir. (virtualaz.org)

Administratorla əlaqə

077 611-55-22

[email protected]