İqtisadiyyat

“Qara bazar”ı idarə edən “qara əllər”

29-12-2016, 17:01

Ekspert deyir ki, banklardan başqa kütləvi şəkildə "qara bazar”a valyuta çıxara biləcək ikinci bir institut yoxdur

 


Ölkədə manatın Mərkəzi Bank tərəfindən elan edilən məzənnəsi artıq əhəmiyyətini itirib. Dollar elan edilən məzənnədən 10-12 faiz baha qiymətə "qara bazar”da satılmaqdadır. Ölkə bankları isə ümumiyyətlə, dollar satışını dayandırıblar. Ekspertlər bildirirlər ki, durum yuxarıdan idarə olunur, Mərkəzi Bank da "qara bazar”ı yaradaraq, idarə edir. Banklar da dolları elan edilən məzənnə ilə deyil, "qara bazar”dakı yuxarı məzənnə ilə satmaqda maraqlıdırlar. Daha çox burada payı olan isə dövlət banklarıdır. 

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, əslində "qara bazar”ın formalaşması və fəaliyyət göstərməsi ölkənin ayıbı sayılır: "Normal iqtisadi modeli, normal bank sektoru olan ölkədə ”qara bazar" formalaşa bilməz. Bu, mümkün deyil. "Qara bazar”ın formalaşdığı və bu günə qədər fəaliyyət göstərdiyi ölkələrə baxdıqda, görürük ki, bank-maliyyə sistemində problem olan ölkələrdir. Özbəkistan və Türkmənistan kimi yaxın qonşularımız, keçmiş tariximiz olan ölkələrdə "qara bazar” bu gün də fəaliyyət göstərir. Bunun əsas səbəbi bank-maliyyə sisteminin normal fəaliyyət göstərməməsi, iqtisadiyyatın normal institutlaşmasıdır. Hətta sistemləri bizə çox bənzəyən Rusiya və Qazaxıstanda belə "qara bazar” formalaşmadı. Hökumət və Mərkəzi Bank buna imkan vermədi. Valyutaya çıxış imkanlarını məhdudlaşdırmadı. 

Image result for Ekspert Natiq Cəfərli

Bu tələb və təklif hər yerdə keçərlidir, keçmiş Sovet İttifaqında belə bu qaydalar işləyirdi. Orada cəzalar sərt olmasına baxmayaraq, "qara bazar” var idi. İndi də tələb və təklif qaydalarına uyğun olaraq, Azərbaycanda "qara bazar”ın formalaşmasını müşahidə edirik. Dollara tələbat var, banklar dollar satmırsa və dollara çıxış imkanları məhduddursa təbii ki, "qara bazar” formalaşmalı idi. Heç bir inzibati qaydada tənzimləmə, hüquqi-mühafizə orqanları vasitəsilə tənzimləmə "qara bazar”ın qarşısını ala bilməyəcək. Necə ki, biz bunu bu gün də görürük. "Qara bazar”a dolların çıxış imkanlarına baxmaq lazımdır. Azərbaycanda "qara bazar”a dollar haradan çıxırsa, deməli, həmin çevrələrdən də bu bazarın olmasına bir maraq var. Təbii ki, banklardan başqa kütləvi şəkildə "qara bazar”a valyuta çıxara biləcək ikinci bir institut yoxdur. 

Fərdi şəxslər "qara bazar”a kiçik həcmdə valyuta çıxara bilər. Söhbət bir neçə min dollardan  gedə bilər. Böyük məbləğdə valyuta almaq istəyənlər varsa, təbii ki, bu, tələbatı ödəyəcək ünvan banklar ola bilər. Banklardan da ən çox hansının valyutaya çıxış imkanları varsa, deməli, "qara bazar”a da həmin banklar təsir göstərir. Bu da Azərbaycanda dövlət banklarıdır, yəni bunların valyutaya çıxış imkanları daha çoxdur. Hüquq-mühafizə orqanlarının apardığı son bəzi işlər də buna işarə verir. Təbii ki, Mərkəzi Bank əgər valyuta satışına 4 faizlik bir sərhəd qoyubsa, bu sərhədi aşmağın yeganə yolu "qara bazar”dır. Dollar alıcısı varsa, tələbat yaranıbsa, banklar Mərkəzi Bankın 1,76 məzənnəsinin üzərinə 4 faiz qoyub satmaq istəmirlər. "Qara bazar”a valyuta çıxarmaq daha sərfəlidir. Buna görə də indiki "qara bazar”ın qaydaları formalaşıb. İnzibati qaydaya, hüquq-mühafizə orqanlarının köməyi ilə bu "qara bazar”la mübarizə etməyi düşünürlər. Hətta gülünc bir durum yaranıb. 200-300 dollar alıb-satan insanlara qarşı əməliyyat keçirirlər. Bu da tamamilə yersiz və gülünc bir hərəkətdir".

Qeyd edək ki, ekspertlər baş verənlərdən Mərkəzi Bankın və həmçinin Maliyyə Nazirliyinin xəbərdar olduğunu bildirirlər. Ortada ciddi iddialar var və nəticə isə odur ki, dollar "qara bazar” vasitəsilə daha da bahalaşdırılır. Ekspertlərin fikrincə, "qara bazar”ın formalaşması hər bir ölkə üçün ciddi problemdir və maliyyə-bank sistemində yaşanan xroniki problemlərin üzə çıxmasıdır. "Qara bazar”a külli miqdarda valyutanın daxil olması isə sadə vətəndaşların işi deyil. Ekspertlərin fikrincə, bu mexanizmlərin yaranmasının səbəbləri araşdırılmalıdır. 

Röya RƏFİYEVA

Administratorla əlaqə

077 611-55-22

[email protected]