Reportaj

Kasıblar üçün qapıları təpiklə açan “tacsız oğru”: Bakı məzarlığındakı məzarı üstündə “sxodka”? - REPORTAJ

4-01-2017, 17:33
Kasıblar üçün qapıları təpiklə açan “tacsız oğru”: Bakı məzarlığındakı məzarı üstündə “sxodka”? - REPORTAJ

Cebhe.info bir çoxlarının maraq dairəsində olan "qanuni oğru”larla bağlı layihəsini davam etdirir. Əvvəlki yazılarımızda Bakıdakı Keşlə məzarlığında kriminal avtoritetlərin məzarları barədə məumatları təqdim etmişdik. Bu dəfə isə növbədə Yaşardır. 

Söhbət kriminal aləmdə "Yaşka” kimi tanınan şəxsdən gedir. 

Məzarlığa arxa qapıdan gəldiyimiz üçün onun məzarını görməmişdik. Bəlkə də axtaran vaxt yanından da keçmişdik, amma görməmişdik. Ötən reportajlardan da bildiyiniz kimi Ağa Bakinski və ardınca "Zerkalo" Klaradan sonra qəbiristanlıq mollası daha bir "qanuni oğru"nun bu qəbiristanlıqda olduğunu demişdi. Keşlə qəbiristanlığının əsas giriş qapısının (darvazası) önünə gəldik. 

Başında qara mərmərdən yonulmuş tac olan məzarı göstərib molla sözə başladı: 

"Bu da Yaşardı, "oğru"lar ona "Yaşqa" deyirdilər. Təzəlikcə rəhmətə gedib". 

Molla söhbət etdikcə məzarın sağına-soluna keçib 4-5 şəkil çəkdim. 

-Bilirsən necədir, indi belə oğlanlar yoxdur demək olar ki, (ovucunda siqaret qutusunu sıxıb, barmağını məzara tərəf uzatdı) olanda da ölkədən qaçıb gedirlər. Çünki burda "dvijeniya" eləmək olmur. Varlılar elə qorunurlar ki, elə mühafizə olunurlar ki, orta əsrlərin şahzadələri kimidirlər. Bir bitini də oğurlaya bilmirlər. Ya da gərək silah işlədəsən onda da, ölkədə qırğın olar. Kriminala dönər ölkəmiz. Alınmır. İndi ancaq hamı kasıbdan oğurlayır. Çünki kasıb bu ölkədə heç kimdi. Gördüm söhbət məcrasından çıxdı, az daha dayansaq parlament seçkilərindən danışacağıq, tez söhbəti mətləbə gətirdim. 

- Yaşar haqqında nə bilirsiniz? 
- Yaşar qeyrətli oğul idi. Onun uzaqdan qohumunu tanıyıram. Çox "dastoynu" oğlandı. Bu aləmə də bir az meyli var. Oturub arada çay içirik. Yaşqanın söhbətlərindən edir. Deyir Yaşqa bir gün yaxın qardaşlarla Rusiyaya gedir. Orda o qədər ona hörmət edirmişlər ki, gəlib problemlərin həmyerlilərimiz Yaşqaya deyirmişlər. Gedib təpiklə açırmış dövlət obyektlərinin qapısını, bizim yoldaşların problemlərini bir qara köpüksüzhəll edirmiş. 

- Bəs niyə rəhmətliyin məzarında tac var? Ona tac qoyulmamışdı ki? 
- Bilirsən ataş, Yaşqa cavan getdi. Mən inanmıram onun öz əcəli ilə ölməyinə. Amma hamı deyir ki, öz əcəli ilə ölüb. Onu adi vətəndaşlar istəsə də, mafiyaların bəziləri istəmirdilər. Onu ya zəhərlədilər, ya da nəsə elədilər. Bizim "starşı brat"ımız Rövşən Lənkəranski haqqında bir yazı oxudum internetdən. Rəhmətlik qardaşımızın anası deyib ki, Rövşənin ən böyük arzusu öz əcəli ilə ölmək imiş. Elədir, ən böyük xoşbəxtlik öz əcəlinlə ölməkdir. Əgər Yaşqa da öz əcəli ilə ölübsə, Allah rəhmət eləsin, yox əgər kimsə ona qıyıbsa Allah onun bəlasın verəcək. Hə, onu deyirdim Yaşara ad verəcəkdilər. 12 ulduz olacaqdı amma o ərəfədə dünyasın dəyişdi, rəhmətə getdi. Qardaşlar da tacı onun məzarına qoydular. 

- Kimsə gəlirmi onun məzarına? 
- (Bakı ləhcəsi ilə) Əgüb dögül heç? Sən soruş ki, kimlər gəlmir? Belə qardaşın məzarına kimlər-kimlər gəlmir ki? 

- Kimlər gəlir? 
- Ailəsi, dostları, qohumları, qardaşları, hörmətli oğlanlar. 

- Məlumatlı adamsan, bilməmiş olmazsan. Ailəli adam necə oğru olur, ad qazanır?
- Hə, bax burda xəbərsiz olduğunu göstərdin. O vaxt, yadına gəlməz Bəxtiyar vardı, böyük qardaş idi. O həmin "zakon"u dəyişdi. Bir kəlmə demişdi ki, əsl kişi evə gedəndə ailəsinə çörək aparan kişidir. O sözlə də həmin qanunu ləğv elədi. 

- Burda xeyli kriminallar var. Yəqin ki, bilirsiniz belə yerlər əsl "sxodka" yeridir. Heç olubmu bu qəbiristanlıqda?  
- Onu daha mən görəcəkdimsə o nə "sxodka" oldu. Biz axşam evimizə eşiyimizə gedirik, bax o günü gecə sən gəlib qəbiristanlığı axtarmısan heç kimin xəbəri olmayıb. "Sxodka" olsa mənim hardan xəbərim olsun? Həm də inanmıram olsun. Çünki polislər buna imkan verməzlər. Gecə günüz polislər bütün ölkəni nəzarətdə saxlayır. Onlardan xəbərsiz ölkədə quş da uçmur. 

- Bir "kitab" da Yaşar üçün oxuyun, mən yavaş-yavaş gedim, işə gecikirəm. Xoş oldu gəldim, sizi tanıdım, söhbətləşdik. 

Sağollaşıb, təkrar başqa kriminalların bu qəbiristanlıqda olub-olmadığını soruşdum, olmadığından əmin olduqdan sonra qəbiristanlığı tərk etdim... 

Rövşən Əsədov 
Cebhe.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]