Siyasət

Əli Həsənov biznes imperiyası quranda, mən Azərbaycan həqiqətlərini yayırdım

5-01-2017, 17:12
Əli Həsənov biznes imperiyası quranda, mən Azərbaycan həqiqətlərini yayırdım

Başa düşdüyüm qədər son günlər hakimiyyət nəzarətində olan KİV-lərdə qüdrət həsənquliyevlər adı ilə Rusiyanın adamı, mürvət həsənovların vasitəsilə ilə erməni müdafiəçisi kimi təqdim olunmağım təsadüfi deyil. Belə olmasa, mənə "xain”, "satqın, "çaqqal”, "tula”, "pula satılan” və s. kimi təhqirləri yağdıranlar haqqında iddialarım rədd olunub, əvəzində qüdrət həsənquliyevə "təyinatlı deputat” deməyimə görə haqqımda məhkəmə prosesləri başlanmazdı. Türkiyə iş adamlarının milyonlarını mənimsəmiş Mürvət Həsənli azadlıqda gəzib, qanuni fəaliyyətimi həyata keçirdiyimə görə, hakimiyyət KİV-lərində məni təhqirlərə, böhtanlara məruz qoymazdılar. Məqsəd məni qorxudub sosial şəbəkələrdəki ictimai fəaliyyətimdən çəkindirməkdir. Bu isə əsla olmayacaq, hər iftiranıza cavab alacaqsınız! Özü də cavabı icraçılara yox sifarişçilərə verəcəm.

Hələlik isə Əli Həsənovun diqqətinə çatdırıram ki, 1989-cu ildə həyatımı riskə atıb Sumqayıt hadisələrini araşdıranda siz Moskvada oxuyan tələbələr sırasında "Bakinskiy Raboçiy” qəzetində hamını Əbdürrəhman Vəzirovun ətrafında birləşməyi və "əliyevşinaya qarşı mübarizə”yə çağırırdınız. Sinəsində Rusiya orden medallarını gəzdirən Əli Həsənovdan fərqli olaraq, o, susanda 1993-cü ilin avqustunda, Rusiyanın Azərbaycandakı əlaltıları at oynadanda Milli Məclisdə hamının gözü qarşısında onlara cavab verirdim. Hər imkan düşəndə Sumqayıt hadisələrini cəmiyyətə çatdıranda haqqımda, bu günkü kimi, "Aslan İsmayılov erməniləri müdafiə edir” yazılarını tirajlayırdınız. Artıq Sumqayıt həqiqətlərini gizlətmək mümkün olmayanda kitabımda olanları öz adınızdan tirajlamağa başladınız. Yaratdığım saytı kölgədə qoymaq üçün adında "g” hərfini "q” ilə əvəzləyib eyni məzmunlu yeni sayt da yaratdız. Bir sıra yüksək vəzifəli məmurların iştirakı ilə saytın təmtəraqlı təqdimatını da keçirdiz. Açıq oğurluq olsa da dinmədim, çünki sizlərdən fərqli olaraq şəxsi mənafe güdmürdüm.

Əli Həsənov Azərbaycanda vəzifəsindən sui istifadə edib biznes imperiyası yaradanda mən xaricdə qazandığım pullar hesabına "Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabını azərbaycan, rus, türk, ingilis, alman dillərində çap etdirib bütün dünyada yayırdım və yaymaqda davam edirəm. Kitabın elektron (pdf) versiyalarından gündə yüzlərlə oxucu müxtəlif dillərdə www.sumgayit1988.com saytından pulsuz yararlanır. Əlavə olaraq 4 amerikan professorunun həmmüəllifliyi ilə kitabın ingilis dilində olan versiyasını dünyanın ən iri satış mərkəzi olan Amazon.com da yayılmasını da təşkil etdim. Mənə erməninin müdafiəçisi damğası vuranlara bildirirəm, sizlər evdə erməni saxlayıb sözdə erməniləri qırmağa çağırmaqla Azərbaycanı dünyada biabır, Qarabağ probleminin həllini isə mümkünsüz edirsiniz. Mən isə bu gün də Azərbaycanda yaşayan, yaşamaq istəyib ərazi bütövlüyünü tanıyan hər kəsi müdafiə etməyə hazıram. Sizlərdən fərqli olaraq mən Ömür Oralla müqaviə bağlayıb "Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nin müdafiəsini öz üzərimə götürəndə orada cüzi payların erməni millətindən olan Türkiyə vətəndaşına məxsus olduğunu bilmirdim. Sizlər isə həmin şirkətin kimlərə məxsus olduğunu bilə-bilə Azərbaycana gətirib onların hesabına milyonlar qazandınız və sonda sərf eləməyəndə pullarını atdınız. Borcu ödəməyə gələndə isə "sahibləri ermənidir” şüvəni qaldırdınız. Bu gün həmin şirkətin paylarının cüzi hissəsinin ermənilərə məxsus olduğunu sizin sayənizdə bildim, ancaq yenə onların pulları son qəpiyinə kimi qaytarılması üçün əlimdən gələni edəcəm. Mənim üçün oğrunun milliyəti olmur! Oğru oğrudur. Hələlik bu qədər. Nə qədər üstümə gələcəksiniz o qədər də ifşa olunacaqsınız. İndi bildiyinizi edin.

 

P.S. "İstəsəm Prezident olaram” başlıqlı yazı verdirirsiniz. Deyəsən qarnınıza yaman ağrı düşüb. Rahatlanın, mən elə deməmişəm. "Prezident olmaq şansım olub” demişəm. Sizlərdən fərqli olaraq mən istəyimi heç vaxt gizlətməmişəm. Rahat olun, sizi kimi vəzifə düşkünü deyiləm, bundan sonra da heç vaxt, heç bir vəzifədə təmsil olunmayacam. İctimai həyatda isə həmişə aktiv olacam. Azərbaycan mənim üçün bəzilərindən fərqli olaraq qazanc yeri yox, Vətəndir!

Yazı Aslan İsmayılovun facebook səhifəsindən götürülüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]