Ölkə

Deputatdan Səngəçaldakı partlayışlarla bağlı ilginc açıqlamalar

8-01-2017, 00:24

Zahid Oruc: "Artıq bir neçə hadisə baş verib və deməli, biz də terrorun hədəfindəyik”

 


Ötən ilin son və bu ilin ilk günlərində "Şahdəniz”, "Azəri-Çıraq” yataqlarından çıxan, Türkiyə üzərindən Avropaya yön alan magistral qaz kəmərlərində iki güclü partlayış baş verdi. Səngəçalda baş vermiş partlayışların konkret olaraq nədən meydana çıxdığı hələlik açıqlanmayıb.

İlkin olaraq hər iki partlayışın qaynaq işlərinin və ya borunun hazırlandığı materialın keyfiyyətinin aşağı olması, kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalların nəzərdən keçirildiyi bildirilib. Cəmiyyətdə isə partlayışların qəsdən törədilməsi narahatlıqları sezilir.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc mövzunu "Yeni Müsavat” qəzetinə şərh edib. O, olayların qəsdən törədilməsi ehtimalının olmasını inkar etmir:

- Hadisələri ard-arda düzəndə qeyd olunan mənzərə yaranır. Partlayışların mühüm siyasi-iqtisadi dönəmlərə düşməsi, dünyada terror olaylarının bu qədər artdığı zamanda sinxron baş verməsi Azərbaycanda bu hadisələrin mütləq kənar iradə hesabına gerçəkləşdirildiyi ehtimalını yaradır. 2015-ci il dekabrın 4-də "Günəşli” yatağında 30-ə qədər insanımızın faciə nəticəsində həlak olmaları, 2016-cı ilin dekabrında açıq dənizdə estakadada köşkün suya düşüb batması ilə nəticələnən olay, ardınca magistral qaz kəmərində 2 dəfə partlayış baş verməsi bir-biri ilə sanki uzlaşır.

Ortaya bir tablo çıxır. Amma əlimizdə kəşfiyyat məlumatları da yoxdur deyə, sadəcə ehtimallarımızı söyləyirik. Neft və qaz təsərrüfatı ölkəmizin təkcə qan-damar sistemi deyil, həm də bütövlükdə cəmiyyətimiz də bu estakadanın üzərindədir. Bu, həmçinin təhlükəsizlik simvoludur. Ona qarşı hər hansı bir zərbə vurulursa, təxribat törədilirsə, bu, dövlətin bünövrəsinə vurulan zərbədir. Bu olayların terrorla nə dərəcədə bağlantısının olmasını təhlükəsizlik orqanları daha yaxşı bilirlər. Bununla belə Azərbaycanda son illər ərzində bu cür kənar qüvvələrin müəyyən qədər sistemli fəaliyyəti də inkarolunmazdır. Azərbaycan beynəlxalq proseslərdən kənar deyil.

Bu gün Azərbaycan hədəf kimi qəbul edən dairələr, qüvvələr var. Həmin dairələr Türkiyə ilə Azərbaycanı birləşdirən vahid kəmərlər üzərindən həm də təhlükələri birləşdirə bilərlər, buna qadirdirlər


Suriya qara bayraq altında döyüşmək istəyənlərin meydanına çevrilib və Azərbaycandan da ora gedib döyüşənlər var. Həmin şəxslər döyüşəndən sonra qayıdıb ölkəyə gəlirlər. Amma Suriyada döyüşdükləri terror qruplaşmalarının təsiri altında qalmaqda davam edirlər. Daim onlarla bağlı müxtəlif əməliyyatlar keçirilir. Mümkündür ki, belə şəxslərin vasitəsi ilə bizim üçün strateji önəm daşıyan mühüm iqtisadi sferalara da barmaq uzadılır. Real terror faktı varsa da, cəmiyyətdə xof yaradılmaması üçün görünür dövlət bunun açıqlanmasında maraqlı deyil.

Image result for Zahid Oruc

- 2009-cu il aprelin 30-da Neft Akademiyasında baş verən terror olayından əvvəl - 2008-ci ilin avqustunda ölkədə bir neçə strateji obyektdə partlayış törədilmişdi. Bu haqda mətbuatda ölkədə terror olaylarının baş verməsi haqda yazılar dərc olunandan sonra o dövrdə mətbuat nümayəndələrinə "təşviş, vahimə yaradırsız” fikirlərini çatdıran hüquq mühafizə orqanları rəsmi xəbərdarlıq elan etmişdilər. Yəni olayların cəmiyyətdən gizlədilməsi son nəticədə ADNA terroru kimi bir qanlı olayın meydana gəlməsinə yol açdı. Sizcə, baş vermiş olayları öz adı ilə cəmiyyətə təqdim etmək daha doğru deyil?

- Cəmiyyət özü hansısa məqamlarda həssaslığını nümayiş etdirəndə, informasiyalı olanda dövlət orqanları ilə birgə sanki layihədə iştirak edirlər. Sonuc etibarı ilə bu, Azərbaycanın hər bir təbəqəsindən olan insanının maraqlarına uyğundur. Çünki qatar relsdən çıxanda içində olan varlıya da, kasıba da, ateistə də, dindara da zərbə dəyir. İndiki situasiyada görünməyən divarın arxasında hansı əllər varsa, bunun cəmiyyətə bildirilməməsi iki məqsədə xidmət edə bilər.

Mümkündür ki, burada izinə düşülməsi istənilən daha böyük terror qrupları var və əməliyyat məlumatları belə hadisələri hələ ki təbii qəzalara yazmağı üstün tutur.
İkinci tərəfdən cəmiyyəti xoflandırmaq ziyana da, xeyirə də işləyə bilər. Türkiyədə son 2 ildə 31 terror olayı törədilib. Bu olayların törədilməsində məqsəd hakimiyyətin terroru törətmiş qüvvə ilə hesablaşmasına nail olmaqdır.



Türkiyədə hakimiyyət orqanları vəziyyəti nəzarət altında saxladıqlarını bəyan etsələr də, bu olaylar baş verməkdədir. Bu gün Türkiyədə məhkəmə, ədliyyə, təhlükəsizlik sistemlərində həmin olayları törədənlərlə əlbir olanlar var. İnformasiya sızmalarının baş verməsi son nəticədə belə olayların qarşısının alınmasına mane olur. Azərbaycanda Dövlət Təhlükəsizlik Xidmətinin yenidən təşkili bu hadisələrin izlənməsini, məlumatların düzgün istiqamətdə və dərhal təhlil olunmasını, xalqın, mühüm infrastrukturların təhlükəsizliyinin təmin olunmasını mümkünləşdirir.

Amma artıq bir neçə hadisə baş verib və deməli, biz də terrorun hədəfindəyik. İsrailin bu gün çox mütərəqqi təhlükəsizlik modelləri var. Bu model təhlükəsizlik, kəşfiyyat orqanlarının ölkə insanları ilə işləməsindən də keçir. Antiterror Mərkəzi hər ölkədə, Azərbaycanda da güclü bir struktura çevrilməlidir. Bu struktur terror şəbəkələrinə zərbə vurmaq üçün vacibdir. Zaman bunu tələb edir. Bu gün 100 minlərlə nizami orduların işini çox məhdud qruplar həyata keçirə bilir.

Bu, müharibənin yeni formasıdır. Ona görə də düşməni səngərdə aydın gözlə gördüyümüzə sevinirik, çünki görünməyən düşmənlə döyüşmək daha çətindir. Azərbaycanda neft kəmərləri, su hövzələri, digər infrastrukturların qorunması üçün belə mərkəzlərin güclü fəaliyyəti olmalıdır.

- Magistral qaz kəmərlərində partlayışlar Azərbaycanın Gürcüstanda böyük qaz anbarının tikintisinə tender iştirakçısı olaraq qatılması, 2-3 ildən sonra Avropanın önəmli qaz təchizatçısından birinə çevrilməsi ərəfəsində baş verir. Magistral qaz kəmərlərində 6 gün fərqlə, eyni məkanda partlayışların baş verməsini rəsmilərin aşınmadan, torpaq sürüşməsindən meydana gəlməsini söyləməsi ölkə olaraq bizim etibarlı tərəfdaş ola biləcəyimizi şübhə altına almır ki?

- İndiki reallıqda mühüm strateji obyektlərdə gerçəkdən təbii hadisələrin baş verməsi nəticəsində yaranan qəza belə özlüyündə mahiyyətindən çıxır, çərçivəsini aşır. Burada kənar təsir varsa, bu, bizi ikiqat təsirləndirməlidir. "Bakı-Ceyhan” neft kəməri Türkiyə ərazisində həyata keçirilən bir neçə terror olayı nəticəsində partladılmışdı. Bunu o dövrdə PKK üzərinə götürmüşdü. Bu olayları sifariş vermiş qüvvələri də təyin etmək çətin deyildi. Qlobal neft-qaz savaşı, belə kəmərlərin keçdiyi ərazilərdə dava, müharibə tarixə yazılmaqdadır. Azərbaycan qaz resursu ilə dünya bazarına çıxır və belə olan təqdirdə hətta partlayışların öz-özünə baş verdiyini qəbul edənlər də Azərbaycandan tərəfdaş kimi narahat ola bilərlər.

Bu baxımdan 2017-ci il Azərbaycan üçün ən çox təhlükəsizliyi ilə əlamətdar olmalıdır. Bu o demək deyil ki, ölkədə iqtisadi, bank-maliyyə sektorunda həyata keçirilməli olan tədbirlər ikinci plana keçirilməlidir. Hər bir sosial məsələ təhlükəsizliyin mühüm komponentidir. Bu gün Azərbaycan hədəf kimi qəbul edən dairələr, qüvvələr var. Həmin dairələr Türkiyə ilə Azərbaycanı birləşdirən vahid kəmərlər üzərindən həm də təhlükələri birləşdirə bilərlər, buna qadirdirlər. Azərbaycanın təhlükəsizlik orqanlarının konseptual yanaşmaları olmalıdır. Bəzən siyasi baxımdan yaranan gərginlikdən doğan ab-hava belə terroru duymağa, növbəti addımların nə ola biləcəyini proqnozlaşdırmağa və qarşı addımların atılmasına imkan verir. Azərbaycanın təhlükəsizlik orqanlarına güvənərək düşünürük ki, 2017-ci il bu baxımdan sabit olacaq.

- Vaxtilə Milli Təhlükəsizlik Nazirliyində məhz energetika sahəsində təhlükəsizliyə cavabdeh olan general Akif Çovdarov idi. Bu gün o, məhkəmə qarşısındadır. Onun təmsil etdiyi qrupun maraqları baş vermiş hadisələr şəklində ifadə oluna bilərdimi?

- Bu da versiyalardan biridir. Hazırda həmin şəxs ətraf aləmdən təcrid olunub, xüsusi rejimdə saxlanılır. Əlbəttə, nəzərə alınır ki, o, çox mühüm informasiya daşıyıcısıdır. Onun son addımları, mesajları da dövləti şantaj etməyə yönəlib. Onun vaxtilə enerji sektoruna nəzarət etməsi də diqqətə alınmaqla, hansısa "minaların” partladılması o adamın həbsxanada belə güclü göstərilməsinə xidmət edir. Məsələnin bu cür qoyuluşu ilə razı deyiləm.

E.MƏMMƏDƏLİYEV

Administratorla əlaqə

077 611-55-22

[email protected]