Gündəm

Azərbaycandakı böhran getdikcə dərinləşir...

25-12-2016, 00:25
Azərbaycandakı iqtisadi durumun adı nədir? İqtisadçı ekspert: "Artıq böhran passiv fazadan dağıdıcı fazaya keçib...”

Xeberman.com   bildirir ki, manat günbəgün dollara nisbətdə dəyərini itirməkdə davam edir. Bu prosesin fonunda mağazalarda ərzaqların, kommunal xidmətlərin də qiyməti bahalaşır. Ekspertlər hesab edirlər ki, bu proses hələ bir müddət də davam edəcək. 

Belə olduğu halda bir sual ortaya çıxır: ölkədəki durum iqtisadi terminlərin hansına uyğun gəlir, biz böhranın astanasındayır, yoxsa artıq böhran ölkəni haqlayıb? İqtisadçı ekspert Qadir İbrahimli "Yeni Müsavat”a bildirib ki, 2014-cü ildən başlanan böhran getdikcə dərinləşir: "Böhran neftin dünya bazarında qiyməti kəskin ucuzlaşdıqdan sonra başlayıb. Sadəcə olaraq, hazırda böhran passiv fazadan dağıdıcı fazaya keçib. Son iki ildə baş verən proseslər, manatın dollara nisbətdə ucuzlaşması, iş yerlərinin qapadılması, kütləvi ixtisarlar, dövlət sifarişlərinin kəsilməsi və digər bu kimi hallar böhranın passiv fazasında olan problemlər idi. Aktiv fazada kəskin bahalaşma, iş yerlərinin bir daha qapadılması, yeni ixtisar dalğalarının başladılması və digər bu kimi hallar müşahidə olunacaq. 2017- böhranın ən kritik ili olacaq. 2017-ci ildə Azərbaycanı bir çox iqtisadi və sosial sarsıntılar gözləyir. Yəni alıcılıq qabiliyyətinin kəskin azalması, qiymətlərin bahalaşması, həmçinin yüksək kommunal ödənişlər ölkədə yoxsulluq səviyyəsini artıracaq. Bu da Azərbaycana yaxın iqtisadi perspektivdə müsbət heç nə vəd etmir”.

Ekspert bildirib ki, "dünyanı iqtisadi böhran bürüyüb” demək əslində doğru deyil: "Əslində dünya bazarında böhran baş verməyib. Bunu söyləmək bir qədər yanlışdır. Neft ölkələrinin iqtisadiyyatında böhran baş verir. Azərbaycan da bir neft ölkəsi olaraq bu böhranı hiss etməkdədir. Bu, bizim iqtisadiyyatımıza təsir edən xarici amildir. İkinci amili isə ölkə iqtisadiyyatının özündə axtarmaq lazımdır. Yəni kifayət qədər administrativ resurslarla idarə olunan iqtisadiyyat idi. Bütün bunlar isə böhran şəraitində böhranın bir qədər də dərinləşməsinə səbəb olur. Buna görə də yaxşı olardı ki, ölkədə iqtisadi islahatlar keçirilsin. Bu, böhranın mənfi təsirlərini yüngülləşdirmək üçün ən vacib şərtlərdən biridir. Lakin təəssüf ki, hələ bu tendensiya müşahidə olunmur”.

İqtisadçı-ekspert hesab edir ki, manatın tam üzən məzənnəyə keçməsi məsələsində qeyri-müəyyənlik var: "Çünki artıq MDB ölkələrində devalvasiya ilə bağlı qərarlar verilib. Yəni müəyyən qədər yerli valyutalar ucuzlaşıb. Ancaq bu ucuzlaşma heç bir halda 40 faizi ötməyib. Azərbaycanda isə artıq 120 faizi də keçib. Hesab edirəm ki, ölkənin maliyyə sektorunda ciddi islahatlara ehtiyac var. Ola bilməz ki, bu qədər böyük büdcəsi olan ölkədə yerli valyuta belə kəskin ucuzlaşsın və hökumət də bunun qarşısında aciz qalsın. Burada hansısa maliyyə qruplarının siyasəti var. Bu siyasətlərin qarşısı alınmasa, maliyyə bazarlarına kəskin müdaxilə edilməsə, manat ucuzlaşmaqda davam edəcək. Tam üzən məzənnə də, hesab edirəm ki, indiki situasiyaya adekvat bir rejim deyil. Bu, əhalinin alıcılıq qabiliyyətinin daha da kəskinləşməsi və məhsulların bahalaşmasına səbəb olacaq. Bu da ölkə iqtisadiyyatı üçün mənfi nəticələrə gətirəcək. Məsələ təkcə əhalinin yoxsullaşmasında deyil, burada daha vacib olan bir məqam ölkənin biznes strukturlarının tədricən sıradan çıxmasındadır - hansı tendensiya ki, müşahidə edilir. Bu tendensiya davam edəcəksə, Azərbaycanda məşğulluq problemi, ümumiyyətlə, sosial məsələlərin həlli uzun müddət həll edilməmiş qalacaq”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]