İqtisadiyyat

Gələn il manata ən çox təzyiq edəcək iqtisadi amil - ekspert açıqladı

26-12-2016, 13:24

"Manatı heç də asan il gözləmir”

 


Ötən ilin dekabr ayından bəri, manat 118 faiz dəyər itirib. Ekspertlər bildirirlər ki, 2017-ci ildə də manatın məzənnəsi heç də ürəkaçan olmayacaq. Buna həm daxildə, həm də xaricdə baş verən iqtisadi proseslərin təsir edəcəyi söylənilir. Belə ki, 2017-ci ildə strateji yol xəritəsi planına əsasən manat liberal məzənnəyə keçəcək. Bu da manatın ucuzlaşmasını təsir edəcək.


Bəs 2017-ci ildə manata ən çox təsir edən iqtisadi amil nə olacaq? Məsələ ilə bağlı "Yeni Müsavat”a danışan iqtisadi ekspert Natiq Cəfərli bildirib ki, manata əsas neftin təsiri var: "Əsas təsir neftin qiymətinin düşməsi ilə əlaqədar ölkənin valyuta qazanclarının azalmasıdır. İndiki iqtisadi model ixracatda neftin və neft məhsullarının, enerji daşıyıcılarının üstünlüyünü təşkil edir. Buna görə də qiymətlər indiki səviyyədə qalsa belə, valyuta daxilolmaları azalacaq. Gəlirlərin azalması isə təbii ki, manata ən böyük təsir göstərən amildir. İkinci böyük amil ondan ibarətdir ki, Azərbaycandakı iqtisadi modeldə, valyuta bazarında oyunçu yoxdur. Mərkəzi Bank son 7-8 ayda ümumiyyətlə, hərraclarda iştirak etmir. Özünün valyuta ehtiyatlarını qorumağa çalışır. Bəllidir ki, Mərkəzi Bankın cəmi 4 milyard valyuta ehtiyatı qalıb ki, bunu da qorumalıdır. Çünki bu ehtiyatlar beynəlxalq kredit danışıqlarında girov rolunu oynayır. Yəni bazarda bircə oyunçu var ki, o da Neft Fondudur. Neft Fondunun isə gələn il valyuta birjasına çıxaracağı məbləğ də aşağı-yuxarı demək olar ki, bəllidir. Çünki Neft Fondunun büdcə qarşısındakı öhdəlikləri 6,1 milyard dollardır. Digər öhdəlikləri isə 875 milyondur. Bunları da hesablasaq, Neft Fondu hərraclara təqribən 4 milyard dollara yaxın vəsait çıxara biləcək. Bu da çox aşağı bir rəqəmdir. Çünki ölkənin ehtiyacları təqribən12 milyard dollardır. Əgər digər mənbələr tapılmasa, onlar vasitəsi ilə valyuta daxilolmaları artmasa, təbii ki, bu manata ən böyük basqı olacaq”.

Image result for Natiq Cəfərli

Ekspert gələn il manata təsir edəcək xarici amillərə də diqqət çəkib: "Manata təsir edəcək amillərdən biri də dünyanın maliyyə bazarlarında gedən proseslərdir. Federal Ehtiyat Sistemi (FES) ən azı 2 dəfə, hər şey qaydasında olarsa isə 3 dəfə uçot dərəcəsini artıracaq. 3 dəfə artım baş verərsə, bu da dünyada dolların bahalaşmasına səbəb olacaq ki, nəticədə Azərbaycan manatına da təsirlər olacaq. Çünki ən azından ticarət tərəfdaşı olduğumuz ölkələrin valyutaları kəskin ucuzlaşacaq. Bu isə Azərbaycana mütləq şəkildə təsir edəcək. Yəni həm xarici, həm də daxili amillər onu deməyə əsas verir ki, gələn il manatı heç də asan il gözləmir. Hər şey Mərkəzi Bankın və hökumətin verəcəyi qərardan asılı olacaq. Ya indiki kimi yumşaq və gündəlik məzənnə dəyişiklikləri ilə manatın ucuzlaşmasını davam etdirəcəklər, ya da bu sürəti artırmaq yolu ilə məzənnənin daha tez ucuzlaşmasına və müəyyən bir həddə stabilləşməsinə çalışacaqlar. İlkin görüntü ondan ibarətdir ki, yumşaq devalvasiya yolu tutulub. Çox güman ki, gələn ilin əvvəlində də bu yolla ucuzlaşma davam edəcək. Gələn ilin bu vaxtına qədər manatın konkret olaraq neçə faiz ucuzlaşacağını indi söyləmək çox çətindir. Çünki yuxarıda qeyd etdiyimiz kimi məsələyə bir sıra amillərin təsiri var. Əgər neftin qiymətində kəskin ucuzlaşma olarsa, təbii ki, manat daha çox dəyərdən düşəcək və bunun sürəti də artacaq. Neftin qiyməti indiki səviyyədə qalarsa, gələn il də manatın 20-25 faiz dəyərdən düşməsini müşahidə edəcəyik. Neftin qiyməti düşərsə, FES də daha kəskin faiz artımına getsə, manatın dəyərdən düşməsi də böyük rəqəmlərlə ifadə oluna bilər”.

N. Cəfərli FES-in son qərarından sonra manatın kəskin ucuzlaşmamasının səbəbini də deyib: "Ötən ilin dekabr ayında 48 faizlik devalvasiya olduğu zaman bir çox gözləntiləri bu rəqəmə daxil etmişdilər. Yəni o zaman məzənnəni misal üçün, bir dolları 1.30 AZN civarında da saxlaya bilərdilər. Belə olsaydı, bu il manatın daha sürətlə dəyərdən düşəməsi görüntüsü yaranardı. Ona görə də bir gecədə 48 faiz devalvasiyaya gedildi. Bir günə 48 faiz ucuzlaşma, dünya iqtisadiyyatında nadir görünən hadisələrdən biridir. Düşünürəm ki, həmin vaxt bilərəkdən bu addım atıldı. Nəticədə 2016-cı ildə devalvasiyanın hədlərini daha yumşaq formada həyata keçirdilər. Ona görə də Azərbaycanda bu il gözləntilərin əksi olaraq, manatın dəyərdən düşməsi kəskin olmadı. İndi artıq o həddə çatmışıq ki, məzənnə ilə bərabər valyutaya çıxış imkanlarının özü də aktuallıq qazanıb.

İnsanları hal-hazırda məzənnədən daha çox valyutaya çıxış imkanlarının məhdudlaşdırılması narahat edir. Bu isə daha böyük fəsadlara gətirib səbəb olar. Belə ki, gələcəkdə Azərbaycanda idxaldan asılı olduğumuz məhsulların qıtlığı yarana bilər. Bu hal da heç də məzənnənin hansı səviyyədə olmasından heç də az problem deyil. Hökumətin əsas görməli və tez həll etməli olduğu vəzifə normal valyuta bazarının yenidən fəaliyyət göstərməsinə şərait yaratmaqdır. Bu olmasa, gələn ilin əvvəllərində daha ciddi fəsadlarla üzləşə bilərik”.

Əli RAİS

Administratorla əlaqə

077 611-55-22

[email protected]