İqtisadiyyat

Xoruz ili dollara düşərli oldu, manat isə yenə ucuzlaşdı

6-01-2017, 13:11
Xoruz ili dollar üçün düşərli olub. Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsinin artırılması ilə bağlı qərarından sonra ABŞ dollarının indeksi 102,62 səviyyəsinədək möhkəmlənməyi bacarıb ki, bu da 2003-cü ilin yanvar ayından etibarən ən yüksək göstəricidir.

Avro isə dollara nisbətən 0,3% ucuzlaşaraq 1,0503 dollar səviyyəsində müəyyənləşib. Bundan öncə Avrozonanın vahid valyutası 21 aylıq minimuma, yəni 1,0468 dollar səviyyəsinədək enib.

FED-in qərarından sonra Yaponiya valyutası da yeni 10 aylıq minimuma enib. 
Funt sterlinq 0,28% zəifləyərək 1,2530 dollar səviyyəsində qərarlaşıb. Çin yuanının dollara nisbətən məzənnəsi 2008-ci ilin ortalarından etibarən ən aşağı həddə enib.
Milli valyuta olan manat isə 2017-ci ilin ilk iş günündə yenə ucuzlaşıb. Yeni ilin ilk valyuta hərracında dollar bahalaşıb və nəzərlər manatın üzərindədir. Manatın özünü necə aparacağı barədə ehtimalların əksəriyyəti pessimistdir. 

Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib və hərrac 1 ABŞ dolları üçün 1,7707 məzənnəsi ilə başlayıb, 1,7742 məzənnəsi ilə yekunlaşıb. Başqa sözlə, qiymət artımı 0,2 faiz və yaxud 0,0035 manat təşkil edib. Ekspertlər manatın növbəti aylar üçün vəziyyətinin heç də yaxşı olmayacağını proqnozlaşdırırlar. 

Ekspert Natiq Cəfərli bildirib ki, rəsmi məzənnə dəyərini itirir: "İlin ilk hərracı bitdi, dolların rəsmi məzənnəsi 1,7742 oldu, yəni yenə bahalaşdı. Belə çıxır ki, Mərkəzi Bank yenə hər hərracda tələbdən dəfələrlə az valyuta çıxartmaqda israrlıdır, bu addım isə qara bazarı təşviq edəcək, rəsmi məzənnə önəmini itirəcək. Mərkəzi Bankın əsas işi sərbəst valyuta alış-satışını bərpa etmək olmalıdır, yoxsa qiymətlər daha sürətlə artacaq, mağazalar, apteklər getdikcə boşalacaq, olan-qalan investorlar da ölkədən qaçıb-gedəcək, rəsmi məzənnə ilə real məzənnə arasında fərq böyüyəcək. Mərkəzi Bank 4 faizlik, artıq mənasını itirmiş məzənnə marjını ləğv etməli, banklara sərbəstlik verməli, valyutadəyişmə məntəqələrinin yenidən açılmasına şərait yaratmalıdır. Başqa yol yoxdur, ölkəni məzənnə siyasətində Türkmənistana, Özbəkistana çevirmək olmaz, bu, daha təhlükəlidir”.

Image result for Qubad İbadoğlu

Ekspert Qubad İbadoğlu isə bildirib ki, bu il ərzində manatın sabit qalmayacağı şübhəsizdir: "Fikrimcə, il ərzində manatın dollara nəzərən məzənnəsi 3 ssenaridən birində inkişaf edə bilər. Ən yaxşı ssenaridə 1 dollara görə manatın orta məzənnəsi 2 manat 20 qəpik, orta ssenaridə 2 manat 50 qəpik, pis ssenaridə isə 2 manat 80 qəpik ola bilər. Bir sözlə, manatın dollara nisbətdə məzənnəsi üçün dəhliz 2 manat 20 qəpiklə 2 manat 80 qəpik arasında müəyyənləşə bilər. 2017-ci ildə manatın gerçək məzənnəsi formalaşmayınca ölkəyə kapital cəlb etmək və iqtisadiyyatı sabitləşdirmək mümkün olmayacaq. Bunun üçün də iqtisadi sahədə struktur və institutsional, eləcə də dövlət idarəetməsində inzibati və məhkəmə islahatları aparılmalı, milli iqtisadiyyatın liberallaşdırılması, sağlam rəqabətin dəstəklənməsi və yerli özünü idarəetmə keyfiyyətcə yeni mərhələyə daxil olmalıdır. Gözlənilən dəyişikliklər yalnız müstəqil vətəndaş cəmiyyəti və azad mətbuatın dəstəyi ilə səmərə verə bilər. Bu da o deməkdir ki, iqtisadi və siyasi islahatlar birlikdə aparılmalıdır”.
Ekspertin sözlərinə görə, bu ilin iqtisadiyyatından gözləntilər müsbət deyil: "Hətta rəsmi statistik məlumatlarda da ötən il ərzində Azərbaycan iqtisadiyyatı 4 faizə qədər kiçildi, ərzaq inflyasiyası 15 faizi ötdü, 50 mindən çox iş yeri bağlandı. Azərbaycan iqtisadiyyatı MDB məkanında ili tənəzzüllə başa vuran Belarus və Rusiya ilə nəinki eyni siyahıda yer aldı, hətta bu qara siyahıya liderlik etdi. Beləliklə də start vəziyyəti gözlənildiyindən də xeyli pis olan 2017-ci il üçün nikbinlik yaratmır. Pis göstəricilərlə 2017-ci ilə keçid edən milli iqtisadiyyatın yeni gerçəkliyin və tələblərinin əsas yükünü aztəminatlı əhali və azad sahibkarlar çəkəcək. İlin birinci yarısı daha ağır olacaq. Bu dövr ərzində iqtisadi böhran büdcə böhranına da gətirib çıxaracaq. Çünki azalan idxal, zəifləyən iqtisadi fəallıq büdcənin mədaxilinin proqnoz səviyyəsində formalaşmasına problemlər yaradacaq. Bu da xüsusilə də 1-ci rübdə büdcədən maliyyələşən təşkilatlarda əmək haqqı və pensiyaların vaxtında verilməsində ciddi çətinliklər yaradacaq”.

Q.İbadoğlunun sözlərinə görə, ilin ən böyük problemi işsizlik və inflyasiya olacaq: "İş yerlərinin ixtisarı 2017-ci ildə də davam edəcək. Bu il ərzində daha çox ixtisaslı işçilər işlərini itirəcəklər və bu da əmək bazarında iş yerləri uğrunda rəqabəti daha da kəskinləşdirəcək. İnflyasiyaya gəlincə, qiymətlərə artırıcı təsir göstərən mövsümi amillər və inhisarçı şirkətlərin müraciəti əsasında bahalaşan tariflər olacaq. İl ərzində enerjidaşıyıcılarının, kommunal xidmətlərin, nəqliyyatda gediş haqlarının bahalaşması ilə bağlı Tarif Şurasının yeni qərarları olacaq. Bu və digər amillərin təsiri ilə 2017-ci ildə də inflyasiya iki rəqəmli olacaq”.

Ekspert qeyd edib ki, 2017-ci ildə maliyyə və bank sektorunun çətinlikləri davam edəcək: "Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların xərclərinin artımını şərtləndirən yeni qərarlarının bu ildən icraya yönəlməsi bankların və qeyri-bank kredit təşkilatlarının manevr imkanlarını məhdudlaşdıracaq. Əldə etdiyi gəlirlərlə xərclərini tənzimləmək sahəsində problemlərlə üzləşən əmanətçilər və kreditorlar qarşısında öhdəliklərini vaxtında yerinə yetirməyən bir neçə bankın lisenziyası geri alınacaq, həm bank və həm də bank olmayan kredit təşkilatları fəaliyyətlərini dayandırmaq və birləşmək məcburiyyətində qalacaqlar”.

RÖYA

Administratorla əlaqə

077 611-55-22

[email protected]