Siyasət

Rusiyalı ombudsmanın “Xocalı” ziyarəti - Moskva ritorikanı dəyişir

31-12-2016, 21:45

Dövlət Duması soyqırımı tanıya bilərmi? Politoloq: "Unutmayaq ki, Xocalı qətliamında Rusiyanın 366-cı motoatıcı alayı da iştirak edib” 

 


Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Tatyana Moskalkova Bakıda Xocalı qurbanlarının Xatirə abidəsini ziyarət edib. T.Moskalkova abidə önünə gül çələngi qoyub. Onu Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova müşayiət edib.

Yeri gəlmişkən, qarşıdan Xocalı soyqırımının törədilməsinin 25-ci ildönümü gəlir. Bu illər ərzində dünyanın bir neçə ölkəsi Xocalı soyqırımını rəsmən tanıdığını bəyan edib. Onlar arasında Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən ABŞ-ın 20-yədək ştatını qeyd edə bilərik ki, erməni vandalizmini lənətləyən sənəd qəbul ediblər.

Lakin Azərbaycanla Rusiya arasında normal münasibətlərin olduğu dəfələrlə vurğulansa da, hələlik Moskva Xocalı soyqırımını tanımayan dövlətlər sırasındadır. Ekspertlər hesab edirlər ki, Moskva Bakını özünün strateji müttəfiqlərindən hesab edirsə, deməli, ən azı faciəvi hadisələrə münasibəti baxımından Azərbaycana dəstəyini ifadə etməlidir. Bir məqamı da qeyd edək ki, ötən il Rusiyada "erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi müzakirə edilsə də, qəbul edilmədi.

Image result for Tatyana Moskalkova

Bəs hazırda Rusiya ombudsmanının bu cür addım atması nəyə işarədir? Politoloq Mübariz Əhmədoğlu "Yeni Müsavat”a bildirib ki, Rusiya ombudsmanının bu cür addımı bizim üçün müsbət haldır: "Son dövrlərdə Rusiya ombudsmanı ilk dəfədir ki, Azərbaycana səfərə gəlir. Bundan bir neçə il öncə uşaq ombudsmanı gəlmişdi ki, o da yalnız prezidentlə görüşüb geri qayıtdı. Tatyana Moskalkova yeni təyin olunub və istəyir ki, fəaliyyəti ilə bir ad qoysun və əvvəlki ombudsmanlardan fərqli addım atsın. Bundan öncəki ombudsmanın MDB məkanı, Ermənistan-Azərbaycan məsələsi ilə bağlı mövqeyi formalaşmışdı. 

Ona görə də bəzi proseslərə də özünün əvvəlcədən düşündüyü hazır cavabları var idi. Tatyana Moskalkova isə yenidir, aktivdir və düşünürəm o çalışacaq ki, öz sahəsində də MDB dövlətləri ilə Rusiyanın arasındakı əlaqənin inkişaf səviyyəsini qaldırsın. Onun aktivliyi bu istiqamətdədir və bizim nümayəndələr də çalışırlar ki, öz problemlərimizin həllini önə çəksinlər. Bu baxımdan mümkündür ki, ən azı Rusiya Dövlət Dumasında plenar iclaslarında Xocalı soyqırımı ilə bağlı müəyyən çıxışlar olsun, fikirlər səsləndirilsin. Lakin düşünmürəm ki, Rusiya Dövlət Duması Xocalı soyqırımını tanıyacaq. O da nəzərə alınmalıdır ki, Xocalı qətliamında Rusiyanın 366-cı motoatıcı alayı da iştirak edib. 

Bəllidir ki, bu alayın soyqırımın törədilməsində iştirakı erməni hiyləsi idi. Həmin alay eyni zamanda hərbi əməliyyatı da keçirmişdi. Gəncədə, Xanlarda, Dağlıq Qarabağın ətrafından ermənilərin uzaqlaşdırılmasında elə həmin alay çox vacib rol oynamışdı. Bu baxımdan ermənilər çalışırdılar ki, Azərbaycanla Rusiya arasında ədavəti qızışdırsınlar. Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyan da 366-dı motoatıcı alayın aparıcı şəxslərindən idi. Bütün bir izahlar bir yana, fakt odur ki, Xocalı soyqırımından Rusiyanın alayı iştirak edib. Ən azı, Rusiya Dövlət Duması hökmən bu alayın Xocalı soyqırımındakı iştirakı ilə bağlı əvvəlcədən müəyyən bir qərar qəbul etməlidir ki, daha sonra  Xocalı faciəsinə soyqırım kimi yanaşsın. Hazırda Rusiya üçün "Xocalı soyqırımı" termini yoxdur. Ən yaxşı halda "Xocalı faciəsi” termini işlədə bilərlər. Bu baxımdan fevral ayında Rusiya Dövlət Dumasında Xocalı soyqırımı ilə bağlı məruzə olsa, "Xocalı soyqırımı” ifadəsi belə işlənsə, bu, elə indiki dövrdə uğurdur və deməli bizim ombudsmanın çəkdiyi əziyyət hədər getməyib".

Image result for Mübariz Əhmədoğlu

Politoloq bildirib ki, ombudsman bu cür addım atmadan öncə mütləq ki, Moskvanı məlumatlandırıb:"Rusiya böyük dövlət olsa da orada bu cür məsələlər çox ciddi şəkildə mərkəzləşdirilib. Hansısa şəxsin özbaşına durub bəyanat verməsi mümkün deyil. Misal üçün, qatı ermənipərəst olan rusiyalı deputat Konstantin Zatulin Ermənistanda olduğu zaman ona bildirdilər ki, Rusiya nə üçün Azərbaycana silah satır, əlaqələri inkişaf etdirir. Zatulin cavab verdi ki, 2008-ci ilin avqust ayında Osetiya müharibəsi zamanı siz Rusiyaya dəstək verdinizmi? Bununla da ermənilər səslərini kəsdilər. Yəni bütün bunlar onu göstərir ki, Rusiyada mərkəzləşdirmə sistemi olduqca güclüdür. Buna görə də düşünürəm ki, Tatyana Moskalkova da özbaşına addım atması mümkün deyil. Ən azından o, ziyarətindən öncə bu barədə Rusiya səfirliyi vasitəsi ilə Xarici İşlər Nazirliyinə xəbər göndərib. Onların neytral mövqeyin əldə edib ki, bu cür addımı atıb. Bu da qeyd etdiyimiz kimi bizim üçün müsbət haldır”.

Əli RAİS

Administratorla əlaqə

077 611-55-22

[email protected]