Reportaj

Məşhurların savadsızlığı: “İki sözü düz yaza bilmir, amma...”

24-12-2016, 16:58
Sənət adamları daim geyimləri, xarici görünüşləri, mahnıları ilə bir-birindən fərqlənməyə çalışır. Onlar tez-tez dilə gətirirlər ki, göz önündə olan şəxs olaraq həmişə baxımlı olmalıdırlar. Çünki onlara milyonlar tamaşa edir. 

Texnologiyanın inkişaf etdiyi bir dövrdə sosial şəbəkələr həyatımızın əsas hissəsinə çevrilib. Sadə vətəndaşlar kimi sənətçilər də şəbəkələrdə aktivdir. Onlar yeni işlərini bölüşür, getdikləri məkanlar, tədbirlər barədə məlumat yayır, hətta müəyyən məhsulları reklam edərək pul qazanırlar. Təbii ki, şəbəkələrdə qalmaqal edən, bir-birinə atmaca atan müğənnilər də az deyil. Onların bu paylaşımlarında ən diqqət çəkən məqamlardan biri yazdıqları statuslarda yol verdikləri səhvlərdir. Bu statuslardan bəlli olur ki, milyonların izlədiyi və sevdiyi sözügedən ictimai şəxslər adi, gündəlik istifadə olunan sözlərin düzgün yazılışını bilməyəcək qədər savadsızdırlar. Bəs xarici görünüşünə  bu qədər diqqət edən sənət adamları niyə savad baxımından da örnək olmağa çalışmırlar?

Musavat.com məsələ ilə bağlı həm sənətçilərin, həm də media nümayəndələrinin fikirlərini öyrənib. Daim intellekti ilə nümunə olan xalq artisti Faiq Ağayev müğənnilərin savadsızlığına belə münasibət bildirdi: "Mən universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Mənim savadsız yazmağa ixtiyarım yoxdur. İnsan nə qədər çox oxusa, məlumatlansa, özünə xeyirdir. Bütün bunlar həm özü, həm də  ətrafı üçün faydalıdır. Biz sənət adamları ictimai fiquruqsa, yazımıza daha çox diqqət etməli, səhvlər buraxmamalıyıq. Bizi sosial şəbəkədə milyonlarla insan izləyir. Geyim, saç tərzində  örnək olduğumuz kimi savad baxımından da  nümunə olmalıyıq”. 

İki universitet məzunu olan müğənni Elnarə Xəlilova həmkarlarına bir növ haqq qazandırdı: "Heç kimin adından danışa bilmərəm, mən özümə cavabdehəm. İki universitet bitirmişəm, qırmızı diplom almışam. Mənim  qrammatik səhvlər etməyə haqqım yoxdur. Sosial şəbəkədə Azərbaycan, rus, ingilis dilində statuslar yazıram. Hamısına diqqətlə yanaşıram, yazımda 1 vergül səhvi də olmamalıdır. Digər tanınmışların dil bilgisi nə qədərdir bilmirəm, qiymətləndirmək də istəmirəm. Bəzən hissə qapılıb status yazırsan, həyəcandan səhv etmək mümkündür. Həmin vəziyyətdə cümləni düzgün qurmamaq, fikri yanlış çatdırmaq da ola bilər. Hər şey insanın emosional  vəziyyətində baxır. kiminsə səhv etməsinə də normal yanaşıram. Ona görə məşhurları tənqid etmək, savadsızlar kateqoriyasına daxil etmək olmaz”. 

Media nümayəndələri də məsələyə münasibət bildirdi. Axşam.az saytının əməkdaşı Pərviz Sadıqov deyir ki, müğənnilərin ümumi savadlarının aşağı olması heç kimə sirr deyil: "Cəmi bir neçə müğənni var ki, onların yazdıqlarını birinci dəfədən başa düşmək olur. Digərlərinin yazdıqlarında hərf səhvləri bir yana, məntiq və cümlə quruluşu çox bərbad olur. Fikirlərini ifadə edə bilmirlər, buna görə də anlaşılmazlıqlar olur. Türkiyə müğənniləri bu barədə çox yaxşıdırlar. Hətta ruslardan və bəzi Hollivud ulduzlarından da yaxşı mənada fərqlənirlər. Azərbaycanda məktəbi yaxşı oxumayanlar ya gedib müğənni olurlar, ya da ümumiyyətlə incəsənətin hansısa sahəsi ilə məşğuldurlar. Ona görə ortaya belə görüntü çıxır. Qocaman xalq artistlərinin, yaşlı aktyorların da sosial şəbəkədə paylaşımlarına diqqət edəndə görürük ki, onlar da yaza bilmirlər. Deməli, bu problem yeni deyil. Müğənnilər nə isə yazıb paylaşanda yaxşı olar ki, ətrafındakılarla, menecerləri, komandaları ilə məsləhətləşsinlər.
Təbii ki, o komanda da savadsızlardan ibarət deyilsə..."

"Muz TV”-nin əməkdaşı Rəvan Rəd isə qeyd edir ki, şou-biznesdə savadlı danışan və savadlı yazan çox az sayda məşhuru nümunə göstərmək olar: 

"Məsələ sırf orfoqrafik səhvlərdən getmir, bəziləri ümumiyyətlə qrammatik qaydalara əməl etmirlər. Cümləni bəzən elə qururlar ki, bunu bir özləri, bir də onlar haqda xəbər hazırlamaq üçün dəfələrlə səslərinə qulaq asan jurnalistlər anlaya bilir. Qaldı savad məsələsinə, dəfələrlə olub ki, hər hansı bir elmi mövzuda verilən sualdan qaçıblar, yaxud sualı lağ-lağaya salıb mövzunu dəyişiblər. Bu da onların elmi səviyyəsinin dayaz olduğunun bariz nümunəsidir. Savadsız və 100 minlərlə izləyicisi olan bir məşhurun cəmiyyətə, şou-biznesə ümumiyyətlə mədəniyyət sahəsinə hansı töhfələri ola bilər? İki sözü düz yaza bilmirlər, amma danışanda mənəm-mənəm deyirlər. Ona görə həm Azərbaycan dilində səlis danışmaq, həm yazı qaydalarına əməl etmək, həm də savadlı olmaq üçün onlardan cəmi bir neçə saatlarını ayırıb kitab oxumaları tələb olunur. Faiq Ağayev kimi”.

Könül İbrahim,

Administratorla əlaqə

077 611-55-22

[email protected]