Siyasət

“Forbes”: “Azərbaycan Yaxın Şərqdə Moskvanın hökmranlığını bloklayır”

5-01-2017, 23:05
“Forbes”: “Azərbaycan Yaxın Şərqdə Moskvanın hökmranlığını bloklayır”

"Kimsə iddia edə bilər ki, Moskva öz sabitliyinin təminatı üçün Cənubi Qafqaz regionuna daxil olan Azərbaycan, Gürcüstan və Ermənistanı təsir dairəsinə qaytarmalıdır”.

Publika.az xəbər verir ki, bunu "Forbes” nəşrinin saytında Melik Kaylan yazıb.

Sovet dövründə Kremlin təsirinin bütün Qafqaza - İrana qədər uzandığını qeyd edən müəllif hesab edir ki, kiçik ölkə olan Azərbaycan bütün Yaxın Şərqdə Moskvanın hökmranlığının qarşısını alır.

Müəllif bir faktı nəzərə almağa çağırır ki, İran indi heç vaxt olmadığı qədər Rusiyanın müttəfiqidir. Bu baxımdan, Melik Kaylan bildirir ki, Kreml öz təsirini bütün Qafqaza yayacaqsa, avtomatik olaraq Moskvanın təsiri İran vasitəsilə bütün Yaxın Şərqə yayılacaq.

"Beləliklə, anti-Qərb ölkələrinin güclü bloku yaranır və bu blok dünyanın neftlə zəngin regionunun dərinliklərinə girəcək. Bu bloka Moskva ilə dost olan Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyəni də əlavə etsək, onda artıq Putinin Şərq-Aralıq dənizi qanadı yaranır. Bu bloka Rusiyaya tarixən yaxın olan və Avropa İttifaqı ilə düşmən münasibətlərə köklənən Bolqarıstan və Yunanıstan da əlavə edilsə, bir neçə il ərzində NATO və Avropa İttifaqı ilə vidalaşa bilərik", - deyə Melik Kaylan bildirib.

Müəllif qeyd edir ki, Böyük Britaniya, Macarıstan, Fransa, Türkiyə və başqa ölkələrin bəzi liderləri NATO və Avropa İttifaqının öz vəzifəsini daha yerinə yetirmədiyini bildirirlər.

"Ukrayna, Baltikyanı və Qafqaz ölkələrini tərk edək. Onları Moskvadan qorumaq üçün müharibəyə gedərikmi? Həmçinin Yaxın Şərqin neft ölkələrini, NATO və Avropa İttifaqını tərk edək. Nə qalacaq?" - deyə Melik Kaylan yazıb.

Müəllif "regionu xaosdan nə saxlayır” sualını qoyub:

"İstər inanın, istər yox, amma bu gün bütün strateji balans Qafqazda yaradılırır. Xüsusi halda, İsrail Azərbaycanla əməkdaşlıq əlaqələrini möhkəmləndirir. Ermənistan daha çox Moskva-Tehran oxunun təsiri altına düşür. Gürcüstan isə qərarsızdır”.

Müəllif Gürcüstan vasitəsilə Türkiyəyə uzanan Bakı-Tiflis-Ceyhan neft kəmərini xatırladır. Onun sözlərinə görə, bu marşrut Rusiyadan və problemli Yaxın Şərqdən yan keçərək Avropaya uzanan tək enerji marşrutudur. Melik Kaylan hesab edir ki, Azərbaycan Türkiyənin ən böyük regional müttəfiqi olmasına baxmayaraq, tədricən Rusiyanın təsiri sahəsinə düşür. O, bu prosesin hamar keçdiyini qeyd edib.

Müəllif əmindir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tezliklə Rusiyanın bütün Yaxın Şərq strategiyasının İranla həmrəyliyə əsaslandığını anlayacaq:

"Və Tramp seçim etməli olacaq: ya Putinlə dostluq, ya da İranla düşmənçilik”.

Melik Kaylanın fikrincə, İsrail Trampı itələyəcək ki, ABŞ yenidən özü üçün tək regional təhdid kimi İrana təzyiqi göstərsin.

"Tramp və Qərb qlobal tarazlığın saxlanılması üçün İsrail və Azərbaycana təşəkkür etməlidir”, - deyə müəllif fikrini yekunlaşdırıb.

Ömər Dağlı

Administratorla əlaqə

077 611-55-22

[email protected]