Gündəm

Ötən gün şəhid olan əsgərimiz kirayədə yaşayıb

4-01-2017, 18:56
Ötən gün şəhid olan əsgərimiz kirayədə yaşayıbAzərbaycan ordusunun əsgəri Qurbanov Çingiz Salman oğlu ötən gün erməni təxribatının qarşısını alarkən şəhid olub. Onun meyti düşmən nəzarətindəki ərazidə qalıb.

Xeberman.com "azvision.az"a istinadən xəbər verir ki, meyitin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə rəsmi qaydada müraciət edilib.

Şəhid Çingiz Qurbanov 1994-cü ildə Qusarın Həzrə kəndində anadan olub. O, ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.

Həzrə kənd icra nümayəndəsi Vəlixan Vəlixanov bildirib ki, Çingiz Qurbanov Azərbaycan Texniki Universitetində təhsil alıb.

"Çingizin bir qardaşı var. Adı Beytulladır. Çingiz iyul ayında məzun olduqdan sonra hərbi xidmətə yollanıb. Qardaşı Beytulla da Bakıda ali təhsil alır. Valideynləri uşaqların təhsili ilə əlaqədar Bakıya köçüb, orada işləyirlər. Çingizin ailəsi paytaxtda kirayədə qalır. Onlar hərdən kəndə gəlirlər. Çingiz tərbiyəli, savadlı oğlan idi. Hamı onun xətrini istəyirdi. Böyüyə, kiçiyə hörmət qoymağı bacarırdı. Ailənin maddi durumu yaxşı deyildi. Onlar çətinliklə böyüyüblər. Çingiz cəmi 4 ay idi ki, hərbi xidmətə getmişdi. Onun ölüm xəbərini eşidib, çox pis olduq. Amma fəxr edirik ki, Çingiz vətəni uğrunda şəhid olub".

Administratorla əlaqə

077 611-55-22

[email protected]