Gündəm

İlham Əliyev fərman imzaladı

26-12-2016, 13:18
İlham Əliyev fərman imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklərə əsasən, Əsasnamənin 2-ci bəndi aşağıdakı redaksiyada verilir:

"2. Dövlət Xidməti fitosanitar nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.”.

8.1-ci, 8.3-cü, 8.4-cü və 8.6-cı yarımbəndlər aşağıdakı redaksiyada verilir:

"8.1. bitki və bitkiçilik məhsulları saxlanılan anbarlarda, bazarlarda, həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində, torpaqlarda, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində fitosanitar vəziyyəti araşdırmaq, müayinələr, müşahidələr aparmaq, profilaktik və bitki mühafizəsi tədbirləri həyata keçirmək;”;

"8.3. müvafiq qaydada fitosanitar nəzarətinin həyata keçirilməsi ilə bağlı ekspertiza, tədqiqat və qiymətləndirmə işlərinin aparılmasını, fitosanitar nəzarətində olan karantin obyektlərinə və karantin nəzarətində olan materiallara baxış keçirilməsini, nümunələr götürülərək onların yoxlanılmasını həyata keçirmək;

8.4. fitosanitar nəzarətində olan karantin obyektlərində və karantin nəzarətində olan materiallarda zərərli orqanizmləri vaxtında aşkar edərək onları təcrid etmək, məhsulun tədqiqi nəticəsində təhlükəliliyi sübut edilmiş bitki və bitkiçilik məhsullarını müvafiq qaydada götürmək, saxlamaq, zərərsizləşdirmək, təkrar emal etmək və ya məhv etmək üçün müvafiq tədbirlər görmək;”;

"8.6. bitki və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr vermək;”.

Əsasnaməyə aşağıdakı məzmunda 8.7-ci yarımbənd əlavə edilir:

"8.7. fitosanitar xidmətinə dair təlimatın, qaydaların, uçot, hesabat, akt və protokol formalarının, icazə xarakterli sənədlərin və digər normativ sənədlərin qanunvericilikdə nəzərdə tutulan qaydada və müvafiq beynəlxalq təşkilatların tələblərinə uyğun hazırlanmasını və nəşr edilməsini təmin etmək.”.

Həmçinin 10.1-ci, 10.3-cü, 10.4-cü, 10.5-ci, 10.6-cı və 10.8-ci yarımbəndlər aşağıdakı redaksiyada verilir:

"10.1. fitosanitar nəzarəti sahəsində dövlət nəzarətini həyata keçirmək;”;

"10.3. sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda və digər istehsalat binalarında, satış yerlərində bitki mühafizə vasitələrinin, dərmanlanmış toxum və əkin materiallarının saxlanılmasını və satışını qadağan etmək;

10.4. bitki mühafizəsi tədbirləri mövcud təlimat, texnologiya və reqlamentlərin pozulması ilə aparıldığı hallarda, bu tədbirləri həmin nöqsanlar aradan qaldırılana qədər dayandırmaq;

10.5. bitkilərin zərərli orqanizmlərlə sirayətlənmək təhlükəsi müəyyən edildikdə, bu təhlükəni yaradan subyektlər barədə tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etmək;

10.6. torpaq istifadəçiləri tərəfindən aqrotexniki, kimyəvi, bioloji və digər tədbirlərin aparılmasına, bitki mühafizəsi vasitələrinin istifadəsi reqlamentinə riayət olunmasına nəzarəti həyata keçirmək;”;

"10.8. fitosanitar nəzarəti sahəsində qanunvericiliyin pozulmasına görə hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb olunması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək;”.

Aşağıdakı məzmunda 10.1-1-ci, 10.1-2-ci, 10.3-1-ci, 10.3-2-ci və 10.8-1-ci yarımbəndlər əlavə edilir:

"10.1-1. müvafiq qaydada (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) bitki və bitkiçilik məhsullarının istehsalı, emalı, tədarükü, saxlanılması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə, habelə dəniz və hava limanlarına, dəmir yolu stansiyalarına, poçtamtlara, elevatorlara, anbarlara, gəmilərə, mülki təyyarələrə, qatarlara və digər nəqliyyat vasitələrinə, bazarlara, elmi tədqiqat və sort-sınaq sahələrinə daxil olmaq, habelə fitosanitar müayinələrin keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə müraciət etmək, obyektin fitosanitar vəziyyəti və karantin nəzarətində olan materiallar barədə məlumat almaq və həmin materialların sənədləri ilə tanış olmaq;

10.1-2. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasının Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçotunu aparmaq;”;

"10.3-1. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin satışı və istifadəsi ilə məşğul olan hüquqi və fiziki şəxslərdən təhlükəsizlik qaydalarına riayət edilməsini, ətraf mühitin çirklənməsinə yol verilməməsini və çirklənmənin ləğv edilməsini tələb etmək, istifadəyə yararsız və yüksək toksiki xassəyə malik preparatlardan istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydada qadağan edilməsi və dövriyyədən çıxarılıb məhv olunması haqqında qərar qəbul etmək;

10.3-2. karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə daxilində bir ərazidən digər əraziyə yayılmasının qarşısını almaq, həmin ərazidə fitosanitar tədbirləri həyata keçirmək üçün karantin postlarının qoyulması, onların sayı və yerləşməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təkliflər vermək;”;

"10.8-1. ölkə ərazisinin fitosanitar vəziyyəti barədə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə hesabat vermək;”.
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]