Kriminal

Bakıda şöbə müdirinin qorxulu gecəsi- maskalılar məmuru evindən aparıb 300 min dollarını aldılar

4-01-2017, 22:18
"MTN mafiyası”nın qurbanlarından biri də məmurdur. Həm də sahibkar-məmur. Onun adı MTN qurbanlarının siyahısında sadəcə olaraq sahibkar kimi göstərilir.

MTN-nin həbs edilən yüksək vəzifəli zabitləri ilə bağlı açılan cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş kimi tanınan Saleh Səmədov ifadəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu qeyd etsə də məmur olması haqda danışmayıb.

Musavat.com-un araşdırması zamanı məlum olub ki, "MTN çetesi”nin zərərçəkmişi kimi tanınan "Araz” MMC-nin sahibi Səmədov Saleh Mehralı oğlu həm də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) İmişli ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiridir. Bundan əvvəl isə İmişli Rayon İcra Hakimiyyətində başqa vəzifələrdə də çalışıb.

Saleh Səmədovla MTN-nin "ilk tanışlığı” necə olub? 

İstintaq zamanı MTN-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı mübarizə Baş idarəsi tərəfindən bir sıra vətəndaşların telefon nömrələrinin qanunsuz olaraq dinlənilməsi araşdırılarkən zərərçəkmişlər siyahısında Saleh Səmədovun da olduğu müəyyən edilib.



Zərərçəkmiş Saleh Səmədov istintaqa ifadəsində göstərib ki, 2015-ci ildə Nərimanov rayonu, H.Əliyev küçəsi ev 70 ünvanındakı mənzilindən çıxıb İmişliyə getmək istəyərkən tanımadığı nömrədən zəng gəlib. Özünü MTN-nin şöbə rəisi Natiq Alıyev kimi təqdim edən şəxs evinin qarşısına çıxmasını istəyib.

Evinin qarşısına çıxan S.Səmədov Natiq Alıyev və digər MTN əməkdaşları ilə qarşılaşıb. Və görüb ki, artıq MTN əməkdaşları sürücüsü Ramil Şirinovu saxlayıblar. O, həmin vaxt Ramil Şirinovun xəsarət aldığını da bilib.

S.Səmədovdan MTN-ə gələməsi tələb olunub. Onunla birlikdə sürücüsü də nazirliyin binasına aparılıb.

Tələb edilən məbləğ 1 milyon

MTN-də  Natiq Alıyev ona Sübahir Qurbanovun göstərişi ilə gətirildiyini, sahibi olduğu "Araz” MMC-nin vergidən yayındığını və bu əməllərinə görə də həbs edəcəklərini deyib.

S.Səmədov ifadəsində deyib ki, daha sonra söhbətə digər MTN əməkdaşı Fizuli Əliyev də qoşulub və həbs olunacağı barədə ona hədə-qorxu gəlib. Söhbətlərin və hədə-qorxunun sonunda S.Səmədovdan azadlığa buraxılması üçün 1 milyon dollar tələb edilib.

Bu qədər pulunun olmadığını deyən S.Səmədovu bir gecə MTN-də saxlayıblar. Səhər isə ona "güzəşt” edərək 300 min verməsini təklif ediblər. Məmur Səmədov bu təkliflə razılaşanda onu MTN-dən buraxıblar.

MTN-dən qapıya qədər "xidmət”

S.Səmədovu Natiq Alıyev özünün "Audi Q7” markalı maşını ilə evinə aparıb. Məqsədi isə pulun bir hissəsini nağd şəkildə almaq imiş. S.Səmədovu evinə aparan N.Alıyev qapıda gözləyib ki, 100 min dolları isti-isti alsın. 100 min dolları alan Natiq Alıyev qalan 200 min üçün Səmədova 1 ay vaxt verildiyini söyləyib və gedib.



Bir ay sonra "MTN çetesi”nin qurbanları ilə daimi görüş yerlərindən olan "Sultan” kafesinə gələn Səmədov 200 min dolları da burada N.Alıyev və digərlərinə təhvil verib.

Zərərçəkmiş şəxs qismində S.Səmədovun sürücüsü Ramil Şirinov da ifadə verib. O, döyüldüyü və hədə-qorxu gəlindiyi üçün zərərçəkmiş kimi tanınıb. 

Müdiri Saleh Səmədov kimi eyni məzmunlu ifadə verən Ramil Şirinov telefon danışıqlarının dinlədiyinə əmin olduğunu da ifiadəsində deyib. Bu əminliyini onunla izah edib ki, MTN əməkdaşları onu saxlayarkən haradan gəldiyini, kiminlə görüşəcəyini, gün ərzində telefonda nə danışdığını bilirmişlər.

"MTN mafiyası”nın qanunsuz əməllərindən biri olan bu epizodla bağlı istintaqın gəldiyi nəticə belədir ki, Saleh Səmədovun telefon nömrələri üzrə əməliyyat-texniki tədbirlərin keçirilməsi ləğv edilmiş MTN-nin 4-cü Baş idrəsinin sabiq rəisi Sübahir Qurbanovun razılığı ilə, həmin idarənin sabiq rəis müavini Fizuli Əliyev tərəfindən təşkil edilib. 

Səmədovun olduğu yer və edəcəyi görüş barədə olan məlumatlardan istifadə etməklə, hər hansı rəsmi araşdırma olmadan MTN-ə məcburi gətirilməsi üçün istifadə edilib.



Eyni zamanda istintaq belə qənaətə gəlib ki, "Araz” MMC-nin vəzifəli şəxslərinə qarşı 2009-2015-ci illər ərzində ləğv olunmuş MTN-nin Ramin adlı və sabiq vəzifəli şəxsləri tərəfindən törədilmiş qanunsuzluqlar, hədə-qorxu ilə pul tələb edilməsi, rüşvət alınması xüsusatı üzrə cinayət əməlləri hazırda iş üzrə təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Fizuli Əliyev, Natiq Alıyev və Zaur Məmmədovla birbaşa bağlı olmadığından, həmçinin, əlavə sübutların toplanmasına zərurət olduğundan bu epizod üzrə cinayət təqibi ayrıca cinayət işinin istintaqı çərçivəsində davam etdirilməlidir. 

Məmur Saleh Səmədovdan hədə-qorxu ilə pul tələb olunması epizodu üzrə Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin 2-ci idarənin 3-cü şöbəsinin sabiq rəisi Natiq Alıyev də ifadə verib.

S.Səmədovu evindən MTN gətirib, daha sonra isə evinə yola salan N.Alıyev deyib ki, adı çəkilən şəxsin ətrafında hər hansı texniki əməliyyat tədbirinin həyata keçirilməsi barədə məlumatı olmayıb.

N.Alıyev bildirib ki, Səmədovun MTN-ə gətirilməsi tapşırığını rəisi Fizuli Əliyev verib. Saleh Səmədovun və sürücüsünün dəqiq olaraq harada olması ilə bağlı məlumatı da F.Əliyevdən adlığını deyən N.Alıyev pul alınması məsələsindən xəbərsiz olduğunu söyləyib.

Qeyd edək ki, adları çəkilən MTN əməkdaşları qulluq mövqelərindən sui-istifadə etmədə, gizli qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarını dinləmədə, çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını ələ keçirmədə, bu əməllərində odlu silahdan istifadə etmədə, vətəndaşalra qarşı zorakılıqda, sahibkarların və digər vəzifəli şəxslərin qanunsuz azadlıqdan məhrum edilməsində təqsirləndirilirlər.

İlkin Muradov

Administratorla əlaqə

077 611-55-22

[email protected]