Çap mediası rəsmən çökür: bir neçə iqtidar qəzeti bağlana bilər - Şok siyahı

  • 00:34, 06-yan-2017
  • Media
  • 88

İqtisadi böhran çap mediasını çökdürüb. Ötən ilin ortasında "Gündəlik Teleqraf”, "Həftə içi”, qəzetləri çapını dayandırmışdısa, bu il bir neçə dövlət qəzetinin bağlanması gözlənilir. 

Politika.Az-ın əldə etdiyi məlumata görə, daha bir neçə iqtidarın yazılı mediasının fəaliyyətinə xitam verilməsi, elektron versiyaya keçəcəyi istisna edilmir. 

Məlumata görə, böhran çap xərcləri, yayım, satış və işçilərin əmək haqlarına ciddi şəkildə təsir edir. Hazırda internetin inkişafı qəzet satışını azaldıb. 

Hətta müxalifyönlü və müstəqil qəzetlərin də tirajı aşağı düşüb. Həm "Yeni Müsavat”, həm "Bizim Yol” qəzetlərinin tirajı kəskin azalıb, "Azadlıq” qəzeti çap olunmur, "Gündəm-xəbər” qəzeti həftədə üç dəfə çap olunur. 

İqtidar mediası isə dotasiya ilə dolanır. Onların abunədən gəliri də azalıb. Üstəlik, cəmiyyətdə oxunaqsız və qeyri-populyar qəzetlərdir, dövlət üçün izafi xərclərdir. Bu baxımdan onların fəaliyyətinin dayandırılması nəzərdən keçirilir. 

Politika.Az xəbər verir ki, hakimiyyət qənaət rejiminə başlayıb və 2017-ci ildə "Üç nöqtə”, "Ekspress”, "Azərbaycan”, "Səs” qəzetləri elektron yayıma keçə bilər. 

Şübhəsiz ki, bu media quruluşlarının işini dayandırması işsiz jurnalistlərin sayını artıra bilər. Ən yaxşı halda ixtisarların olacağı nəzərdə tutulur. 

Eyni zamanda elektron KİV də ağır günlərini yaşayır. Elə Politika.Az da ciddi maliyyə sıxıntıları yaşayır. Xəbər portalı məhdud imkanlarla fəaliyyət göstərir. 

İqtisadi böhran teleradioların da fəaliyyətinə təsir edib. Bəzi telekanal və radiolarda ixtisarlar aparılıb, bəzi verilişlərin yayımı dayandırıb, bir hissəsinin də yanvardan efirdən çıxarılması nəzərdə tutulur. 

Demək olar ki, dünya çapında televiziyalara baxanların sayı azalıb. Televiziyalar indi auditoriyanı əlində saxlamaq üçün bütün variantlara əl atırlar.



OXŞAR XƏBƏRLƏR

Digər maraqlı xəbərlərə baxa bilərsiniz