Gündəm

İlin top 10 hadisəsi - Azərbaycan təlatümlü bir ilə girir

3-01-2017, 01:04
Terrordan yan ötsə də, ölkə üçün 2016 daha gərgin keçdi, apreldə toplum "məğlubiyyət sindromu”nu sındırdı, ancaq sosial-iqtisadi durumu pisləşməkdə davam etdi; dövlət və cəmiyyətə qarşı yeni təhdidlər ortaya çıxdı... 

Bir neçə günə 2016-cı il tarixə qovuşacaq. Əfsuslar olsun ki, başa çatmaqda olan il də əsas problemimiz olan Dağlıq Qarabağ məsələsinin həllində real irəliləyiş ili olmadı. Hərçənd apreldə buna müəyyən ümidlər yaranmışdı. İstənilən halda, bu il həm Azərbaycanın daxilində, həm də onun ətrafında yaşanan bir sıra taleyüklü, ziddiyyətli, təhlükəli və qanlı olaylarla yadda qaldı. Yaşanan irili-xırdalı bu olayların hamısı Azərbaycan ictimai rəyində, ictimai-siyasi proseslərin axarında özünəməxsus izlər qoydu.

Azərbaycana terror təhlükəsi 2016-da da öz aktuallığını saxladı. "Çiçəklənmə” dönəmi yaşayan beynəlxalq terror bu il də böyük ölçüdə ölkəmizdən yan keçdi. Azərbaycan Qərb, yoxsa Rusiya strateji seçimi məsələsində ənənəvi balans kursunu davam etdirdi - hərgah, şimala daha loyal göründü. Xüsusən də qardaş Türkiyə, Pakistan və İsraillə strateji əlaqələr dərinləşdi. 2015-ci ildə həmçinin milli valyutamız olan manat ABŞ dolları qarşısında ciddi şəkildə zəiflədi, dəyər itirdi. Nəticələr bəllidir. 

Lakin dünyada və ətrafımızda yaşanan təlatümlü və kritik olaylara rəğmən, Azərbaycan öz daxili müvazinətini qoruyub saxlaya bildi. Sabitlik pozulmadı, ölkədə böyük sosial-ictimai kataklizmlər qeydə alınmadı. Bununla belə, xalqımız bu il də ağır, bəzən isə faciəvi hadisələrə tuş gəldi. Yaşanan olayların bəzilərinin siyasi-iqtisadi əks-sədası böyük ehtimalla, 2017-ci ildə eşidiləcək. 

İlin ən əhəmiyyətli hadisələri sırasında elələri oldu ki, onları hakimiyyətin, ümumən cəmiyyətin və ölkənin nəfinə yazmaq olar. Hərtərəfli analizdən sonra seçimimizi ilin "Top-10" ən mühüm hadisəsi üzərində saxladıq. Onları xronoloji ardıcıllıqla diqqətə çatdırırıq.





4 günlük aprel müharibəsi


Bu ilin aprelində işğalçı 22 illik atəşkəs dövründə ilk dəfə Azərbaycan ordusundan qəfil və ağır zərbə yedi, sanballı dərs aldı. 2000 hektarlıq strateji əhəmiyyətli ərazimiz azad edildi. Düşmən ilk dəfə anladı ki, Azərbaycan silah-sursatı vitrinə qoymaq üçün almır və sülhə gəlməzsə, Azərbaycanın öz torpaqlarını hərbi yolla azad edə bilər. Ən önəmlisi, işğalçının məğlubedilməzlik mifi dağıdıldı, Azərbaycan xalqı isə məğlubiyyət sindromunu qırdı. İqtidarlı-müxalifətli toplum 22 ildə ilk dəfə qələbə naminə yumruq kimi birləşdi.
Təəssüf ki, sülh danışıqlarında yenə sıçrayış olmadı. Çünki Ermənistanın əsas hamisi Rusiya bunu istəmədi. O üzdən hərbi balansı bərpa etmək və Ermənistanın özünü daha güvənli hiss etməsi üçün öz satellitinə yeni müasir hərbi sistemlər, "İsgəndər” operativ-taktiki raket sistemi verdi, işğalçı ölkənin hava məkanını öz nəzarətinə götürdü, onunla ortaq hərbi qruplaşma yaratdı. ABŞ isə işğalçının özünü bir qədər də güvəndə hiss eləməsi üçün ona kəşfiyyat-müşahidə avadanlıqları ötürdü.



Prezidentlərin Bakı sammiti 


Yayda Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri arasında keçirilən görüş də ilin yadda qalan olaylarından sayıla bilər. Görüşün yekunu olaraq, verilən bəyannamə, imzalanan sənədlər orta və uzun müddətli perspektivdə Azərbaycanın regional oyunçu və tranzit ölkə kimi yerini təsbit etdi, ölkəmizin region üçün, Rusiya və İran üçün önəmini nümayiş etdirdi. 

Həmçinin işğalçı ölkənin iqtisadi-nəqliyyat təcridini sürətləndirəcək mühüm gəlişmələr qeydə alındı. O üzdən erməni tərəfi Bakı sammitini çox narahatlıqla izlədi. 




Konstitusiya dəyişiklikləri üzrə referendum 


Sentyabrda keçirilən konstitusiya dəyişiklikləri üzrə referendum ölkədə və dünyada birmənalı qarşılanmadı. Daha çox hakimiyyətin öz siyasi ömrünü uzatmağa hesablanmış növbəti siyasi gedişi kimi qiymətləndirildi. Hərçənd onun praktik nəticələri hələ yoxdur. Yəqin ki, üzümüzə gələn il(lər)də ilk nəticələri görəcəyik. Məhz o zaman referendumun nəticələrinə dəqiq qiymət vermək mümkün olacaq. 




Manatın daha da dəyərdən düşməsi, güzəranın pisləşməsi


Milli valyutamız olan manat əfsus ki, bu il də ABŞ dolları qarşısında ciddi dəyər itirməkdə davam elədi. Bu isə təbii ki, özünü birbaşa əhalinin dolanışığında göstərdi. Çünki Azərbaycan hələ də idxaldan güclü şəkildə asılı olan ölkədir. Düzdür, bu asılılığı azaltmaq üçün ölkə rəhbəri bir sıra mühüm sərəncamlar, sənədlər imzaladı, "Yol xəritələri”ni təsdiqlədi. 

Ancaq hələ ki bu sahədə durum ağır olaraq qalır. Mühüm səbəblərdən biri ölkədə korrupsiya və monopoliyanın miqyasının hələ də böyük olması, ərzaq təhlükəsizliyimizi təhdid etməsi, ölkəyə sərmayə axınını əngəlləməsidir. Bütövlükdə manatla bağlı kritik proses Azərbaycanda həqiqi islahatçı komandanın iş başına gəlməsinin vacibliyini heç vaxt olmadığı qədər çılpaqlığı ilə ortaya qoydu.





Qalmaqallı məhkəmələr-bank işi, Akif Çovdarov, "Rabitə çetesi”


İl sözsüz ki, həm də hay-küylü məhkəmə prosesləri ilə yadda qaldı. Söhbət bank işi ilə bağlı gedən prosesdən, Akif Çovdarovun məhkəmə istintaqından və əlbəttə ki, "Rabitə çetesi”nin ifşasından gedir. Məhkəmə prosesləri və bu proseslərdə səslənən ifadələr, edilən müdhiş etiraflar və açıqlamalar, faktlar məmur qatının ən yüksək təbəqəsində korrupsiyanın nə dərəcədə kök saldığını qabarıq şəkildə ortaya qoydu. Ölkədə korrupsiyanın səviyyəsinin faktiki, dövlətin təhlükəsizliyini də təhdid etdiyini üzə çıxardı. 
Sual da budur ki, hələ yekunlaşmayan və növbəti ilə adlayan bu məhkəmə prosesləri digərlərinə ibrət dərsi olacaqmı, korrupsiyanın kökünün kəsilməsinə kömək edəcəkmi? Əfsus ki, siyasi müşahidəçilər bu məsələdə nikbin deyillər. Çünki hesab edirlər ki, məlum həbslər və məhkəmə prosesləri "aysberqin” yalnız görünən hissəsinə aiddir. O sırada "MNT işi” bu il də yekunlaşmadı. Onun real nəticələri və həmin nəticələrin miqyasını, ölkə 
ictimai-siyasi həyatına nələr vəd elədiyini yəqin ki, qarşıdakı ildə biləcəyik. 




Ermənilərin Bakıya gəlişi və «Sülh platforması»


İlin mühüm olaylarından biri də 22 illik atəşkəs dövründə ilk dəfə Sərkisyan rejiminin təqib elədiyi 3 erməni ictimai-siyasi xadiminin Bakıya gələrək, burada mətbuat konfransı keçirməsi, Xocalı soyqırmı abidəsini ziyarət eləməsi və Qarabağ probleminin ərazi bütövlüyümüz çərçivəsində həllini nəzərdə tutan «Sülh platforması»nı imzalamaları oldu. 
Bu, heç şübhəsiz ki, Ermənistanda hakim Qarabağ klanının təbliğat maşınına vurulan güclü zərbədir.

Platformaya qoşulan ermənilərin sayı artıq 7-yə çatıb. Yəqin ki, gələn il sıra daha sürətlə artacaq. Ən önəmlisi onların arasında Dağlıq Qarabağ ermənisi dı var, Ermənistan ermənisi və diaspor üzvləri də.




Roma papasının Bakı səfəri


Roma papasının Bakı səfəri Ermənistana edilən səfərin kompensasiyası kimi başa düşülsə də, əslində Azərbaycan üçün ən azından Qarabağ məsələsi kontekstində mühüm önəm daşıyır. Ona görə ki, katolik dünyada əsas söz sahibi olan Vatikan başçısı Azərbaycan xalqının başqa dinlərə və millətlərə qarşı nə dərəcədə tolerant olduğuna öz gözləri ilə əminlik hasil etdi. Belə bir ölkədə guya erməni azlığın diskriminasiyaya məruz qala biləcəyi haqda iddialar puç kimi göründü. 




İşıq və qazın bahalaşması və yeni bahalaşma dalğası


İl bitmək üzrə ikən Tarif Şurasının elektrik enerjisi və təbii qazın istifadəsi üçün diferensial qiymətlər müəyyən etməsi cəmiyyətdə sosial narazılığı daha da artırdı. Az sonra prezident İlham Əliyev işıq və qaz üçün kvotaları qaldırsa da, müstəqil iqtisadçi ekspertlərə görə, ərzaq və qeyri-ərzaq məhsullarında Tarif Şurasının qərarı gələn ilin əvvəllərində özünü qabarıq göstərəcək - əlbəttə ki, yeni bahalaşma dalğası şəklində. Bir çox ekspertlər hesab edir ki, qərar ən çox orta biznesin inkişafına ciddi zərbə vuracaq. 




İsrail baş nazirinin Bakı səfəri


İsrail baş naziri Benyamin Netanyahunun 18 ildən sonra, dekabrda reallaşan Bakı səfəri Azərbaycan-İsrail münasibətlərinin, xüsusən də hərbi sahədə strateji əlaqələrimizin daha yüksək səviyyəyə keçdiyinin təsdiqi oldu. Silah ticarətində dövriyyə 5 milyarda çatdı ki, bu da Rusiyanı üstələdi. 

Ümumiyyətlə, son illər ərzində Azərbaycan ordusunda rus silahlarının payı başqa ölkələrin, o sırada İsrailin, Pakistanın xeyrinə aşağı düşüb ki, bu da hərbi analitiklərə görə, yaxşı göstəricidir. Çünki Rusiyadan asılılığın azalması deməkdir. Bir sözlə, Netanyahunun Bakı səfəri Azərbaycanın dostlarını sevindirdi, düşmənlər isə həmişəki kimi, pəjmürdə və pis oldular. Eyni zamanda onlar Azərbaycanın yalqız olmadığı haqda növbəti xəbərdarlıq mesajı aldılar.




"Neft Daşları”nda növbəti böyük faciə - 10 itkin


Nə sirdirsə, bu ilin dekabrında da Xəzərdə neftçi faciəsi yaşandı. Yada salaq ki, keçən ilin dekabrında "Günəşli” neft-qaz yatağının 10 saylı platformasında baş vermiş yanğın nəticəsində 8 neftçi həlak olmuşdu, 22-si isə hələ də itkin düşmüş sayılır. Hərçənd, onların sağ qalmasına inam çoxdan itib.

Bu il isə "Neft Daşları”ndakı qəza nəticəsində 10 neftçimiz itkin düşdü. Onlardan hələ ki yalnız birinin cəsədini tapmaq mümkün olub. Azərbaycanın müasir neft-qaz sənayesi tarixində baş verən və hökumətə düşünmək üçün ciddi əsaslar verən ikinci belə bir böyük faciə onsuz da gərgin olan cəmiyyəti yenidən üzüntüyə və sarsıntıya ürcah etdi.




Əlavə edək ki, Bakıda ilk dəfə "Formula -1" yarışlarının keçirilməsi, Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycan səfəri də 2016-cı ilin mühüm hadisələri hesab oluna bilər. 

Konkret olaraq, ”Formula-1" yarışı ölkəmiz üçün növbəti önəmli idman hadisəsi olmaqla yanaşı, həm də Azərbaycanın dünyada daha da tanınmasına və onun pozitiv imicinin möhkəmlənməsinə məxsusi töhfə verdi. Həmçinin, zorən düşdüyü müharibə vəziyyətinə rəğmən, ölkəmizdə böyük idman yarışlarının keçirilməsi üçün həmişə optimal mühitin və təhlükəsizlik zəmanətinin mövcud olduğunun təsdiqinə çevrildi. 

Siyasət şöbəsi

Administratorla əlaqə

077 611-55-22

[email protected]