İqtisadiyyat

Dollara bayram QADAĞASI

30-12-2016, 22:14
Dollara bayram QADAĞASI

Alqı-satqı olmayacaq

Natiq Cəfərli: "Elə qərar verilməlidir ki, turistlər əziyyət çəkməsin”

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il bayramı ilə əlaqədar 5 gün qeyri-iş günü olması istirahət üçün insanları sevindirsə də, çoxlarını bir sual maraqlandırır. Bəs qeyri-iş günlərində dollar və digər valyutaların aqibəti necə olacaq? Məlumdur ki, bayram günlərində banklar qeyri-iş günü qrafikinə uyğun fəaliyyət göstərəcəklər. Nəzərə alsaq ki, valyutadəyişmə məntəqələrinin olmaması və "qara bazar”ın fəaliyyətinə məhdudiyyətlər qoyulması həm yerli, həm də xarici vətəndaşlar üçün müəyyən problemlər yaradacaq.

Yəni, bankların işləməməsi, eləcə də otel və mehmanxanalarda, hava limanında dəyişmələrin olmaması yerli və xarici vətəndaşlar üçün texniki problemlər yaradacaq.Bu halda, sözsüz ki, istər manat, istər dollar, istərsə də digər valyutaları dəyişmək istəyənlər çətinliklə üzləşəcək.

"Normal ölkələrdə "qara bazar” yoxdur”

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət”qəzetinə açıqlamasında deyib ki, bu məsələ Mərkəzi Bankın problemidir:

"Dəfələrlə bu məsələ qaldırıldı ki, Azərbaycanda uzunmüddətli bayram günləri olduqda, iş günləri olmayanda bunun bir mexanizmi tapılmalıdır. Mərkəzi Bank və banklar bununla bağlı birgə qərar verməlidirlər.Ölkəyə gələn turistlər və yerli vətəndaşlar bununla bağlı problem yaşamasın.Problem həll olunmursa, deməli öz günahlarıdır. Demək problemin yaranmasında maraqları da var. Digər tərəfdən iş günlərində də banklar dollar satmır. Elə bir həddə çatmışıq ki, bankların məzənnələri binaların qarşısına vurulması bir formallığa çevrilib.Heç bir bank dollar satışını həyata keçirmir. Yəni istər iş günü, istərsə də istirahət günü olsun, artıq belə bir problemlə üzləşmişik”.

Ekspert qeyd edib ki, "qara bazar”da isə inzibati qaydalarla hər hansı bir tənzimlənmə aparmaq isə tamamilə absurddur:

"Bu yersiz və mümkünsüzdür. Çünki inzibati qaydalarla, hüquq-mühafizə orqanları ilə tələb və təklif arasında olan münasibətləri tənzimləmək mümkün deyil.Yəni, tələb varsa, təklif də mütləq yaranacaq. Əgər "qara bazar”ı ləğv edəcəklərsə, ora hər hansı bir yığışan insanlara qarşı təzyiqlər edəcəklərsə, müəyyən vaxt keçəndən sonra valyuta alış-verişi ilə məşğul olmaq istəyənlərin bir "vatsapp”, email, internet qrupları yaranacaq. İnternet üzərindən bu işi həyata keçirəcəklər.İndiki XXI əsrdə Azərbaycan hökuməti, Mərkəzi Bank sovetdən qalma yanaşma ilə iqtisadiyyatı idarə etmək istəyirlər və bütün fəsadlar da bundan doğur.Sovetlər dönəmində valyuta "qara bazar”ı mövcud idi.Baxmayaraq ki, valyuta dəyişməsi üçün sərt cəzalar müəyyənləşmişdi. 8 ilə qədər iş verilirdi. Yəni, insanlar zindana göndərilirdi.Hətta sovetlər belə bacarmadı və "qara bazar” fəaliyyətini davam etdirirdi.İndi də sanki həmin situasiya yaranıb. Tələb və təklif var. İnsanların valyutaya olan tələbi var. Ya satış, ya da alışla bağlı həyata keçirmək istədikləri əməliyyatlar mövcuddur. Mərkəzi Bank və hökumətin borcudur ki, bunun üçün şərait yaratsın. Bu yöndə ciddi iş aparılmırsa, Mərkəzi Bankın, hökumətin və digər bankların bu işdə bir marağı var. Yaxud da özləri heç olmasa başa düşməlidirlər ki, hər hansı bir ölkədə "qara bazar”ın olması həmin hökumətin, ölkənin Mərkəzi Bankının bir ayıbıdır. Normal iqtisadiyyatı və bank sistemi olan ölkələrdə "qara valyuta” bazarının olması mümkün deyil.Yəni, bunun üçün heç bir əsas olmamalıdır.Varsa, deməli problem sistemdədir və idarəetmədədir”.

Alçina Amilqızı
Cebhe.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]